Zinnurovdan cavab: Qarabağda heç kimə ehtiyacımız yoxdur

396

Azərbaycanın Qarabağ zonasındakı əmin-amanlığı qorumaq cəhdlərini hazırda yalnız Rusiya və Türkiyə dəstəkləyir. ABŞ da bu regionda öz mövcudluğunu bərqərar etmək istəyir. Amerikanın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariçin guya Rusiya və Türkiyə sülhməramlılarının regionda öz işlərinin öhdəsindən gələ bilməməsi və Azərbaycana dünya ictimaiyyətinin dəstək verməsinin vacibliyi barədə söylədiyi sözlər ABŞ-ın bu regiona soxulmaq istəyindən başqa bir şey deyil.

Bu sözləri Axar.az-ın müxbiri ilə söhbət zamanı Rusiya Dövlət Dumasının MDB İşləri üzrə komitəsinin üzvü, “Yedinaya Rossiya” fraksiyasının üzvü, deputat İrek Zinnurov bildirib.

“Əgər dünyanın hərbi münaqişələr xəritəsinə nəzər salsaq və amerikalıların harada olduğuna baxsaq, onda bir vacib detalın şahidi ola bilərik – bu regionların heç birində sülh və əmin-amanlıq yoxdur. Rusiya, Türkiyə və Azərbaycanın Qarabağda əmin-amanlığın bərqərar olması üçün gördüyü işlər həqiqətən də çox dəyərlidir. Əsası da odur ki, ədalət bərpa edildi. İndi tərəflər öz haqq işlərini davam etdirməlidirlər. Təbii ki, təcrid olunaraq hər şeyə bağlana bilmərik. Amma hazırda nə Rusiya, nə də Türkiyə sülhməramlılarının heç kimin yardımına ehtiyacı yoxdur”, – deyə müsahibimiz vurğulayıb.

Erməni quldur birləşmələrinin Qarabağ meşələrində, daha dəqiq desək, Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdə törətdiyi təxribatlardan danışan rusiyalı deputat qeyd edib ki, bu ərazilərdə qanunsuz birləşmələrin bütün hərəkətləri sərt şəkildə aradan qaldırılmalıdır.

“Bütün bu prosesləri qanuni normalar çərçivəsinə gətirmək lazımdır. Rusiya və Azərbaycan arasında bağlanmış sazişlərin müəyyən bəndlərində analoji hallar üçün birgə əməliyyat tədbirləri də göstərilib. Yəni ki, Moskva və Bakı antiterror əməlliyatına hər an start verə bilər”, – deyə Zinnurov bildirib.

Rusiyalı millət vəkili həmçinin onu da vurğulayıb ki, Azərbaycan yaxın zamanlarda Qarabağ infrastrukturunun tam bərpası prosesinə başlayacaq:

“Şəxsən mənim fikrim budur ki, Bakı istədiyinə tam olaraq nail olacaq! Qarabağ gözəl bir məkəna çevriləcək”.