Yeni qayda: maşınlara “plyonkalar” necə çəkilməlidir?

78

Bu qərar qəbul edilməzdən əvvəl yol polisi sürücülər üçün müəyyən güzəştlər edirdi. Daxili İşlər Nazirliyinin rəhbərliyi şifahi şəkildə göstəriş vermişdi ki, yol polisi əməkdaşları sürücülərə qarşı hər hansı bir cərimə tətbiq etməsin. Ancaq bunun hansısa bir formada qanunvericiliyə gətirilməsi zərurəti yaranmışdı, çünki bu şifahi icazə dövlət standartı və “Yol hərəkəti haqqında” qanunu ilə üst-üstə düşmürdü. Azərbaycan bununla bağlı Avropa İqtisadi Komissiyasının qərarı və beynəlxalq konvensiya və qanunları dəstəkləyirdi, ancaq bizim qanuna görə şüşə örtüklərinin istifadəsinə ancaq mayın 1-dən noyabrın 15-nə qədər icazə var idi. Bu, sürücüləri narahat edirdi və onlar il ərzində cərimə olunurdu. İndi isə bu qanun artıq təsdiqlənib və qaydaların müəyyənləşdirilməsi üçün 2 ay müddət verilib. Sürücülər artıq il ərzində jalüz, plyonka və pərdələrdən qaydalar çərçivəsində istifadə edə biləcəklər.

Hurriyyet.org bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı Azərbaycanda nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsinə dair yeni qayda haqda danışarkən deyib.

O bildirib ki, sürücülər hazırda əvvəlki qaydada maşınlarına örtük çəkə bilərlər:

“Sürücülər hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda avtobusun pəncərələrindən pərdə asa, eləcə də minik avtomobillərinin arxa şüşələrinə örtük (pərdə və ya plyonka) çəkə və ya sənaye üsulu ilə hazırlanan jalüz asa bilərlər. Maşının qabaq qapı və alın şüşələrinə heç bir halda tündləşdirici vasitə çəkmək olmaz. Şüşə zavoddan istehsal olunduğu vəziyyətdə qalmalıdır”.

Qeyd edək ki, ötən gün Nazirlər Kabineti Azərbaycanda avtomobillərin şüşələrinə örtüklərin çəkilməsinə dair yeni qaydanın hazırlanması barədə qərar verib. Qərara əsasən, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İqtisadiyyat Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, layihəni iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.