Yeni “İpək yolu” ssenarisinin ilk primerası – “Ever Given” qəzasının səhnə arxası

42

Misir prezidenti Əbdəl-Fəttah əs-Sisi Süveyş kanalını bloklayan “Ever Given” konteyner gəmisinin yükünün boşaldılması haqqında sərəncam verib. 

Ovqat.com “Əl-Ərəbiyyə” telekanalına istinadən xəbər verir ki, artıq bu istiqamətdə işlər başlayıb.

Süveyş kanalı administrasiyasının rəhbəri Usamə Rabiənin sözlərinə görə, ən son çarə kimi həyata keçirilən  bu tədbir çox mürəkkəb və zəhmət tələb edən işdir.

“Biz gəmini iki yolla — dartma və dəniz dibini qazma metodlarını ilə yerindən tərpətmək üçün gecə-gündüz çalışdıq. Amma ciddi nəticə əldə etmədik. İndi isə üçüncü ssenari üzrə hazırlaşırıq — gəmidəki yükləri azaltmaq”, — deyə o vurğulayıb.

Hazırda kanalın mütəxəssisləri Hollandiyanın “Smit Salvage” şirkətinin ekspertləri ilə birlikdə problemin həlli üçün gəminin hansı həcmdə boşaldılmasının zəruri olduğunu qiymətləndirirlər.

Bununla yanaşı, kanal administrasiyasının rəhbəri vurğulayıb ki, ötən günlərlə müqayisədə konteyner yükünün vəziyyətinin yaxşılaşması müşahidə olunur. Gəmi dörd metr hərəkət edə bilib. Qurtarma çalışmalarında hazırda 14 dartı gəmisi işləyir. Onlardan ikisi — “Alp Guard” və “Carlo Magno” qəza baş verən gündən hadisə yerinə göndərilib. İndiyədək “Ever Given”in burun hissəsini bir qədər yerindən tərpətmək mümkün olub. Bu, gəminin zəminə oturduğu ərazidə 20 min tondan çox torpağın çıxarılmasından sonra baş verib.

Panama bayrağı altında hərəkət edən “Ever Given” konteyner gəmisi martın 23-də Süveyş kanalının cənubunda suyun dibinə oturub. Hadisənin güclü külək nəticəsində yaşandığı təxmin edilsə də, qəsdən törədilmiş təxribat ehtimalı da istisna deyil.

Gəminin göyərtəsində Çindən Niderlandın Rotterdam limanına göndərilən 20 mindən çox ağır konteyner var. “Ever Given” dünyanın ən böyük konteyner gəmilərindən biridir: uzunluğu 400 m, eni 59 m-ə çatır.

Süveyş kanalının ümumi uzunluğu 163,3 km, dərinliyi 20 m, eni 450 m-dir. 400 metrlik gəminin yana çevrilməsi nəticəsində 450 metr enə malik olan Süveyş kanalı, demək olar ki, tamamilə kəsilib. Kanal 240 min tona qədər yük daşıyan gəmiləri Aralıq dənizindən Qırmızı dənizə (və ya əksinə) keçirmək qabiliyyətinə malikdir. “Ever Given” gəmisi qəzaya uğradığı zaman maksimum həddə yaxın – 220 min ton yük daşıyırmış.

Gəminin dünya dəniz ticarətinin mühüm keçid nöqtələrindən birini bağlaması qlobal iqtisadiyyata ciddi zərər vurur və bu prosesin uzanması qalıcı təsirlər yarada bilər. Süveyş kanalının bağlanması ticarət gəmilərini bütün Afrika qitəsinin ətrafını dövr edərək Hind okeanından Avropaya yük daşımaq məcburiyyətində buraxır ki, bu da olduqca uzun və riskli marşrut deməkdir.

Qəza xüsusilə Avropa ölkələrinin enerji resursları ilə təchizatında ciddi problemlərə yol açır. Avropanın neft və qaz tədarükünün hardasa yarısının Süveyş kanalından keçdiyini nəzərə alsaq, hadisədən ən çox “qoca qitənin” zərər görəcəyini anlaya bilərik. Hesablamalara görə, kanalının 1 gün bağlı qalması qlobal iqtisadiyyata 6-10 milyard dollar arasında zərər vurur.

Gəminin boşaldıb yüngülləşdirdikdən sonra kənara çəkilməsi də başqa risklər doğurur. Əvvəla, Süveyş kanalının administrasiyasının dediyi kimi, bu xilasetmə çalışmalarını xeyli uzada bilər. İkincisi isə, gəminin yüngülləşməsi onun kənara dartılması anında devrilməsi ilə nəticələnə bilər. Bu da problemin daha da böyüməsi anlamına gəlir.

Kanalın uzun zaman işləməməsi isə Avropanı rus qazından asılı vəziyyətə saldığı kimi, dünya neftinin 40%-ni çıxaran Yaxın Şərq ölkələrini də Çin bazarını qazanmaq uğrunda yarışa təhrik edir. Bu da nəticə etibarilə, həm Çinin enerji qaynaqlarına əlçatımlığını artırır, həm də Rusiyanı Avropanın enerji təchizatında ən mühüm tərəfdaşa çevirir. Sözügedən qəzanın ABŞ və bəzi Qərb  ölkələrinin geopolitik mübarizədə hədəf taxtasına çevirərək təbii müttəfiq olmağa sürüklədikləri Rusiya ilə Çinin işinə yaradığı açıqdır.

Süveyş kanalının bağlanması qlobal ticari əlaqələrdə tarixi İpək yolunun kəsilməsinin ilk dövrlərində ortaya çıxan şəraitlə ilə faktiki eyni durumu yaradır. Xatırladaq ki, İstanbulun türklər tərəfindən fəthindən sonra alternativ yollar axtaran Avropa ölkələri gəmi daşımaçılığına önəm vermiş və Afrika qitəsinin ətrafından fırlanaraq Uzaq Şərq ölkələri ilə ticari əlaqələri davam etdirmişlər. Yeri gəlmişkən, “Ever Given” qəzası zamanı bir çox gəmilərin Afrika qitəsi ətrafında dolaşmaq marşrutunu seçdikləri barədə məlumatlar gəlməkdədir. Həmin marşrut xeyli uzun və təhlükəli olduğundan Qərb dünyası 15-ci əsrdən başlayaraq daha qısa yollar axtarışına başlamış və bu təşəbbüslərin böyüməsi yeni ərazilərin kəşfi və istismarı ilə nəticələnmişdi. Daha sonra Süveyş kanalının açılması ilə ən qısa və ucuz marşrut kəşf olunmuşdu.

Hazırda həmin qısa marşrutun müvəqqəti olaraq bağlanması dünyanı yenidən 15-ci – 16-cı əsrlərdəki marşrut xətlərinə qaytarır və Süveyş kanalının etibarlılığına ümidi azaldır. Nəzərə alsaq ki, öz dünya ağalığını dənizlərə nəzarət hegemoniyası üzərində quran ABŞ-ın bu strategiyasına qarşı Çin quru İpək yolu layihələri ilə çıxmağa çalışır, “Ever Given” gəmisinin Süveyş kanalına saplanmasını yeni ticari münasibətlərin ilkin primerası da adlandırmaq olar.

Məqalə dərcə hazırlandığı zaman Süveyş kanalından gələn son dəqiqə xəbərləri qlobal iqtisadiyyatın böyük bir böhranı atlatdığı ümidlərini artırır. Məlumata görə, “Ever Given” saplandığı dayazlıqdan artıq çıxarılıb. “Bloomberg” xəbər agentliyi “Inchcape Shipping” dəniz gəmiçiliyinə istinadən xəbər verir ki, xilasetmə qrupları Süveyş Kanalında sıxışan Ever Given konteyner gəmisinin hərəkətini qismən bərpa ediblər.

ABŞ-n “The Wall Street Journal” nəşri də Süveyş kanalı administrasiyasının rəhbəri Usama Rabiaya istinadən konteyner gəmisinin dayazlıqdan yalnız qismən çıxarıldığını, yedək gəmilərinin onun axınını düzəltməyə çalışdığını bildirir. “Bu yaxşı xəbərdir. Amma problem hələ bitmədik, sadəcə gəmi hərəkət etdi”,-Rabia nəşrə açıqlamasında belə deyib.

Şənbə gününə qədər Süveyş kanalında 320-dən çox gəminin yığıldığı və nəticədə Fransanın ən böyük nəqliyyat şirkəti “CMA CGM Group” Afrika ətrafı marşrutu üzrə Asiyaya gəmilər göndərdiyi bildirilir. Bazar gününə qədər Süveyş kanalının girişindəki tıxac 65 kilometr məsafəyə qədər uzanırmış.

Heydər Oğuz,
Ovqat.com