Yaponiyada peyvəndin fəsadları ABŞ və İngiltərəni dəfələrlə geridə qoydu

39

Hurriyyet.org xəbər verir ki,  Yaponiyada hökumət indiyə qədər 580 min doza peyvənd vurulmuş səhiyyə işçiləri arasında ciddi allergik reaksiya olan anafilaksiya hallarının 47 dəfə baş verdiyini açıqladı. Ölkədəki əlavə reaksiya səviyyəsi həm ABŞ, həm də İngiltərəni geridə qoyub.

Yaponiyada Kovid-19-a qarşı peyvənd kampaniyası 17 fevral tarixində, səhiyyə işçiləri arasında başlayıb. Səhiyyə Nazirliyinin açıqlamasında 580 min peyvənddən sonra 47 nəfərdə ciddi allergik reaksiya olan anafilaksiya halının baş verdiyi, bütün halların tibbi müdaxilədən sonra yaxşılaşdığı bildirilir. Beləliklə, Yaponiyada 1 milyon dozada 81 yan təsir halı qeydə alınmış hesab edilir. ABŞ-da 1 milyon dozada 5 anafilaksiya, İngiltərədə isə 20 anafilaksiya halı qeydə alınıb. Yaponiyada peyvənd proqramının başqa ölkələrdən gec həyata keçirildiyini vurğulayan mütəxəssislər peyvənd edilənlərin sayı artıqca, mənzərənin dəyişə biləcəyini bildiriblər.

Qəflətən yaranan və ölümə səbəb ola bilən ciddi allergiya reaksiyası kimi tanınan anafilaksiya ümumilikdə qızartı, qaşıntı, boğaz şişməsi və qan təzyiqinin düşməsi kimi simptomlarla özünü göstərir. Böcəklərin dişləməsi, ərzaq və dərman məhsullları da anafilaksiya səbəbi ola bilər.

Yaponiyada Kovid-19 xəstəliyinə yoluxanların sayı 6 fevral tarixindən bəri ilk dəfə 2 min nəfəri keçərək 2026 nəfərə çatıb. Ölkədə indiyə qədər ümumilikdə 465 752 yoluxma, 9 017 ölüm halı qeydə alınıb.