“Düyməni tıxaclayıb xəbəri eşitməyə başladım. Sən demə…” – Eldar SABİROĞLU

96

Hurriyyet.org xəbər verir ki, bu haqda keçmiş millət vəkili öz rəsmi “Facebook” səhifəsində paylaşım edib. Paylaşımda deyilir: “səhər tezdən yuxudan durub internetə baxırsan ki, dünyada, ölkədə baş verən qlobal hadisələrlə tanış olasan, əvəzində insanı məyus edən xəbərlər, yayılması zərərli olan informasiyalar səni caynaqları arasına alıb nəfəsini kəsir, əhvalını əməlli-başlı zəhərə döndərir. Axşama qədər beləcə davam edir, ölüm xəbərləri, gəvəzə, əxlaqi-mənəvi dəyərlərlə uzlaşmayan söz-söhbətlərlə elə yükləyirlər ki, məcburən oxuyursan, nəticədə yuxun tarıma çəkilir. Yata bilmirsən. Səhəri dirigözlü açırsan. Koronadan ölənləri, kilinikalarda nəfəs darlığından dəhşətli çarpıntı keçirən, lakin hələ dünyasını dəyişməyən xəstələrin durumu barədə gün ərzində təzadlı xəbərlər yayırlar. Məsələn, bir xəstə ilə əlaqədar xəbər yayırlar ki, filankəs indicə öldü, az sonra isə ölüm xəbərinin doğru olmadığı haqda məlumat dərc edilir. Hər iki məlumatı buraxan mənbənin məkanı çox zaman eyni olur ki, bu da istər-istəməz adamda əsəb gərginliyinə, narahatlığa səbəb yaradır. Yəni doğrudanmı bir məlumatı dəqiqləşdirib çapa buraxmaq bu qədərmi çətindir!? Sosial şəbəkə yönəticilərinin insanların hissiyatları ilə oynaması, onları gərgin psixoloji vəziyyətdə saxlamaları heç bir mənada qəbul edilə bilməz. Təsdiqini tapmayan məlumatların yayımının kənar şəxslərdə əmələ gətirdiyi psixi gərginliyi qoyaq bir yana, bəs ailəyə vurulan psixoloji zərbənin heç fərqindədirlərmi!? Dostlar, azca düşünün, nisgilli ürəkləri üzməyin. Bir qədər məsuliyyətli olun!!!
İnsan taleyini oyuncağa çevirməyin!!! Xəbərləriniz oxucu şəbəkəsini genişləndirməyin halal yolunu tapın. Hələ başqa bir şey də vardır. İndi ondan danışmaq istərdim. Mənim üçün ölümün vəzifəli-vəzifəsiz, varlı-kasıb anlayışı yoxdur. Nə də hansısa adın-sanın, şöhrətin mənasına fikir verən birisi deyiləm. Allah insanları dünyaya fərqli formada gətirməyib. Hamıya iki göz, bir ürək, bir baş, iki əl, iki ayaq, iki qulaq verib. Cinsindən, dinindən, dərisinin rəngindən asılı olmayaraq insanın qanındakı hüceyrlər də eyni miqdardadır. Bəs o zaman ölüm ayağında olan insanlar barədə məlumatlar verərkən niyə fərqli başlıqlarla onu ictimaiyyətə təqdim edirik!? Niyə axı!? Xəbəri oxutmaq üçünmü belə edirsiniz!? Böyük günah işlədirsiniz. İki-üç gün əvvəl xəbər portallarının hansındasa belə bir başlıq altında-“Yüksək vəzifəli bir mütəxəssimizi də korana əlimizdən aldı”.
Düyməni tıxaclayıb xəbəri eşitməyə başladım. Sən demə, bu yüksək mütəxəssimiz rayonun
işıq idarəsində 4 il idi ki, mühəndis vəzifəsində çalışırmış. Özünə oxucu qazanmaq üçün insan ölümündən bu tərzdə istifadənin adı yoxdur…

 

Eldar Sabiroğlu

Keçmiş millət vəkili, ehtiyatda olan polkovnik