Zelenski: “Ukrayna ordusu çox güclüdür və istənilən hərbi müdaxilənin qarşısını ala bilər”

96

Ukraynalı lider Vladimir Zelenski Financial Times qəzetinə verdiyi müsahibəsində rus ordusunu güclü qüvvə adlandırıb.
 
Ovqat.com-un məlumatına görə, Zelenski Rusiya qüvvələrinin Ukrayna sərhədlərindəki hərəkətini Kiyevə göstərilən “psixoloji təzyiq” kimi qiymətləndirib.

“Təhlükə var, axı bizdə müharibə gedir, xüsusilə Donbass rayonunda, Rusiya ordusu isə çox güclü qüvvədir. Buna görə də, o, daim bizim sərhədlərimizdədir“, – deyə o bildirib.

Zelenski Kiyevin “xoşagəlməz sürprizlər“ə hazır olduğunu və onların qarşısını almağa çalışacağını söyləyib. Ukrayna lideri həmçinin, ölkəsinin ordusunun “çox güclü” və dövləti istənilən təcavüzdən qorumağa hazır olduğunu bildirib.

Qeyd edək ki, Rusiya Ukrayna sərhədlərinə 150 mindən artıq əsgərini və çox sayda hərbi texnikasını göndərmiş, bu da NATO qüvvələrinin ciddi təpkisinə yol açmışdı. NATO-nun xəbərdarlıqlarına cavab verən Rusiya prezidenti Vladimir Putin ölkəsinin heç kimə hücum etmək niyyətində olmadığını bildirmişdi. Putin onu da vurğulamışdı ki, ““Rusiya təhlükəsi” Rusiya ilə mübarizənin “avanqard” dəstəsi roluna pul qazanmaq, bunun üçün bonuslar və imtiyazlar almaq istəyənlərin uydurmasıdır”.

Daha sonra Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu Qara dənizə səfər etmiş və bu su hövzəsindəki rus donanması ilə 1 günlük hərbi təlim keçirdikdən sonra hərbi qüvvələrin mayın 1-ə qədər daimi dislokasiya yerlərinə qayıdacağını bildirmiş və bu barədə müvafiq fərman imzalamışdı.

Rusiyanın Ukrayna sərhədləri yaxınlığında hərbi təlimlərini başa çatdırmasını şərh edən NATO rəsmiləri bu qərarı alqışlamışdılar.