Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq zabiti qonşusunun hücumuna məruz qalıb

90

Asif Lətifov: Məhkəmə iddiasıyla razılaşmayan Mirsahib Seyidov və ailəsi evimə hücum edib, məni öldürməklə hədələyiblər

Abşeron rayonu Xırdalan qəsəbəsinin sakini, Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) xüsusi təyinatlı dəstəsinin sabiq zabiti Asif Aydın oğlu Lətifov “Hürriyyət”ə müraciət edərək, qonşusu Mirsahib Seyidov və ailəsi tərəfindən hücumlara məruz qaldığını deyib.

45 ildir “pivə zavod”un binasında yaşayan şikayətçi, qonşusu Mirsahib Seyidovun qanunsuz tikinti aparmasından sonra məhkəmə orqanlarına müraciət edib. Məhkəmə Asif Lətifovun şikayətini təmin edir. Lakin məhkəmə iddiasıyla razılaşmayan qarşı tərəf Mirsahib Seyidov və ailəsi Asif Lətifovun evinə hücum etmiş və onu öldürməklə hədələyiblər. Daha sonra isə Asif Lətifovun əkdiyi ağacları çıxarıb, yerinə kimyəvi maddə töküblər: “45 ildir ki, burda yaşayırıq. Bura “pivə zavod”un binası da deyilir. Qarşı tərəf Mirsahib Seyidov isə bu binada Naxçıvanın Şərur rayonundan gəlib və 1999-cu ildən məskunlaşıb. Onların üç otaqları var. Daha sonra evlərinin qabağında qanunsuz olaraq əlavə tikinti işi apardılar. Qanunsuz tikinti işlərindən sonra gəlib mətbəximin qabağını tutdular. Bununla bağlı aidiyyatı qurumlara şikayət etdim. Etdiyim şikayətdən sonra, bildirdilər ki, sözügedən tikili söküləcək. Lakin, dedikləri kimi sökülmədi. Məcburiyyət qarşısında qalıb, 2019-cu ildə Abşeron rayon Məhkəməsinə müraciət etdim.

Məhkəmə iddia tələbimi təmin etdi. Çünki, tikinti qanunsuzdur. Eyni zamanda, məətbəxlə bunların olduğu evin arasındakı məsafə 3 metr 20 sm-dir. Bu da tikinti standartlarına ziddir. Qaz partlayışı olarsa, ilk növbədə məskunlaşdığım evə zərər dəyəcək. Qanunvericiliyə görə, məsafə 9-11 m olmalıdır. FHN və arxitektura komitəsi də tikintinin qanunsuz olduğunu qeyd ediblər. Məhkəmə də iddiamı təmin edib. Qarşı tərəf, məhkəmədən narazı qalıb, Sumqayıt Apellyasiya məhkəməsinə verdi. Aprelin 15-də Sumqayıt Apellyasiya məhkəməsi də iddiamı təmin etdi. Onların iddiasını isə rədd etdi. Məhkəmə qanunsuz  tikilinin sökülməsiylə bağlı qərar qəbul edib. Məhkəmə qərarından sonra martın 10-da eyvanımın ön tərəfinə hücum etdilər. Eyni zamanda, məni öldürməklə də hədələyirlər. Kişiləri gizlənib, qadınlarını isə qabağa verib mənim üzərimə göndərirlər. Mirsahib Seyidovun həyat yoldaşı, qızı və baldızı evimin yanında səs-küy yaradırlar. Bununla bağlı Abşeron Polis İdarəsinə də ərizə ilə müraciət etmişəm. Bildirmişəm ki, evimin kənarında mənim rahatlığım pozulur. Aprelin 25-də səhər saatlarında eyvanımın altında səs-küy olduğunu eşitdim. Mirsahib Seyidovun həyat yoldaşı əlindəki taxta ilə pəncərimi döyəcləyərək, pəncərinin kənarındakı kafeli qopartdı. Yenə də məni öldürməklə hədələdilər. Mirsahib Seyidovun həyat yoldaşı, qızı, baldızı və kürəkəni Orxan adlı şəxs ağaclarımın ikisini çıxartdılar. Daha sonra da növbəti dəfə ağaclarımı çıxardıb, naməlum istiqamətə aparıblar. Ağacları kökündən çıxardandan sonra həmin yerə kimyəvi maddə töküblər. Bununla bağlı “102” zəng mərkəzinə də məlumat vermişəm. Təhqiqat Şöbəsində ərizə yazmışam. Ərazidən şəkillər də çəkilib. Ekologiya və Təbii Sərvətlər nazirliyindən də gəlib, kəsilmiş ağacların şəkilləri çəkilib. Əvvəlcə qarşı tərəf qəbul etmədi. Lakin, hər şey video müşahidə kamerasında qeydə alınıb. Hazırda araşdırma gedir. Bundan əlavə onların evinin altından qanunsuz su borusu gedir. Zirzəmi su ilə dolub. Bununla bağlı bina sakinləri də aidiyyatı qurumlara şikayət edib. Digər tərəfdən, pəncərəmin altı metrliyində vəhşi it saxlayırlar. İt səhərə kimi hürür, bina sakinklərini narahat edir. Polisə dəfələrlə məlumat verilib. Eyni binada valideynlərim ikinci mərtəbədə yaşayır. Valideynlərim də polisə şikayət ünvanlayıb. Maraqlısı budur ki, hər iki hücum bazar günləri olub. Görünür ki, bu hadisələr məqsədyönlü şəkildə həyata keçirilib. Çünki, məhkəmə qərarıyla razılaşmırlar. Bildirirlər ki, tikilini məhkəmə qərarıyla söksən, səni öldürəcəyik. Öz vəsaitim hesabına əkdiyim ağaclar çıxarılıb. Mənə maddi ziyan da vurulub. Taxtayla döyərək, pəncərəmin qırağına zərər veriblər. Aidiyyatı qurumlardan xahiş edirəm ki, bu şəxslər cəzasını alsınlar”.

Asif Lətifov bildirir ki, Ekologiya və Təbii Sərvətlər nazirliyinə və hüquq-mühafizə orqanlarına müraciətdən sonra əraziyə baxış keçirilib. Hazırda ərazidəki müşahidə kameralarına baxış keçirilərək, araşdırma aparılır.

YƏHYA