Xristian təəssübkeşliyi, yoxsa rəsmi Tiflisin ortaya çıxan iç üzü?

174

Məhəmməd Əsədullazadə: “Bu, birbaşa Gürcüstan hakimiyyətinin Azərbaycana qarşı avantürist siyasətidir”

Osman Gündüz: “Reallıq ondan ibarətdir ki, Azərbaycan üçün strateji, prinsipial məsələlərdə Gürcüstan starteji tərəfdaşlığa sığmayan davranışlar sərgiləyir”

“Hakim “Gürcü Arzusu” partiyası və “boz kardinal” Bidzina İvanişvili Azərbaycanla əlaqələrdə daim problemlər axtarır, strateji tərəfdaşlığa zərbə vurur”

“Reallıq ondan ibarətdir ki, Gürcüstan Azərbaycan üçün strateji, prinsipial məsələlərdə starteji tərəfdaşlığa sığmayan davranışlar sərgiləyir. Ümid edirəm ki, hökumətimiz bunların fərqindədir”

Üç gün əvvəl Avropa Şurası Parlament Assambleyasının (AŞPA) plenar iclasında Ermənistanın təşəbbüsü ilə 44 günlük Vətən müharibəsində – ikinci Qarabağ savaşında “əsir düşmüş” erməni hərbçilərinin qaytarılmasını əks etdirən qətnamə səsverməyə çıxarılıb. Səsvermə zamanı Gürcüstanın AŞPA-dakı nümayəndə heyəti tam tərkibdə sözügedən qətnamənin lehinə səs verib. Bununla da rəsmi Tiflis bütün dostluq münasibətlərini və Azərbaycanın çətin anlarda göstərdiyi dəstəyi bir kənara qoyaraq, öz iç üzünü ortaya qoyub. Yəni Bakı ilə münasibətlərində səmimi olmadığını, onlar üçün hər zaman xristian təəssübkeşliyinin öndə olduğunu nümayiş etdirib.

Əlbəttə, bu gün hər kəsə, o cümlədən Gürcüstan rəsmilərinə də bəllidir ki, İrəvanın “hərbi əsir” kimi qələmə verməyə çalışdığı hərbçilər 2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri, həmçinin Ermənistanın baş naziri tərəfindən imzalanan bəyanatdan sonra, ermənilərin «hərbi əsir” adlandırdıqları şəxslər Azərbaycan ərazisinə keçərək, təxribat törətməyə cəhd ediblər. Halbuki, müharibə qurbanlarının müdafiəsi haqqında 1949-cu il tarixli Cenevrə konvensiyalarının müddəalarına əsasən, konkret cinayət əməli törətmiş terror təxribat qrupunun üzvləri hərbi əsir hesab edilə bilməzlər. Odur ki, Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin bunu bilə-bilə Azərbaycanın əleyhinə olan qətnaməyə səs verməsi rəsmi Bakının Tiflislə münasibətlərində ciddi korrektələr etməsinə zəmin yaradır.

“Gürcüstana edilən bu qədər dəstək müqabilində düşmənlə eyni cəbhədə dayanmaqla bir daha sübut edirlər ki, onlardan strateji tərəfdaş olmaz”

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Gürcüstanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin ölkəmizin əleyhinə olan qətnaməyə səs verməsi rəsmi Tiflisin Azərbaycana qarşı xoş olmayan siyasətinin təzahürüdür: “Gürcüstan hakimiyyətinin tapşırığı ilə Azərbaycana qarşı səs verilməsi, öz ərazi bütövlüyünü qəsb edən Rusiyanın strateji müttəfiqi olan Ermənistanı dəstəkləməklə konkret olaraq balans siyasətinin üstündən xətt çəkdi. Hakim “Gürcü Arzusu” partiyası və “boz kardinal” Bidzina İvanişvili Azərbaycanla əlaqələrdə daim problemlər axtarır və strateji tərəfdaşlığa zərbə vurur”.

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədrinin sözlərinə görə, bu səsvermə heç də Gürcüstan deputatlarının şəxsi təşəbbüsü deyil: “Bu, birbaşa Gürcüstan hakimiyyətinin Azərbaycana qarşı avantürist siyasətidir. Bu gün Gürcüstan Azərbaycan və Türkiyənin dəstəyi ilə ayaqdadır. Bu dəstək kəsilərsə, o zaman Rusiya Gürcüstanı tam işğal altına ala bilər. Əlbəttə, hazırda Gürcüstan deputatlarının Azərbaycanın əleyhinə səsverməsi ilə bağlı çağırışlar təqdirəlayiqdir. Amma “Azərbaycan beynəlxalq təşkilatlarda Gürcüstanın ərazi bütövlüyünə qarşı səs versin” kimi çağırışlar beynəlxalq hüquqa qarşı gəlməkdir. Çünki Azərbaycan məhz beynəlxalq hüququ üstün tutaraq ərazilərini işğaldan azad etdi. Hər bir dövlətin ərazi bütövlüyü toxunulmazdır və Azərbaycan daim beynəlxalq hüquqdan çıxış etməklə Gürcüstanın ərazi bütövlüyünə səs verməlidir. Çünki biz Gürcüstan xalqını və onun dövlətini dəstəkləyirik.

Bu gün “Gürcü Arzusu” partiyasının siyasəti Gürcüstan xalqının əleyhinədir. Azərbaycan tərəfi bununla bağlı ciddi addımlar atmalıdır. Onsuz da Azərbaycan diversantları azad edəcək. Ermənistanla normallaşma prosesinə gediləcək və Mehri dəhlizi açılandan sonra Gürcüstanın əhəmiyyəti kifayət qədər aşağı düşəcək. Onda Gürcüstan Azərbaycana daha çox möhtac qalacaq. Bu gün Rusiya bu ölkənin ərazisini işğal edib və Gürcüstan hakimiyyəti bunu görməzdən gəlir”.

Politoloq onu da əlavə edib ki, Azərbaycan Gürcüstan hakmiyyətindən izahat tələb etməli və heç olmasa, neytral qalmasını onlara başa salmalıdır: “Gürcüstana edilən bu qədər dəstək müqabilində düşmənlə eyni cəbhədə dayanmaqla bir daha sübut edirlər ki, onlardan strateji tərəfdaş olmaz”.

“Gürcüstan altdan-altdan Azərbaycana qarşı bütün cəbhələrdə hücumdadır”

“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə bildirib ki, Gürcüstan altdan-altdan Azərbaycana qarşı bütün cəbhələrdə hücumdadır: “Adətən, biz Gürcüstan-Azərbaycan münasibətlərinin dinamik inkişafı ilə bağlı məlumatlara öyrəşmişik. Amma son dövrlərdə baş verənlər bu münasibətlərdə nəyinsə doğru olmadığı anlamına gəlir. Bildiyiniz kimi, AŞPA-nın iclasında Ermənistanın təşəbbüsü ilə müharibədə “əsir düşmüş” erməni hərbçilərinin qaytarılmasını əks etdirən qətnamə səsverməyə çıxarılıb. Azərbaycanın strateji tərəfdaşı Gürcüstanın qurumdakı nümayəndə heyəti tam tərkibdə bu qətnamənin lehinə səs verib. Uzun illər Azərbaycanın dəstəyi ilə öz iqtisadi vəziyyətini yaxşılaşdıran Gürcüstanın bu cür prinsipial bir məsələdə Ermənistanın xeyrinə səs verməsi anlaşılan deyil”.

Osman Gündüzün fikrincə, Gürcüstan həm də texnoloji cəbhədə Azərbaycana qarşı haqsız davranış sərgiləyir: “Azərbaycanın NEQSOL şirkəti “Rəqəmsal İpək Yolu” və onun bir hissəsi olan “Azerbaijan Digital Hub” proqramı çərçivəsində 2019-cu ildə Gürcüstanın “Caucasus Online” telekommunikasiya şirkətinin bütün səhmlərini qanuna uyğun olaraq alıb. “Caucasus Online” Qara dənizin dibi ilə 1200 km bir optik xəttə sahibdir. 80 faiz interneti bu xətt üzərindən olan Ermənistan və Gürcüstan bu magistral xəttin Azərbaycanın nəzarəti altına keçməsindən narahat olublar. Hansı ki, NEQSOL Holdinqin investisiyası əsasında yenidən qurulacaq regional internet magistralından adıçəkilən ölkələr də kifayət qədər bəhrələnəcəkdilər. Lakin Gürcüstan hökuməti dərhal hərəkətə keçib, təcili elektron kommunikasiyalar haqqında qanunvericiliyə dəyişiklik edib, bu dəyişikliyə uyğun olaraq Gürcüstan hökumətinin nümayəndəsini artıq Azərbaycan şirkəti olan “Caucasus Online”a qanunsuz olaraq administrator təyin edib. Hələlik məhkəmə bu administratorun fəaliyyətini dondurub. Artıq 2 ildir ki NEQSOL Gürcüstan hökumətinin bu qanunsuz hərəkətinin qarşısını almaq üçün beynəlxalq məhkəmələrdə vuruşur. Yəni reallıq ondan ibarətdir ki, Azərbaycan üçün strateji, prinsipial məsələlərdə Gürcüstan starteji tərəfdaşlığa sığmayan davranışlar sərgiləyir. Ümid edirəm ki, hökumətimiz bunların fərqindədir”.

Vazeh BƏHRAMOĞLU