Yüksək şüurlu cəmiyyəti idarə etmək çətindirmi?

36

Anayasaya ötəri belə baxdıqda, cəmiyyətin bütün bu bəlalarının mütləq əksəriyyətinin hüquqi əsası məhz Anayasada qoyulduğu çox aydın görünür. Məsələn, Azərbaycan Respublikasının Anayasasının 7-ci maddəsinin III bəndində oxuyuruq; – «Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir:

– qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir. Yəni, Milli Məclisin üzvləri, sədri də daxil olmaqla gördüyü işə görə əmək haqqı alan muzdlu olmaqla, ölkəni idarə etməli olan qanunları hazırlayır və qəbul edir. Əsas olan da budur ki, qanunvericilik hakimiyyəti nə Milli Məclisin sədrinə, nə üzvlərinə, nə də ümumilikdə Milli Məclisə məxsusdur.

– məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir. Yəni məhkəmə hakimiyyəti nə məhkəmə sədrləri, nə hakimlər, nə də ümumilikdə məhkəmələrə məxsusdur. Onlar Milli Məclisin qüvvəyə minmiş qanunlarına uyğun olaraq məhkəmə proseslərini əmək haqqı müqabilində reallaşdıran muzdlu işçilərdir.

Cəmiyyətin ictimai bəlalarının böyük əksəriyyəti Anayasanın məhz 7-ci maddəsinin III bəndinin bu hissəsindən qidalanır. Belə ki, Anayasanın digər maddə və bəndlərində göstərəcəyim eybəcərliklərin, eləcə də bu günədək, bu gün də cəmiyyətdə mövcud olan cinayətkarlıq, rüşvətxorluq, insanların iqtisadi, inzibati, cismani, mənəvi, psixoloji terroru, qanunsuz, sifarişlə, həbs edilməsi, onların işgəncələrə məruz qoyulması özünün mövcudluq təminatını məhz bu bir sətirdən alır. İndi isə bunun səbəbini, mahiyyətini və bəzi məzmun detallarını açıqlayaq.

 

 

Məlumdur ki, cəmiyyətin idarə edilməsi qanunlar əsasında həyata keçirilməlidir və bu qanunları pozanlar həmin qanunlarda müəyyən edilən qayda və həddə cəzalanmalıdırlar. Əslində qəbul edilmiş qanunlar ədalətsiz olduqda belə, bu ədalətsiz qanunları qəbul edənlər uyğun məsuliyyət daşımalı, qanunlar ədalətli olduğu halda isə məhkəmə prossesi və qəbul edilən məhkəmə qərarlarında bu qanunların tələb və çərçivəsindən kənara çıxan hakimlər, bu qanunlarda nəzərdə tutulan məsuliyyətə cəlb edilməlidirlər. Belə halda cəmiyyətdə ədalətsiz qanunlar qəbul etməyə və ədalətli qanunları da pozmağa çox az adam həvəskar ola bilər. Birincisi vətəndaşlar ədalətli və ya ədalətsiz olmasından asılı olmayaraq qanunları, iqtisadi prosses və münasibətlərin və onlardan irəli gələn ictimai prosses və münasibətləri dərk etmədiyindən və bu prosses və münasibətləri tənzimləyən qanunları bilmədiyindən onları poza bilər. A.Rutskoyun «hüquq və iqtisadiyyatın əsaslarının orta məktəb proqramına daxil edilməsi» cəhdləri cəmiyyətdə məhz bu naqisliyin aradan götürülməsi üçün fövqəladə əhəmiyyətli məsələdir. Bu cəmiyyətdə vətəndaşların bilməyərəkdən yol verdiyi qanun pozuntuların mütləq əksəriyyətini aradan qaldırmaqla bərabər, millət və bütövlükdə cəmiyyət üçün fövqəladə və taleyüklü məsələlər haqqında qəbul edilən sənədlərdə də referendum zamanı 7-ci maddədə və bu maddənin doğurduğu eybəcər, əsaslı səhvlərə yol verilməsinin qarşısı alınmış olardı.

Bəs hakimiyyət anlayışı nədir?

Hakimiyyət anlayışının məzmun və mahiyyətini dərk emək üçün öncə mülkiyyət hüququna və onun predmetinə müraciət edək. Mülkiyyətin əsas beş predmeti, obyekti mövcuddur.

  1. Bunlar insanın şəxsi iş qüvvəsi, insanın hər hansı bir əqli və ya fiziki iş prossesində öz iş qüvvəsini tətbiq etdiyi əməyi, yəni, hər hansı bir prossesdə tətbiq, sərf etdiyi iş qüvvəsinin konkret miqdar və keyfiyyətinin məcmuu. 2. İnsanın hər hansı bir əqli, maddi nemət istehsalı və ya hansısa xidmətin göstərilməsi üçün öz iş qüvvəsini tətbiq etdiyi əmək prossesində istifadə edilən və əmək prossesinin iqtisadi komponenti olan əmək vasitələri və materiallar, yəni, onun əməyinin iqtisadi azadlığı. 3. İnsanın əməyinin inzibati azadlığı, yəni, onun öz iş qüvvəsini hər hansı bir məhsul istehsalı və ya xidmət prossesində əməyini tətbiq etmək üçün inzibati azadlığı. Bu məsələ bu gün müxtəlif lisenziya və icazələrlə tənzimləndiyindən bu prossesin bütün detalları azad sahibkarlıqla məşğul olmaq istəyənlərə məlum olduğundan mən bunun üzərində dayanmıram. 4. İnsanların özünün şəxsi inzibati azadlığı, yəni onun təhsil, iş, peşə, yaşayış yeri seçmək, söz, əqidə azadlığı və s. hüquqlarının reallaşdırılması hüququnun kiminsə və ya kimlərinsə icazəsi, razılığı olmadan onun özünə məxsus, mənsub olması. 5. İnsanın maddi cəhətdən, yəni iqtisadi azadlığıdır ki, bu da hər bir insanın şəxsi istehlakla birlikdə, onun istehsal tələbatının ödənilməsi baxımından, iqtisadi azadlığıdır.

Mülkiyyətin bu beş elementi hər bir insanın öz mülkiyyətində olmadıqca onun tam azadlığından söhbət belə gedə bilməz. Hər bir insanın azadlıq səviyyəsi məhz bu amillərin onun mülkiyyətində olması səviyyəsindən birbaşa asılıdır. Hər bir insan fərd olaraq ayrıca, təcrid olunmuş halda deyil, ailə, kənd, şəhər, dövlət anlayışları ilə çərçivələnən məkanlarda başqa insanlarla qarşılıqlı əlaqə və münasibətlərdə yaşaması, fəaliyyət göstərməsi səbəbindən, ona mənsub, məxsus, olmalı olan sahiblik hüququnun bir hissəsi vətəndaşı olduğu cəmiyyətin idarə olunması, yəni onun başqaları ilə olan şəxsi, kollektiv və ümummilli münasibətlərin tənzimlənməsi üçün öz hüquqlarının bu hissəsi ona məxsus ola bilmir. Vətəndaşın hüquqlarının ona bilavasitə məxsus olmayan hissəsinin miqdarının həcmi isə birbaşa hər bir cəmiyyətdə həm də ümumiyyətlə beynəlxalq müstəvidə elmin, texnikanın, iqtisadiyyatın, cəmiyyətin ictimai şüur səviyyəsi və cəmiyyətin idarə edilməsi üsullarının inkişaf səviyyəsindən asılıdır. Cəmiyyətdaxili münasibətlər hər bir ölkənin Anayasası və ondan irəli gələn qanunlar, dövlətlərarası, beynəlxalq münasibətlər isə qanun statusu daşıyan beynəlxalq miqyasda qəbul edilən hüquqi normalar və dövlətlər arasında bağlanan ikitərəfli, üçtərəfli və s. müqavilələr əsasında tənzimlənir. Yəni, bütün hallarda vətəndaşların ümumi mənafei və münasibətlərinin tənzimlənməsi üçün zəruri olan hüquqları birbaşa, bilavasitə özləri tərəfindən reallaşdırılması mümkün olmadığından vətəndaş bu funksiyanı başqasına güzəştə getməli olur. Bu münasibətləri qanun tənzimlədiyindən vətəndaşların bu hüquqları qanuna mənsub, məxsus olmalı, yəni qanunun sahibliyində olmalıdır. Ancaq bu halda qanun şah ola bilər.

 

 

Hakimiyyət, deməli alilik qanuna verildikdə, qanun cansız, həm də ali varlıq olduğundan, eləcə də ailə üzvləri, qohumları, dost-tanışları, əsəbləri, emosiayaları, maraqları və s. olmadığından və prezident də qanunvericilik, məhkəmə və digər dövlət orqanlarının muzdlu məmurları kimi bu qanunların mahiyyəti, məzmunu və çərçivəsinə əməl etməyə borcludur. Əks halda qanunla müəyyən edilən cəza qaçılmazdır. Çünki bu halda dövlət idarəetməsinin bütün strukturları bu tələbə cavab verən konstruksiyada və formada qurulur.

Azərbaycanda bu gün istisna edilmədən hər bir vətəndaşın ata-anasının, nənə-babasının kim olmasından asılı olmayaraq ən müqəddəs borcu və vəzifəsi Azərbaycanı hər tərəfdən əhatəyə alaraq dövlət müstəqilliyini açıq-açığına təhdid edənlərdən qorumaq, şəhid ailələrinin, diri şəhidlərimizin, yaralı və yarasız qazilərimizin, qarlı-boranlı, yağışlı havada dağlarda, düzənlərdə, gecə-gündüz düşmənlə, ölüm təhlükəsilə üz-üzə durub vətəni və bizim hamımızı qoruyan hərbçilərimizin özlərini və ailə üzvlərinin normal həyatı təmin edilməsidir. Çünki bu, sabah millət və vətəndaş kimi azad və müstəqil yaşamağımızın əsas təminatçısıdır.

Dövlət – vətəndaş, ümumiyyətlə cəmiyyət münasibətlərinə gəldikdə isə dövlət piramidasında əyləşənlər dövlət sirrləri istisna edilməklə heç bir həqiqəti cəmiyyətdən gizlətməməlidir. Belə ki, bunların əslində heç kimin öz vəzifə səlahiyyətlərini vicdanla yerinə yetirməsinə, nə də ki, başqa ictimai fəaliyyətinin məzmun və mahiyyətinə heç bir dəxli olmadığı halda, kütləni ölkədə öz məqsədlərini reallaşdırmaq xatirinə səhv istiqamətə yönəltməyə çalışanlara bəhanə vermiş olur.

(Ardı var)

Şapur Qasimi