Yüksək şüurlu cəmiyyəti idarə etmək çətindirmi?

129

Bu gün elektron KİV-nə baxarkən təsadüfən 1991-93-cü illərdə Rusiyanın vitse-prezidenti olmuş general-mayor Aleksandr Rutskoyun bir müsahibəsinə rast gəldim. Onun müsahibəsində bir məqam diqqətimi cəlb etdi. O deyir ki, – «Mən qubernator olarkən orta məktəblərdə tədris proqramına iki fənnin, «hüququn və iqtisadiyyatın əsasları» fənnlərinin daxil edilməsinə çalışdım. Cavabında barmaqlarını beyini üzərində fırladıb («bu, dəli olmusan, nədir» fikrinin, jestlə ifadəsidir – müəllif), – «Bəs sonra bu xalqı necə idarə etmək olar? – deyərək təklifimi rədd etdilər. Hesab edirəm ki, xalqı idarə etmək lazım deyil, onunla saziş bağlamaq lazımdır. Belə halda cəmiyyət normal hüquqi, demokratik cəmiyyət olacaq».

Onun bu müsahibəsində ən önəmli fikir hələ orta məktəb illərindən, yəni vətəndaşların hələ ixtisaslar, peşələr, vəzifələr və s. üzrə istiqamətlərə parçalanıb qruplaşmadan öncə, hər bir vətəndaş erkən yaşlarından yaşadığı cəmiyyətin hüquqi sistemini (Anayasasını) və bu hüquqi sistemin yaranma mənbəyi olan ölkənin iqtisadi sistemini öyrənməlidir ki, sonradan ixtisasından, peşəsindən, ictimai vəziyyətindən asılı olmayaraq bu iqtisadi sistemin yaratdığı iqtisadi münasibətlərin məzmun və mahiyyəti ilə bərabər, Anayasa və ondan irəli gələn konkret qanunların mənbəini, xarakterini bilərəkdən öz həyat və fəaliyyətlərini buna uyğun qursun. Bu hər bir kəsə fərd olaraq, ümumilikdə isə cəmiyyətdə millət və xalq olaraq öz hüquqlarının təmin edilməsinə, qorunmasına, müdafiəsinə düzgün yol seçə bilməsinə imkan yaradır.

Bu fikri hələ 1876-cı ildə Fridrix Engels Anti-Dürinq əsərinin 288-ci səhifəsində daha geniş olaraq belə ifadə edir, – «İnsanların öz ictimai fəaliyyətlərinin qanunları, onlara yabançı olan, onların üzərində hökmranlıq edən təbiət qanunları şəklində bu vaxtadək insanlara qarşı duran qanunlar insanlar tərəfindən işə tam bələdliklə tətbiq olunacaq, deməli, insanların hökmranlığına tabe ediləcəkdir. İnsanların cəmiyyət halında birliyi bu vaxtadək təbiətin və tarixin yuxarıdan zorla qəbul etdirdiyi bir şey kimi onlara qarşı durduğu halda, indi onların öz azad işi olur. İndiyə qədər tarixin üzərində hakim olan obyektiv, yabançı qüvvələr insanların özlərinin nəzarəti altına keçir. Yalnız bu zamandan etibarən insanlar tam şüurlu olaraq özlərinin tarixini özləri yaratmağa başlayacaqlar, onların hərəkətə gətirəcəkləri ictimai səbəblər yalnız o zaman insanların öz arzu etdikləri nəticələri ən çox dərəcədə və getdikcə daha artıq bir miqyasda təmin ediləcəkdir. Bu, bəşəriyyətin zərurət aləmindən azadlıq aləminə sıçramasıdır».

İnsanların bəşər tarixi boyu qul, təhkimli, nökər kimi köləlikdə yaşamasının obyektiv əsaslarını ümumilikdə iki hissəyə bölmək olar. Bunların birincisi insanların təbii prosseslərin mahiyyətini, baş vermə mənbə və səbəblərini dərk etmədiyi zamanlarda təbii nemətlərin əldə edilməsi və istifadə etməyin qaydalarını bilmədiklərindən başqalarından asılı vəziyyətə düşməsi. İkinci səbəbi isə ictimai prosseslərin mahiyyətini, başvermə mənbəyi və səbəblərini dərk etmədiyi zamanlarda özlərinin şəxsi və ictimai (kollektiv, qrup) hüquqlarını bilmədiklərindən ideoloji, mənəvi əxlaqi cəhətdən başqalarından asılı vəziyyətə düşməsi. Son yüz illiyin əvvəlinə, yəni, keçən əsrin 20-30-cu illərinə qədər elm və texnikanın inkişaf səviyyəsi çox aşağı olması səbəbindən insanların rəzil vəziyyətə düşməsində birinci səbəb, yəni maddi amil əsas rol oynayırdı. Cəmiyyətin idarə edilməsində hakim təbəqələrin vətəndaşlara öz subyektiv iradəsi əsasında aşkar, heç bir məhdudiyyəti olmayan zor tətbiq edilməsi də bu asılılıq və köləliyi qaçılmaz edirdi.

Keçən əsrin 20-30-cu illərindən bəri bu günədək mövcud olan nəinki kapitalizm, hətta feodalizm və quldarlıq quruluşuna malik olan ölkələr belə, bu quruluşların mahiyyətindən doğan iqtisadi-ictimai münasibətləri uyğun Anayasa və qanunlar vasitəsilə idarə edir və tənzimləyirlər. Bu gün əksər cəmiyyətlərdə bu münasibətlər və onları tənzimləyən üsul və qanunlar ümumilikdə Avropa və Şərq dəyərləri kimi ifadə edilir. Lakin hazırda nə ən mütərəqqi, hətta nöqsansız kimi təqdim edilən Avropa dəyərləri anlayışı, nə də, ən mürtəce dəyərlər kimi təqdim edilən Şərq dəyərləri anlayışı heç də bu anlayışların ifadə etdiyi konkret iqtisadi-ictimai quruluşlarda mövcud olan nə prosseslər, iqtisadi, ictimai münasibətlər, nə də onları tənzimləyən hüquq sistemləri haqqında obyektiv və aydın təsəvvür yaratmır. Buna görə də mən Azərbaycanda olan iqtisadi-ictimai prosseslərin bəzi hallarının yaranması, onların məzmun və xüsusiyyətlərini, həm də bu münasibətləri tənzimləyən Anayasanın bəzi maddələrini şərh edəcəyəm. Çünki Azərbaycan oxucusuna öz ölkəsində mövcud olan prosseslər, münasibətlər daha yaxın olmaqla bərabər, Azərbaycan Respublikası Anayasası, hətta konkret qanunlarla bu prosses və münasibətlərin necə tənzimlənməsini başa düşmək, real prosseslərlə mövcud qanunları müqayisə etmək üçün imkanları daha çoxdur. Lakin bunu etməmişdən qabaq bir məsələni açıqlamaq zəruridir. Maraqlıdır ki, istisna edilmədən dünyanın bütün ölkələrində cəmiyyətin sosial-inzibati quruluşunun mahiyyətini müəyyən edən iqtisadi sistemin əsaslarının cəmiyyətdə kütləvi tədris və təbliğ edilməsi, həm də onun elmi əsaslarla, təhriflərə yol verilmədən tədris və təbliğ edilməsi, cəmiyyəti idarə edən hakim qüvvələr tərəfindən çox sərt formada, qəzəblə qarşılanır və buna bütün mümkün üsul və vasitələrlə yol verilmir. Bunun birinci səbəbi bundan ibarətdir ki, əgər iqtisad elminin bu sahəsi, yəni sosial-iqtisad təhrif edilmədən, kütləvi surətdə tədris və təbliğ edilərsə, vətəndaşların mütləq əksəriyyəti mövcud rejimin bütün eybəcərliklərini görməklə bərabər, ölkədə hansı idarəetmə sisteminin qurulmalı olduğunu bilməklə, hakim təbəqədən israrla bunu tələb edərlər. Yəni, ictimai şüur səviyyəsi artmış cəmiyyəti köhnə, mürtəce qaydalarla idarə etmək çox çətin, bir çox hallarda isə mümkün deyil. Digər tərəfdən mövcud quruluşun idarəetmə qaydalarını tam mənimsəmiş hakim qüvvələrə yeni idarəetmə üsul və qaydalarına vərdiş etmələri, mənimsəmələrindəki çətinlikdən əlavə, əksər hallarda onların şəxsi hazırlıq səviyyəsinin çox aşağı olması səbəbindən hakimiyyəti itirmək təhlükəsi çox olduğundan bu dəyişikliklərə son dərəcə sərt müqavimət göstərməyə məcbur olurlar. Cəmiyyətdə cəmiyyət və hakimiyyətin maraqları arasında yaranan bu ziddiyyət vaxtında, dinc yolla, islahatlar vasitəsi ilə həll edilmədikdə, bu ziddiyyət tədricən böyüyərək iri miqyaslı ictimai kataklizmlərə gətirib çıxarır. Buna görə də əksər ölkələrdə hakim qüvvələr çox zaman bu islahatları idarəetmə formalırının dəyişdirilməsi, və ya kadrların dəyişdirilməsi vasitəsilə islahat görüntüsü yaratsalar da, bu tədbirlər cəmiyyətdə uzunmüddətli sabitlik yarada bilmir. Bu gün texniki, iqtisadi, ictimai cəhətdən şərq ölkələrinə nisbətən inkişaf etmiş qərb ölkələri kapitalizm sisteminə uyğun müəyyən etdikləri idarəetmə qaydalarını mütləq demokratiya, insan və vətəndaş hüququ ölçüsü kimi elan etməklə yanaşı, dinin təşkilati mövcudluğunu da saxlayaraq ondan siyasi vasitə kimi istifalə etməklə cəmiyyəti şərq ölkələri ilə müqayisədə daha liberal üsullarla, lakin onun da mahiyyətdə saxtakarlıq, yalan aldatma, iqtisadi köləliyin bir qədər müasirləşdirilmiş forması ilə idarə edirlər.

Şərq ölkələrində, o cümlədən keçmiş SSRİ ərazisində yaradılan dövlətlərdə isə dövlət feodalizminin müxtəlif formalarını demokratiya, «hüquqi dövlət» kimi qələmə verməklə yanaşı, qərb ölkələrini yamsılayaraq dinin təşkilati mövcudluğunu önə çəkib, ondan siyasi alət kimi, xüsusilə vətəndaşların hakimiyyətə itaətdə saxlamaq baxımından daha çox istifadə edilir. Rusiyada Aleksandr Rutskoyun hüquq və iqtisadın əsaslarının orta məktəb proqramına daxil edilməsi üzrə təşəbbüsünün rədd edilməsinin əsil səbəbi də məhz hakim qüvvələrin mütləqiyyət üsul-idarəsi şəraitində onların cəmiyyətə sırıdıqları yalanların, saxta islahatların mahiyyətini vətəndaşların başa düşməsini qətiyyən istəməməsidir. Bu üsul yüz il bundan əvvələ qədər əhalinin mütləq əksəriyyətinin hətta yazıb-oxuya bilmədiyi, rabitə və kütləvi informasiya vasitələrinin bu günə nisbətdə demək olar ki, mövcud olmaması, cəmiyyətin ictimai şüur səviyyəsinin çox aşağı səviyyədə olması və s. səbəblərdən özünü müəyyən qədər doğruldurdu. Cəmiyyətin ictimai şüur, təhsil, savad səviyyəsində, rabitə və kütləvi informasiya vasitələrinin bu günkü inkişaf səviyyəsində cəmiyyətin köhnə üsullar vasitəsilə idarə edilməsi həm vətəndaşlar, həm hakim qüvvələr, ümumilikdə isə cəmiyyət və dövlətçilik üçün ən təhlükəli, böyük fəlakətlərə səbəb ola biləcək bir amildir. Həm də ən pis olan cəhət də budur ki, bu yalanlar və saxtakarlıqlar təkcə dövlət piramidasında oturan məmurların sözləri və əməlləri arasındakı kəskin ziddiyyətlə bitməyib, hətta ölkənin Anayasa və qanunları tədris sisteminin məzmunu, KİV-nin fəaliyyəiti ilə cəmiyyətdəki hadisə və prosseslərin arasında olan ziddiyyətdə də özünü açıq biruzə verir.

(Ardı var)

Şapur Qasimi