“Yapı Kredi Bank Azərbaycan”ın xalis mənfəəti 3 dəfə azalıb

279

“Yapı Kredi Bank Azərbaycan” QSC 2020-ci ili 1,373 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu ilə nisbətən 66,5% və yaxud 2,9 dəfə azdır.

Ötən il “Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri 45,53 milyon manat (illik müqayisədə 6,1% az), xərcləri 28,665 milyon manat (11% az), xüsusi ehtiyatlara ayırmaları 14,71 milyon manat (34,6% çox), mənfəət vergisi ödəmələri isə 782 min manat (44% az) təşkil edib.

Bu il yanvarın 1-nə “Yapı Kredi Bank Azərbaycan”ın aktivləri 348,285 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 18,7% azdır. Bunun 107,557 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə Bankın kredit portfeli 25% kiçilib.

Hesabat dövründə “Yapı Kredi Bank Azərbaycan”ın öhdəlikləri 23,3% azalaraq 266,36 milyon manata, o cümlədən depozit portfeli 22,7% azalaraq 247,98 milyon manata düşüb, balans kapitalı isə 0,8% artaraq 81,924 milyon manata çatıb.

Xatırladaq ki, “Yapı Kredi Bank Azərbaycan” 1998-ci ildə (əvvəlki “Koçbank (Azərbaycan)”, 2007-ci ildə rebrendinq edilib) yaradılıb. Onun nizamnamə kapitalı 55,4 milyon manatdır. Bankın səhmlərinin 99,8%-i Türkiyənin “Yapı Kredi Bankı”na, 0,01%-i “Yapı Kredi Yatırım Menkul Değerler” şirkətinə, 0,01%-i isə “Yapı Kredi Finansal Kiralama” şirkətinə məxsusdur.