“Ziyalılar söz deyən kimi həyatları qaralır” – TURAL ABBASLI

42

SSR dövründən bu günə qədər hakimiyyətdə olan qüvvələr ziyalıların susması üçün daim iş aparıblar. Ziyalıların susdurulması daha çox Azərbaycanda müşahidə olunub. Azərbaycan ziyalısının ən çox eksperimentə məruz qaldığı dövr onların ovuna çıxıldığı bəlli dövrdən başlayır. Onlara yüksək maaş, vəzifələr verilib, ayrı-ayrı adlarla təltif ediliblər, ucuz qazanclar əldə etmələri üçün şərait yaradılıb və hakimiyyət onların ən kiçik nailiyyətlərini şişirdib ki, özlərinə tərifə meylləndirə bilsin. Son olan hadisələr bir daha sübut etdi ki, Azərbaycan ziyalısı ölkədə baş verən neqativ hadisələr susuqunluq nümayiş etdirir. Ziyalı adını daşıyan böyük kəsim onlardan fərqli düşünən ziyalı həmkarlarını qorumalı, onları məhv etmək istəyənlərə ziyalı təəssübkeşliyi ilə təpki göstərməlidir. Təəssüf ki, əkisini müşahidə edirik…

Görəsən, Azərbaycan ziyalısı ölkədə baş verən neqativ hallara qarşı niyə daim susqunluq nümayiş etdirir?

Mövzuyla bağlı Ağ Partiyanın sədri Tural Abbaslıyla danışdıq. Partiya sədri Hurriyyet.org-a, ziyalıların danışması və ədalətli mövqe sərgiləməsinin iqtidarın da maraqlarına uyğun ola biləcəyini deyib:

“Əslində, bu cür məsələlərdə ziyalıların günahını görmürəm. Ziyalılar nə vaxt danışırlarsa başlarına oyun açırlar. Xatırayırsınızsa, sonuncu dəfə Rasim Balayevin və Rafiq Əliyevin siyasi bəyanatlarına görə onları az qala linç etmişdilər. Hətta, Rafiq Əliyevi işlədiyi ali təhsil müəssisəsindən xaric etmişdilər. Yəni ki, insanlar qorxub, çəkinirlər. Ziyalı mövqeyini ortaya qoymaqdan qorxurlar. Bu da təbbiidir…Təəssüflə qeyd edək ki, bu günə qədər dövlət təsir mexanizmi əleyhinə çıxan hamını əzib. Bu baxımdan, ziyalıları da qınamaq olmaz. Biri universitetdə müəllim işləyir, biri rektor və ya prorektordur…Söz deyən kimi də həyatları qaralır. İşdən qovulurlar, fəxri adlarını əllərindən alırlar, şəraitlərini ağırlaşdırırlar və s. Ona görə də ziyalılar  nisbətən çəkingən mövqedədirlər. Bəzi ziyalılarımız var ki, neqativ hallara qarşı münasibət bildirirlər. Amma, hamıdan da qəhrəmanlıq gözləmək doğru deyil. İqtidar başa düşməlidir ki, ziyalıların danışması və ədalətli mövqe sərgiləməsi iqtidarın da maraqlarına uyğundur. Çünki, ziyalılar bitərəf və obyektiv mövqeydən çıxış etsələr, bu nə vaxtsa iqtidarın da faydasına olacaq. İqtidarın da əleyhinə hansısa yanlış məlumatlar olarsa, ziyalı mövqeyi bunun qarşısında duracaq. İqtidarsa deyir ki, ziyalı ya  mənim yanımda olmalıdır, ya da susmalıdır. Bu baxımdan çoxları susur. Bu susqunluq da cəmiyyətdə anormallığın artmasına, obyektiv mövqeyin yoxa çıxmasına xidmət edir. Hansı ki, bu da yanlışdır. Güman edək ki, iqtidar artıq yeni elan etdiyi siyasi konfuqrasiya və dioloq mühitində bu məsələyə də diqqət ayırar. Nəticədə susan ziyalı yox, obyektiv, hər şeyə münasibət bildirən və ziyalı mövqeyi sərgiləyən bir ziyalı obrazı yaradılacaq”.

QEYD: Mövzunu daha ətraflı qəzetimizin növbəti buraxılışında oxuya bilərsiniz.

YƏHYA