“Zaman içərisində Türkiyə ABŞ-la ikili münasibətlərini daha da zəiflədəcək”

78

Nazim Cəfərsoy: “Co Baydenin qondarma soyqırım açıqlaması Ərdoğan üçün uyğun seçim silahıdır”

“Müxtəlif siyasi rəsmilərin daha sərt reaksiya verməsi ilə müqayisədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ prezidenti Co Baydenin soyqırım böhranına verdiyi yumşaq reaksiya Türkiyədə müxalifətinin ciddi tənqidinə səbəb olub”. “Hürriyyət” xəbər verir ki, bunu Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy deyib.

QAFSAM-ın sədr müavini hesab edir ki, məsələylə strateji perspektivdən baxdıqda bunun səbəbləri anlaşılandır: “Türkiyədə iqtisadi durum yetərincə kritikdir. Pandemiyanın güclənməsi səbəbiylə iqtisadi problemlər daha da ağırlaşır. ABŞ-la bu hadisə üzərindən böyük bir böhran “Cümhur İttifaqı”na bu mərhələdə sərf etməz”. Nazim Cəfərsoyun fikrincə, Co Baydenin qondarma soyqırım açıqlaması prezident Ərdoğan üçün uyğun seçim silahıdır: “Hazırda ölkədə bir seçki yoxdur. Siyasi taktika ustası olan Ərdoğan bu silahı boşa xərcləmək yerinə, olacaq ilk seçkidə geniş istifadə edəcək. Ərdoğanın Türkiyə xarici siyasətini tətbiqinə dair yanaşması 15 iyul çevriliş cəhdindən sonra həm strateji yanaşma, həm də taktik baxımdan böyük ölçüdə dəyişib. Strateji yanaşma baxımından Türkiyə Suriya, Liviya, Aralıq Dənizi, Barzani, Kipr, Qafqaz, Türk Keneşi, İsrail və Misir bənzəri məsələlərdə əvvəlki dövrdən fərqli olaraq öz milli maraqlarını maksimizə edən daha ağıllı bir xarici siyasət kursu aparır. Bu çərçivədə Türkiyənin qondarma soyqırıma qarşı mövqeyi barədə xarici işlər nazirliyi, vitse-prezident, Turkiyə prezident administrasiyasından İbrahim Kalın və Fəxrəddin Altun tərəfindən gərəkli hüquqi və siyasi açıqlamalar da edildi. Ermənistandakı seçkilər sonrası rəsmi Ankaranın Türkiyə-Ermənistan, Türkiyə-Azərbaycan-Ermənistan, Türkiyə-Rusiya-Azərbaycan-Ermənistan və Qafqaz altılısı kimi formatlarında da müxtəlif səviyyəli fəallıqlarını görəcəyik”.

Xarici siyasətdə taktik baxımdan mənzərəni izah edən siyasi elmlər üzrə fəlsəfə doktorunun sözlərinə görə, əvvəllər Ərdoğan ictimai rəyə daha çox sərt mesaj verir, ancaq real münasibətlərdə daha zəif davranırdı: “Ancaq xarici siyasətdə bu taktiki yanaşma da dəyişir. Artıq “az laf çox iş” prinsipi güclənib. Məsələn, Türkiyənin ABŞ-dan “Patriot”ları ala bilməyincə S-400 almağa yönəlməsi bu cür oldu. ABŞ F-35-i verməyincə Türkiyə bir yandan PUA məsələsində yeni atılımlar edir, bir yandan öz milli təyyarəsi üçün fəaliyyətini gücləndirir, bir yandan Rusiya və Pakistandan bu boşluğu dolduracaq təyyarələr ala biləcəyinin işarələrini verir. “Soyqırım”a dair Türkiyənin stratejisinin ağırlıq mərkəzi də dəyişdi. Artıq erməni məsələsində ağıllı güc taktikası uğurla tətbiq edilir. Birincisi, erməni radikalizmi Qarabağda sərt güc istifadəsi ilə Azərbaycana döydürülür və bunun üçün Rusiya ilə geosiyasi razılaşma da təmin edilir. İkincisi, Ermənistanda nisbətən ən münasib siyasətçi olan bas nazir Nikol Paşinyana dialoq təklif edilir.Yuxarıda qeyd edildiyi kimi, bu konteksdən seçimdən sonra 2-li, 3-lü, 4-lü və 6-lı formatlar çərçivəsində fəallaşmalar olacaq. Digər tərəfdən, zaman içərisində Türkiyə ABŞ-la ikili münasibətlərini daha da zəiflədəcək və ABŞ-Türkiyə münasibətlərinin əsas ağırlıq sahəsi NATO çərçivəsi olacaq. Türkiyənin NATO-dakı mövqeyi isə istər bu qurumun qərar mexanizması, istər Türk ordusunun gücü, istərsə də NATO-nun öncəlikli mövzuları səbəbiylə rəsmi Ankaraya daha sərfəlidir. Üstəlik, NATO çərçivəsi Rusiyanı balanslaşdırmaq və onun gözündə Türkiyə ilə əməkdaşlıq münasibətlərinin strateji önəmini artırmaq üçün Ankara üçün ən uyğun strukturdur. Baydenin “NATO zirvəsində görüşək” təklifi və buna müsbət cavab da bu mənada analiz edilə bilər. Yuxarıda dediyim mənzərə hələlik “Dərin Türkiyənin” də maraqlarına uyğundur”.

Vazeh BƏHRAMOĞLU