“Zanbaqlar ölkəsi”ndə Azərbaycanın səsi

393

Vüqar Abbasov: “44 günlük müharibə zamanı mənə sual verirdilər ki, bu, dini savaşdır?”

“Sevindirici haldır ki, Niderlandın bəzi əyalətlərində hətta bir neçə təşkilatımız fəaliyyətdədir”

Niderland Avropada azərbaycanlıların çox sayda yaşadığı ölkələrin sırasında 3-cü yerdədir. Azərbaycanın Avropada diaspor fəaliyyəti aparılan ölkələrdən danışanda, Niderlandı da mütləq qeyd etməliyik. Söhbətimiz də bu ölkədəki soydaşımız Vüqar Abbasovun qurduğu “Connect” diaspor cəmiyyəti barəsində olacaq.

– Vüqar bəy, rəhbərlik etdiyiniz diaspor təşkilatı Niderlandın hansı şəhərində yerləşir, nə qədər müddətdir fəaliyyət göstərirsiniz?

– Təşkilatımız  Niderlandın Zierikzee şəhərində yerləşir, “Connect” adlanır. Biz bu təşkilatı 2015-ci ilin sonlarında yaratdıq, 2016-cı ilin əvvəlindən fəaliyyətə başladı. Məqsədimiz Azərbaycanı Niderlanda tanıtmaq, həm də Niderlandı Azərbaycana tanıtmaq idi. Əvvəldən bu tanınma var idi, amma biz də bu istiqamətdə öz tərəfimizdən addımlar atmaq istədik. Eyni zamanda da Azərbaycanda Niderlandı fərqli tanıtmağa çalışırıq. Bu istiqamətdə də müəyyən işlər görüldü.

Mədəniyyətimizi təmsil etməyə çalışırdıq. “Çalışırdıq” sözünü ona görə keçmiş zamanda deyirəm ki, pandemiya şəraitində tədbir keçirmək mümkün deyil. Bundan da başqa, bizim fikrimiz bələdiyyədə, əyalətdə olan digər ölkələrdən gələn yeni yerləşmiş insanların inteqrasiyasına köməklik etməkdir.

-Bəs, bu təşkilat hazırda nə qədər soydaşımızı öz ətrafında birləşdirr?

– Açıq deyim ki, təşkilatımızda aktiv olan soydaşlarımız çox deyil. Azərbaycanlılarla işləyən digər təşkilatlarımız var. Azərbaycanı tanıtmaqdan söhbət gedirsə, mən Azərbaycanı soydaşlarımıza necə tanıda bilərəm ki? Azərbaycanlılar zatən ölkəmizi tanıyırlar. Daha çox Niderlandlılarla işləməyə üstünlük vermişəm. Təbii ki, buradakı tədbirlərdə soydaşlarımızdan dəvət alanlar, qatılanlar və fəal iştirak edənlər olur. Məsələn, kinoteatrda tədbir keçirəndə bizim bir soydaşımız “Pover Point” proqramından istifadə edərək, niderlandlılar qarşısında çıxışla gözəl təqdimat etdi. Digər iki soydaşımızı çağırdıq, tədbirdə bizim milli musiqi alətlərimizdə – tarda, sazda, kamançada ifa etdilər. Lazım olanda bu həmyerlilərimizin xidmətlərindən istifadə edirik. Xahiş edirik, bizə kömək edirlər.

Təşkilatımızın qurucuları arasında da aktiv olan niderlandlılar var. Hətta dünyanın başqa ölkələrindən olan, bizim bələdiyyənin ərazisində yaşayan insanlar var ki, inteqrasiya məsələləri ilə bağlı təşkilatımızda aktiv fəaliyyət göstərirlər.

Niderlandda sizin təşkilatdan başqa Azərbaycanın diaspor təşkilatıları varmı? Əgər varsa, onlarla koordinasiyalı işəyirsinizmi?

– Belə təşkilatlar çoxdur. Uzun müddətdən bəri fəaliyyət göstərən təşkilatlarımız da var, yeni yaradılmış təşkilatlar da. Niderland 12 əyalətdən ibarətdir. Mənə elə gəlir ki, bu əyalətlərin hər birində Azərbaycan təşkilatları var. Sevindirici haldır ki, hətta bəzi əyalətlərdə də bir neçə təşkilatımız fəaliyyətdədir.

Qaldı ki, onların koordinasiyalı işləməyinə, Diaspor Komitəsinin rəhbərliyi Koordinasiya Şurası yaradıblar. Belə şuraları dünyanın müxtəlif ölkələrində yaradıblar və  dediklərinə görə, məqsədləri təşkilatları əlaqələndirməkdir. Buna nə qədər nail olublar, nə qədər nail olmayıblar, bu məsələnin başqa tərəfidir…

Sizcə, təşkilatınızın işində niderlandlıların iştirak etməsi işinizin daha effektiv olmasına təsir göstərirmi?

-Sözsüz, mən hesab edirəm ki, göstərir. Belə bir deyim var: həyat o qədər uzun deyil ki, yalnız öz təcrübələrindən nəsə öyrənəsən. Başqalarının da təcrübələrindən istifadə etmək lazımdır. Bu baxımdan, burda neçə illik təcrübəsi olan təşkilatların təcrübəsindən çox şey öyrənirik. İstər müsbət, istər mənfi mənada.

Soydaşlarımızın işləmək təcrübəsinə baxdım. Onlarla yerlilərin iş üslubuna baxdım. Hollandiyadakı dostlarımızla da söhbət edəndən sonra, belə nəticəyə gəldik ki, təşkilat yaradaq. Cəmi bir il sonra bir tədbir keçirdik. Təəssüf, kinoteatrda keçirdiyimiz tədbir böyük miqyasda keçirdiyimiz hələ ki, yeganə tədbir oldu. Bələdiyyə başçısı öz xanımı ilə gəlmişdi. Tədbirin aparıcısı yerli qəzetlərdən birinin baş redaktoru oldu. İştirakçıların da 90%-i niderlandlılar idi. Niderlandlı dedikdə, mən qonşumu oraya dəvət etməmişdim. Bir qonşum var idi. İştirakçılar əsasən iş adamları, jurnalistlər, siyasət adamları idi. Niderlandlı dostum var idi ki, müsahibələrin təşkil olunması ilə məşğul olurdu. Onunla biz Dünya Azərbaycanlılarının qurultayında iştirak etdik. Qayıdandan sonra qəzetlərdə onun Azərbaycanla bağlı müsahibələri getdi. Biri var, Azərbaycanla bağlı mən nə isə deyim, biri var, niderlandlı bunu etsin. Niderlandlı birinin deməsinin daha inandırıcı olacağını düşünürəm. Çünki mən o ölkədən gəlmişəm. O ölkə haqqında xoş söz deməyim yerli insanlar üçün təəccüblü deyil. Deyəcəklər ki, öz ölkəsini tərifləyir. Amma yerli insan bunu etsə, fərqli nəticə göstərə biləcəyinə inanıram.

Siz bu insanlarla bir yerdə işlədiyinizə, daim ünsiyyətdə olduğunuza görə, deyə bilərsinizmi, onların bizə münasibəti necədir?

– Mənim ünsiyyətdə olduğum insanların Azərbaycana münasibəti normaldır. Neqativ bir şey görməmişəm. Ölkəmizə yanaşmalarına gəldikdə isə, son 44 günlük müharibə zamanı mənə sual verirdilər ki, bu dini savaşdırmı? Mən də onlara sübut etməyə çalışırdım ki, birincisi, bu dini savaş deyildi, bunu da sübut etmək çox çətin deyil. Çünki müsəlman qonşumuz ermənilərə kömək edirdilər. Amma İsrail, Ukrayna bizim tərəfimizdə idilər. Bu dini savaş olsaydı, onlar bizə kömək etməzdilər. Bu təbiidir ki, bizm ölkəmiz haqda bu qədər geniş məlumata malik deyillər. Niyə təbiidir? Çünki dünya həm kiçilib, həm böyüyüb. İnternet baxımından dünya kiçilib. Amma məlumat almaq baxımından dünya o qədər böyüyüb ki, demək istəyirəm, insanların ala biləcəyi informasiya həddən çoxdur. Məncə, adi insana başqa ölkələrdə baş verənlər o qədər də maraqlı olmaz. Biz işimizlə bağlı hadisələrlə maraqlanmalı oluruq. Amma burdakı insanların yenə Qarabağdakı hadisələrdən xəbəri var idi. “Eurovision” yarışmasının Azərbaycanda keçirilməsindən əksəriyyətinin xəbəri var idi. İdman həvəskarlarının Formula-1 yarışından xəbərləri var idi. Çoxlarının ümumiyyətlə ölkəmizdən xəbərləri var.

Ölkəmizi əsasən hansı tərəflərdən tanıtmağa çalışırsınız?

-Ölkəmizin ən çox vurğuladığım tərəfi 1918-ci ildə müsəlman şərqində ilk dəfə demokratik respublika qurmasını, Azərbaycan qadınının Avropanın bir çox ölkələrindən əvvəl seçib-seçilmə hüququnu əldə etməsini, ilk opera yazan qadın bəstəkarın bizdə olmasını və s. vurğulayıram. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı Niderland mətbuatında da böyük bir yazı ilə çıxış etmişdim. Mədəniyyətimizlə bağlı radioda dəfələrlə söhbətimiz olub. Bir dəfə verilişin gedişində 6 Azərbaycan musiqisi səsləndirdik. Ölkəmizin turizm  imkanlarından danışıram. Amma burada bir qədər ehtiyatlı danışıram, çünki bizdə yol pulundan tutmuş otellərin qiymətinə qədər, bahadır. Qonşu Gürcüstana, Ermənistana vizasız gediş-gəlişlə müqayisə etsək, Azərbaycana asan viza yolu ilə viza alına bilsə də, o ölkələrə vizasız gedirlər. Mən 10 ildən yuxarı turizmlə məşğul olmuşam. Avropada yaşayan biri kimi deyim ki, turist cəlb etmək istəyirlərsə, yeri-yurdu mərmərlə bəzəmək əsas deyil. Çünki bunların meşəsinin içində də asfalt salınıb. Bununla onları təəccübləndirmək olmaz. 2-ci Dubay yaratmaqdansa bunlar gedib 1-ci Dubayı görərlər. Bir avropalı turist, düşünürəm ki, süni şeylər görməkdənsə, təbii şeylər görmək istəyər. Məsələn,  doğal kənd həyatı. Bizim mədəniyyətimizi, insanlarımızı görmək istəyirlər.

– Bəs 2-ci Qarabağ savaşı zamanı nə kimi işlər görüldü?

(Ardı var)

“Hürriyyət”