“Zanbaqlar ölkəsi”ndə Azərbaycanın səsi

174

Vüqar Abbasov: “Qarabağ haqda tədbirdə erməni ilə üz-üzə oturan biri tariximizi bilməzsə, nə məlumat verə biləcək?”

“Əgər ölkəmizi tanıtmaq istəyiriksə yerli insanlara yönəlik fəaliyyət daha effekti ola bilər”

Niderland Avropada azərbaycanlıların çox sayda yaşadığı ölkələrin sırasında 3-cü yerdədir. Azərbaycanın Avropda diaspor fəaliyyəti aparılan ölkələrdən danışanda, Niderlandı da mütləq qeyd etməliyik. Söhbətimiz də bu ölkədəki soydaşımız Vüqar Abbasovun qurduğu “Connect” diaspor cəmiyyəti barəsində olacaq.

Bəs 2-ci Qarabağ savaşı zamanı nə kimi işlər görüldü?

-Həmin ərəfədə burada yaşayan digər soydaşlarımızın əksəriyyəti gecə-gündüz Azərbaycan həqiqətlərinin çatdırmaq üçün əllərindən gələni etdilər. Düzdür, ermənilərlə bağlı yazılar daha çoxluq təşkil etdi, amma soydaşlarımız Azərbaycanla bağlı neytral yazıların yayınlanmasına da nail oldular. Gəncə, Bərdə hadisələri zamanı inanmıram ki, burda hansısa azərbaycanlı gecə səhərə qədər yata bildi.  Kimisi sosial şəbəkələrdə bununla bağlı paylaşımlar etdi, kimi yerli mətbu orqanlarda məktublar ünvanladı. Bütün imkanlardan istifadə edərək Azərbaycanın bu haqq səsinin çatdırmağa çalışdıq. Həm də, mənə elə gəldi ki,  buradakı soydaşlarımız sosial şəbəkələr vasitəsilə Azərbaycandakılara bildirmək istəyirdilər ki, onlar tək deyillər.

Təşkilatınızın saytı və ya mətbu orqanı varmı?

-Xeyr, yoxdur. Yaralı yerimə toxundunuz. İndiyə qədər etdiklərimizin hamısını öz gücümüzlə etmişik. Yalnz bir tədbir keçriləndə bizə kömək olub. Mətbuatda 10-larla yazıların getməsi, müxtəlif görüşlərin təşkilini öz hesabımıza etmişik. Fəaliyyətsiz, sadəcə özünü reklam xatirinə sayt yaratmaq olar, amma mən bunu istəmirəm. Dəfələrlə məsələ qaldırmışam. İş adamları olan dostlardan kömək istəmişdim ki, burada bir sayt yaradaq. Təəssüf ki, istədiyimiə nail ola bilmədim. Çünki onun xərclərinə mənim maddi imkanım çatmaz. Amma ölkə başçısı da 2016-cı ildəki Dünya Azəbaycanlılarının dördüncü  Qurultayında vurğuladığı əsas məqamlardan biri də bu idi. Təəssüf ki, bu məsələ həllini tapmayıb. Kimsə iddia edə bilər ki, belə sayt var, ancaq doğru olduğunu düşünmürəm. Şəxsən mənim  belə bir saytdan xəbərim yoxdur.  Yuxarıda da qeyd etdiyim kimi, yalandan nəsə yaradıb insanlarımızı aldatmaqla mənim işim olmaz.

Bəs Niderlandda azərbaycanlı iş adamları varmı və onların dəstəyi varmı?

-Xırda iş adamları var. Amma böyük iş adamlarını tanımıram. Mən Niderlanddan kənarda yaşayan iş adamları dostlarımı nəzərdə tuturdum.

-Ümumiyyətlə sizə iş adamlarının dəstəyi varmı yoxsa bu işlərin öhdəsindən tək gəlirsiniz?

-Mən jurnalistlərin Azərbaycana gəlib Azərbaycanı öz gözlərilə görməyinin təklif etmişdim, o da alınmadı. Mən heç vaxt kimdənsə nəsə istəmirəm. Ona görə də deyim ki, kimdənsə kömək istəmişəm-belə şey olmayıb. Bir-iki dəfə bu istiqamətdə danışıqlar olub. Fikir vermişəm ki, o qədər də maraqlı deyillər, ona görə bu mövzuya qayıtmamışam.

-Bəs ermənilərin gücü nə qədərdir? Müqayisədə kim daha güclüdür?

-Say etibarilə götürsək, düşünmürəm ki, onların sayı bizdən çoxdur. Amma bununla bağlı daha çox onlara ayrı-ayrı təşkilatlar tərəfindən, istərsə də xristian yönlü partiyalar tərəfindən diqqətin olduğunu hiss etmək mümkündür. Yaxud bunları yazıq, əzabkeş, əzilən kimi təqdim edən qüvvələr var. Son müharibə vaxtı da bəzən mətbuatda  belə fikirlərə rast gəlmək olurdu ki, onlar  Azərbaycan tərəfindən də əzilirlər. Onların burada kilsələri də var. Kilsə onlar üçün böyük önəm daşıyır.

-Azərbaycan səfirliyi ilə əlaqələriniz varmı? Onlardan dəstək görürsünüzmü?

-Bir jurnalist kimi əlaqəm olub. Bu yaxınlarda Azərbaycanın buradakı fövqəladı və səlahiyyətli səfirindən müsahibə də almışdım. Amma düzü nə mən onlardan dəstək istəmişəm, nə onlardan dəstək təklifi gəlib.

-Diaspora üzrə Dövlət Komitəsi ilə necə?

-Dediyim kimi, şəxsi münasibətlər zəminində əksəriyyətini tanıyıram. Amma əməkdaşlığı nəzərdə tutursunuzsa, heç bir əməkdaşlıq yoxdur. Onlar burada Koordinasiya Şurası yaratdılar. Amma o tədbirə bizi dəvət etmədilər. Dəvət etsəydilər gedərdim, ya getməzdim bunu deyə bilmirəm, çünki dəvət olmayıb. İndi bu barədə bir söz desəm qeyri səmimi alınar. Mən tərəfdən də təşəbbüs olmayıb, olmayacaq da. Yalnzı məni bir, yaxud da iki  dəfə “Vətən uzaqda deyil” verilişinə qonaq kimi dəvət ediblər.

-Digər diaspora təşkilatları ilə koordinasiya təşkil olunmur?

– Qeyd etdiyim kimi,  bir neçə təşkilatı  dəvət edilərək Koordinasiya Şurası yaradıldı. Həmən təşkilatlardan da ikisinin rəhbəri şuranın əlaqələndiriciləri oldular. Bilmirəm indi vəziyyət necədir,  şurada neçə təşkilat var, neçəsi gedib, neçəsi gəlib .

-Bəs Niderlanddakı digər təşkilatlara, səfirliyə, Diaspora Komitəsinə nə kimi təklifləriniz var?

-Diaspor fəaliyyəti çoxşaxəlidir. İstənilən sahədə çalışan təşkilat o sahəni bilməlidir. Bir dəfə “Ayı xidməti” adlı yazımda naşı fəaliyyəti təsvir etmişdim. Misal üçün Qarabağ haqda bir tədbirdə erməni ilə üz-üzə oturan biri tariximizi bilməzsə, nə məlumat verə biləcək? İlk növbədə məsələlərə peşəkarcasına yanaşmaq lazım olduğunu düşünürəm.

Tədbirlərin də hansı məqsədlə keçirildiyinə diqqət vermək lazım olduğu fikrindəyəm;  məsələn, anım tədbiri başqadır, tanıtım tədbiri başqa.

Yerli dillərdə  broşürlər buraxmaq lazımdır. Kitabxanalarla sıx işləmək, ölkəmizlə bağlı xarici dillərdə kitabları bu kitabxanalara yaymaq effektiv ola bilər. Sosial şəbəkələrdə yerli dillərdə aktiv olmaq da bir fəaliyyətdir.  Bir sözlə, əgər ölkəmizi tanıtmaq istəyiriksə, yerli insanlara yönəlik fəaliyyət daha  effektli ola  bilər.

Amma əlbətdə ki, hər kəs öz fəaliyyət istiqamətini özü müəyyən etməlidir. Yuxarıda sadaladıqlarım  bizim planlarımıza daxildir.

“Hürriyyət”