ZİYALI SUSARSA… – Eldəniz Quliyev yazır

138

«Ziyalı insan işıqdan daha çox, işığın fəaliyyəti deməkdir”

 

SABAH

Bütün insanlar qatildirlər – vaxt qatili!

Hamımız VAXTı öldürə-öldürə, istər-istəməz böyük günah etmiş oluruq. Amma bu günahdan qurtulub bağışlanmaq haqda, demək olar ki, heç düşünmürük də…

Əgər, “Sabahımız dünənimizi inkar etməyəndə yaranır” fikri ilə razılaşsaq, onda yəqin ki, bizlər, ara-sıra da olsa dönüb öz keçmişimizə baxmalıyıq. Baxmalıyıq ki, buraxdığımız səhvlərdən nəticə çıxaraq, ibrət götürək; bir daha yanılıb-peşman olmayaq, ən əsası, tövbə qapıları üzümüzə bağlanmasın. Balıq suda yaşadığını bilmədiyi kimi, biz də BU GÜNü bütünlüklə dərk edə bilmirik. SABAH isə, əlbəttə ki, nə baş verəcəyindən xəbərsizik. Deməli, nə qədər təzadlı səslənsə də, dünyanın zaman adlı axarında ən real və maddi olan elə DÜNƏNdir.

Doğrudan da, tarix nə vaxtsa yazılacaq bir romana, roman isə haçansa vaqe olacaq bir tarixə bənzəyir. Beləliklə…

DÜNƏN

Bəzilərimiz ürək ağrısıyla, “… bu müstəqillik nəmənədirsə, bizlərə düşmədi. Əslində, buna əvvəlcədən heç əsaslı hazırlığımız-filanımız da yox idi”, dedik və bəlkə elə bu səbəbdən də, “biz hələ təzə başlayırıq”, “öyrənirik”, “zamana ehtiyacı var”, “tələsən təndirə düşər” və s. bu kimi bəhanələr gətirib də durduq.

Bacarıqsız və boşboğaz siyasətçilər  isə fürsəti fövtə verməyib, meydanı zəbt etdilər.

Qanunvericilik, sosial-iqtisadi inkişaf planları, ölkənin prioritet tərəfdaşlıq istiqamətləri, milli-mənəvi və əxlaqi dəyərlər sisteminin yaradılması və neçə-neçə əhəmiyyətli problemlərin həlli səriştəsiz dil pəhləvanlarına tapşırıldı. Yüksək hazırlıqlı professional ordu qurmaq əvəzinə, ölkənin ərazi təhlükəsizliyi təcrübəsiz silahlı dəstələrə (bəzənsə müharibədən öz şəxsi maraqları üçün istifadə edən “kosmopolit” fırıldaqçılara) etibar edildi. Dünya standartlarına cavab verən milli təhsil və səhiyyə sistemi yaratmaq səlahiyyəti maarif, tibb haqqında nağıllar danışan və elə həmin nağılların mənfi personajlarına bənzəyən bivec adamlara həvalə olundu.

Göydən “üç alma” təki qəfil düşən müstəqillik havasından çaşıb-qalmış cəmiyyətimiz isə, hadisələrin aktiv iştirakçısı olmaq əvəzinə, onun  laqeyd tamaşaçısına çevrildi.

Bəli, ildırım sürətilə baş verən proseslərin nəticəsi olaraq, mütərəqqi dünya birliyinə qovuşacaq demokratik bir dövlət yaranacağını, ərazisini göz bəbəyi kimi qoruyacaq ordu, nəhayət, əhalinin qarnını doydura biləcək hökumət qurulacağını gözləyən XALQ mat-məəttəl, gözünü döyə-döyə qaldı.

Bu, çox vacib və vacib olduğu qədər də əcaib bir məqam idi; o mənada ki, belə tarixi zaman kəsiyində, yəni siyasi formasiyaların dəyişdiyi bir vaxtda, ziyalı zümrə  əslində, xalqın önünə düşüb, ölkənin düzgün inkişafını, iqtisadi, siyasi və mənəvi dirçəlişini təmin edəcək YOLu, ÇARƏni göstərməliydi. Gücü, cəsarəti çatmadı. Təəssüf, çox təəssüf!

Dünən Ziyalı bəndə xalqın zəkasının, iradəsinin və ruhunun güc mərkəzi olduğunu sübut edə bilməyib, uduzdu. Məmləkətdə baş verən neqativ proseslərdən, cəmiyyəti total satqınlıq və dəllallıq virusundan azad etmək əvəzinə… Ziyalı qorxdu, qorxuduldu və nəticədə, müqavimət göstərmədən, səssiz-səmirsiz siyasət səhnəsindən uzaqlaşdı, yaxud, uzaqlaşdırıldı.

Dünən Ziyalı konyuktura və qorxudan yaxa qurtarıb, ictimai rəy və ictimai məhəbbət yaratmağa, ona nüfuz etməyə qadir olmadı, xalqın sevincini, kədərini, ağrı-acısını, göz yaşını özünə hopdura bilmədiyindən duruxub başını itirdi.

Dünən Ziyalı, ədəbazların, cahillərin və dələduzların xalqın üzərində apardığı siyasi, iqtisadi, psixoloji və mənəvi zorakılığın müşahidəçisi olmaqla işini bitmiş saydı. Yalan, talan və korrupsiya adlı dəhşətli xərçəng xəstəliyi Azərbaycan kimi sağlam ölkədə metastaz verib yayıldı,- millətin mütərəqqi düşüncəli kəsimini manqurtlaşdırdı, sındırdı, məhv elədi.

Ziyalı susdu. Yumruğa dönməli olan milləti göz önündəcə əzib yumağa döndərdilər – Ziyalı yenə də dillənmədi.

Dünən Ziyalı, insanların qəlbində inamın ümidsizliyə, ümidin xofa, hörmətin mütiliyə, səmimiyyətin yaltaqlığa, məhəbbətin nifrətə çevrildiyini gördü, eşitdi, duydu, amma buna mane ola bilmədi. Mane olmağa özündə hünər, təpər tapa bilmədi.

Dünən Ziyalı vahid bir təşkilatda toparlanıb mübarizə aparmaq əvəzinə,: “biz siyasətə qarışmırıq”, “biz bitərəf insanlarıq”, “biz hesab edirik ki, siyasiləşmiş ziyalı meşədə yetişmiş armud kimidir” və s. bəhanələr arxasında gizlənib, qınına çəkildi. Beləliklə, onlardan bəziləri tədricən mətbəx guşənişin və bayağı teleserial azarkeşinə, bəziləri isə mənasız çayxana xosunlaşması və qeybət səviyyəsinə endi.

Dünən Azərbaycan ziyalısı öz mövcudluğu ilə partiyaların “dayaq sütunu” funksiyasını daşımasına baxmayaraq, siyasi qüvvələrin fövqündə durmağı və siyasiləri ziyalılaşdırmağı bacarmadı. Ki, onunla hesablaşsınlar, onu eşitsinlər, ondan ibrət götürüb çəkinsinlər, nəhayət, ona hörmət etsinlər.

Dünən ziyalıların bir çoxu, vicdan əzabı çəkmədən, öz aralarından “görkəmli”, “misilsiz”,”super”, “əvəzolunmaz” və s. xadimlər seçib, millət vəkili, akademik, xalq yazıçısı və s. və i. a. təyin etdilər, onları pullu və hörmətli kreslolara oturtdular – bununla… “xadimlərin xədimliyi” məsələsinə rəvac verildi, bununla, “ziyalının ziyanlı” olmasına “yaşıl işıq” yandırıldı.

Dünən ziyalı missiyalı insan təəssüflər ki, rəhbəri – avtoritetdən, demaqogiyanı – vətənpərvərlikdən, şüarı – proqramdan, komformizmi – mövqedən, azadlığı – özbaşınalıqdan, populizmi – ideologiyadan seçib ayıra bilmədi; “siyasi proses” adlı aysberqin görünməyən qatlarında nələrin baş verdiyinin fərqinə varmadı. Və elə bu səbəbdən də, sözün əsl mənasında, İŞIQLI  İNSAN kimi qəbul olunmadı.

 

BU GÜN

 

Neçə illərdir ki, öz gücünü müxtəlif partiya hücrələrində “xərcləyib” puç edən Azərbaycan ziyalısı günü bu gün də anlaya bilmir ki, bütün bu illər ərzində siyasi rəhbərlər (az istisnalarla), onlardan, yəni alicənab, ləyaqətli, nəcib, vicdanlı və satılmaz  ziyalılardan, müvafiq olaraq, onların yüksək elmi, dini dərəcələrindən, şan-şöhrətləri, hörmət-izzətləri və istedadlarından öz merkantil ehtiyaclarını və atamor intellektlərindən doğan, yekə, çox yekə iddialarını gerçəkləşdirmək üçün istifadə ediblər. “Mənəmlik” və “nərgiz” mərəzinə mübtəla olmuş (iqtidarlı-müxalifətli), bir çox siyasi liderlərin bəlağətli monoloqları və yağlı dillərinə hələ də inanan sadəlövh Azərbaycan ziyalısı, milləti qəflət yuxusundan oyatmaq, yalanı faş edib həqiqəti üzə çıxartmaq naminə, bircə dəfə də olsun, həmin o liderlərin yaxasından yapışıb ciddi və sərt şəkildə törətdikləri əməllərin səbəbini sormadı, haqq-hesab tələb etmədi. Heyf ki, heç etmək fikrində də olmadı…

Bu gün, həmişə olduğu kimi, çoxpartiyalı cəmiyyətin çoxsaylı liderləri “demokratik məmləkət” və “vətəndaş cəmiyyəti” qurmaq uğrunda sönük cəhdlər göstərib, siyasi manipulyasiyalar edir və Ziyalı hələ də boynuna almaq istəmir ki, əslində, bu sayaq qurama piar-texnologiyaların və perspektivsiz siyasi şouların meydan sulamağında, dolayısıyla günahkar məhz O-dur.

Bu gün 25-30 illik ekzeltal siyasiləşmədən sonra, Ziyalı bəndə yenə də anlayıb dərk edə bilmir ki, çox nadir halda (yəni, yüz ildə bir, ya iki dəfə) yaranan formasiyalararası transformasiya mərhələsində tarixin, ələlxüsus ölkənin və xalqın taleyinə mənəvi cavabdeh məhz  O-dur.

Bu gün müqavimət hissini itirmiş, zəif iradəli, hürkək Ziyalı bəndə özündə hünər tapıb heç vəchlə etiraf edə bilmir ki, vətəndaş ətalətinin, kütləvi xof və passivliyin, habelə siyasi nihilizm və simasızlığın əsas baiskarlarından biri, bəlkə də, birincisi, məhz  O-dur.

Bu gün Ziyalı öz ənənəvi cəsarətsizliyinin, susqunluq və izolyasiyasının girovuna çevrilərək, hələ də başa düşmür ki, onun işi heç də siyasi proseslərin quyruğunda sürünməkdən, siyasi rəhbərlərin sifarişli musiqisi altında oynayıb ləbbeyk deməkdən ibarət deyil. Onun ALIN YAZISI və ali missiyası taleyüklü hadisə və proseslərin arbitri, istiqamətləndiricisi, nizamlayıcısı olub, pozitiv inkişafın generatoruna çevrilməsində, qaranlığa işıq, bulanlığa duruluq gətirməsindədir.

Bu gün Azərbaycan Ziyalısı qəti şəkildə bilməli, anlamalı, eyni zamanda, bunu digərlərinə təlqin etməlidir ki, ALLAH sevgisi, QANUN və ƏDALƏT hər hansı siyasətdən üstündür. Əks təqdirdə, ölkənin faciə və xaos burulğanına düşməsi labüddür. Ziyalı bilməli, anlamalı və anlatmalıdır ki, bizlər cəzasızlıq sindromundan harınlayıb “qanadlı dəvə”yə dönmüş kriminal mahiyyətli repressiv bir rejimlə üzbəüzük və əgər öz mübarizə immunitetimizi beş qat, on qat artırıb dirəniş göstərməsək, məmləkətin demokratik inkişafının “kəlmeyi-şəhadət”i oxunacaq.

Bu gün Ziyalı zümrə ortaya konseptual mübarizə fəlsəfəsi, praqmatik, eləcə də kreativ  mücadilə modeli qoymalı, xəstə ambisiyalarla  üfürülmüş müstəbeh və yuxulu siyasiləri “fil qulağından” düşürüb, onları effektli, mübarizəyə, ən başlıcası, ədalətsiz  rejimi ədalətlə (bəli, məhz ədalətlə), dəyişməyə səsləməlidir.

Nə vaxtsa yenə də seçki keçiriləcək… Və nə vaxtsa, yenə də proseslər, daha döğrusu,”əvvəli olmadığı üçün sonu da olmayan” seçki  oyunları  başalayacaq… Bax, həmin o vaxt,  Ziyalı artıq tək sözünə, tək vədinə görə heç kimə inanmamalı, xalqa da məhz bunu tövsiyə etməlidir. O, partiyalararası mübahisə və didişmələr səviyyəsinə düşmədən, Azərbaycan dövlətçiliyinə, demokratik islahatlara, millətin mental şüuru və mənəviyyat sisteminə əngəl törədən səbəbləri arayıb-axtarmalı, çıxış yolları  göstərməlidir. Özü də həmi “o vaxt”-ı gözləmədən. Əhalinin, “mənlik deyil”, “nə işimə”, “onsuz da heç nə dəyişən deyil” və s. deyən bədbin kəsiminə, yanıldığını, səhv düşündüyünü və belə biganə münasibətlə öz oturduğu budağı baltaladığını izah etməlidir.

Bu gün Ziyalı ölkənin cənnətə dönməsindən daha artıq, cəhənnəmə çevrilməsinin qarşısını almağa cəhd göstərməli, öz həmvətənlərinin düşüncə və qəlbinə hakim kəsilməli, itmiş, yaxud itməkdə olan inamı, etiqadı, ümidi qaytarmağa, onları siyasi kataklizmlərdən, idarə olunan xaosdan, panika və qorxudan, cəhalət və mənəvi aşınmadan uzaqlaşdırmağa və əlbəttə ki, milli mənafeyi və milli dəyərləri öz ürəyi, öz gözü, öz balası kimi qoruyan ləyaqət və vicdan simvoluna çevrilməyə can atmalıdır.

Bu gün Ziyalı bəndə, heç şübhəsiz ki, katarsis, etiraf, tövbə və xəcalət süzgəcindən keçib durulmağa məhkumdur.

Bu gün Ziyalı insan amorf halından qurtulub, ölkənin şərəf və ləyaqətinin məsuliyyətini daşımaq üçün yenidən doğulmalıdır. Əks halda, nə demokratiya, nə inkişaf, nə də ki, əmin-amanlıq nəsib olacaq bizlərə.

Bu gün Azərbaycan ziyalısı, sözün əsl mənasında, fədakarlıq göstərib, yanıb xalqın Məbədə və İşığa doğru hərəkətinə yardımçı olmalıdır…

Şam kimi!

Ki, bizlər bir daha “bu müstəqillik bizə düşmədi” kimi kəlmələri dilimizə gətirməyək.

Ki, bizlər nəhayət, VAXT öldürmək və “YOLA VERMƏK” kimi çox zərərli milli vərdişlərimizdən əl çəkək.

Və Ziyalı bütün bu deyilənləri BU GÜN etməsə, onda əmin olun, bir də heç vaxt üzümüzə… SABAH açılmayacaq!..

 

Eldəniz QULİYEV