“Xocalıya ədalət” tələbi…

138

Azərbaycan diasporunun bu istiqamətdə uğurlu fəaliyyəti danılmazdır

“Gəlin həqiqət naminə və ədalətin zəfər qazanması üçün birgə kampaniya aparaq”

“Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (İKGF) Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-də start verilib.

Kampaniya Xocalı soyqırımı ilə bağlı beynəlxalq maarifləndirmə aparılması məqsədini daşıyır. Kampaniyanın fəaliyyəti həmçinin Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, sağ qalmış ailələrə dəstək göstərilməsi, bu hadisələrin yaddaşlarda yaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmamasına yönəlmişdir.

Kampaniya qlobal səviyyədə fəaliyyət göstərmək və öz müraciətlərini çatdırmaq üçün müxtəlif kommunikasiya vasitələri və resurslarından, o cümlədən media, internet və canlı tədbirlərdən fəal şəkildə istifadə edir. Kampaniya çərçivəsində təşkil edilən tədbirlərdə əsas diqqət kütləvi qırğınlara, etnik təmizləmə və irqi, etnik və ya dini ayrı-seçkilik hallarına qarşı güclü müqaviməti nümayiş etdirməyə, Xocalı soyqırımı qurbanları ilə həmrəyliyi ifadə etməyə və Xocalıda azərbaycanlılara qarşı törədilmiş cinayətlərə görə cəzasızlıq halları ilə mübarizəyə yönəlmişdir.

Kampaniyanın strateji məqsədləri belədir:

Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması, ona hüquqi və siyasi qiymətin verilməsi;

Ermənistan hökuməti tərəfindən Xocalı soyqırımına görə rəsmi üzr istənilməsi, bu hadisələrin bir daha törədilməyəcəyinə təminatın verilməsi və vurulmuş ziyana (maddi və mənəvi) görə tam olaraq kompensasiyanın ödənilməsi;

Müvafiq cinayətlərin törədilməsinə görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılması;

Xocalı soyqırımı barədə dünya ictimaiyyətinin məlumatlılığının artırılması;

Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, sağ qalmış ailələrə dəstək göstərilməsi, bu hadisələrin yaddaşlarda yaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmaması.

Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir və hazırkı tarixdə yüzminlərlə şəxs və 115 təşkilat onun fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələr, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər oxşar tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan digər səmərəli vasitələri təşkil edir.

Amerikada yaşayan azərbaycanlılar 2013-cü il yanvarın 25-dən etibarən Xocalı soyqırımının tanınması, onun qurbanlarının anılması və ABŞ prezidentinin bununla bağlı bəyənat verməsi məqsədilə Ağ evin rəsmi veb-səhifəsində “Biz xalqıq” bölməsində petisiya yerləşdirdilər. Az vaxtda petisiyaya dünyanın müxtəlif ölkələrindən 100 mindən çox insan imza atdı.

İndiyədək ABŞ-ın 22 ştatı Xocalı ilə bağlı sənəd qəbul edib.

Dünya ölkələrində “Xocalıya ədalət” kampaniyasının aparılmasında Azərbaycan diasporunun danılmaz və böyük rolu var. Elə son bir ay ərzində bu sahədə görülən yeni işlər diasporun səylərini əks etdirir.

Məsələn, ötən həftə ABŞ-ın Men ştatının Portlənd şəhərinin meri Ketlin M.Snayder 2021-ci il fevralın 26-nın Xocalı qətliamı qurbanlarının anım günü kimi qeyd olunmasına dair bəyanat imzalayıb.

Bəyanatda Xocalı soyqırımı zamanı qətlə yetirilən azərbaycanlıların sayı qeyd olunub və faciənin insanlıq əleyhinə törədilmiş ən böyük qətliamlardan biri olduğu bildirilib. Xocalı qətliamının dünyada insanlıq əleyhinə yönəlmiş cinayətlərdən biri olduğu diqqətə çatdırılıb.

Bəyanatın imzalanması Men Azərbaycan Cəmiyyətinin rəhbəri Tərlan Əhmədovun təşəbbüsü ilə baş tutub.

12 fevral 2021-ci il tarixində ABŞ-ın Minnesota ştatının qubernatoru və Florida ştatının Aventura şəhər meri də oxşar bəyanatlar qəbul ediblər. Men ştatında da belə bir bəyanatın qəbul edilməsi Xocalı soyqırımının növbəti ildönümü ərəfəsində Amerika azərbaycanlılarının böyük uğuru kimi qiymətləndirilə bilər.

ABŞ-ın Florida ştatının Holondeyl Biç şəhər meri Coy F. Kuper Xocalı soyqırımı ilə bağlı bəyannamə imzalayıb. Bəyannaməyə əsasən Xocalı soyqırımının 29-cu ildönümündə soyqırım qurbanlarının xatirəsi yad ediləcək. Belə bir bəyannamənin qəbul edilməsi Floridada yaşayan soydaşlarımız və diaspor təşkilatlarımız, Florida Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyası və Florida Azərbaycan icmasının səyləri nəticəsində mümkün olub.

Florida ştatının Aventura şəhər meri Enid Veisman öz adından və Aventura Şəhər Komissiyası adından “26 fevral 2021-ci il tarixinin Xocalı faciəsinin anım günü” kimi qeyd edilməsinə dair bəyanat yayıb. Bəyanatda qeyd edilir ki, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərinin sakinləri qadınlar, uşaqlar və yaşlılar daxil olmaqla 600-dən artıq günahsız dinc əhali qətliama məruz qalıb. Beynəlxalq insan hüquqları təşkilatları, İnsan Hüquqlarına Nəzarət (Human Rights Watch) təşkilatı bu faciəni regionun ən böyük qətliamı adlandırıb. Xocalıda baş vermiş hadisə yad edilərək, müharibə dövründə yarana biləcək dəhşətli fəlakətlər xatırladılır, bütün dünya insanlarının arasında daha çox anlaşma, ünsiyyət və tolerantlığa ehtiyac duyulduğu diqqətə çatdırılır. Florida ştatında, Aventurada və bütün dünyada yaşayan azərbaycanlıların 26 fevral tarixini Xocalı faciəsi qurbanlarının xatirəsinin anım günü kimi qeyd etdiyi bildirilir.  Bəyanat Florida Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının adından, təşkilatın prezidenti Töhfə Eminova tərəfindən edilən müraciət əsasında qəbul olunub.

Amerika Birləşmiş Ştatlarında Xocalı soyqırımını tanıyan ştatların sayının daha da artması Azərbaycan diasporunun əməyinin nəticəsidir.

2021-ci il fevralın 16-da Azərbaycan-İtaliya Birliyinin təşəbbüsü ilə İtaliyanın “agenziastampa.net” xəbər portalında “Xocalı soyqırımı” sərlövhəli məqalə yerləşdirilib. Məqalədə Xocalı soyqırımını törədən erməni cəlladlarının istintaqa cəlb olunması tələb edilir.

Yazıda Dağlıq Qarabağ münaqişəsinin tarixi, Ermənistanın 1990-cı illərin əvvəllərindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonu işğal etdiyi, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə azərbaycanlıların yaşadığı Xocalı şəhərinin dinc sakinlərinə qarşı dəhşətli soyqırımı törətdiyi, bu münaqişəyə yalnız 2020-ci il sentyabrın 27-dən başlayan II Qarabağ savaşı zamanı son qoyulduğu barədə ətraflı məlumat verilib.

Məqalədə Xocalı soyqırımı şahidlərinin, 1992-ci ilin fevralında kütləvi qətlə məruz qalmız xocalıların meyitlərini lentə alan azərbaycanlı reportyor Çingiz Mustafayevi müşayiət edən rus jurnalisti Yuri Romanovun və azərbaycanlı neyrofizioloq Kamal Əlinin erməni vəhşiliyi barədə fikirlərinə yer verilib.

Xocalı soyqırımının təşkilatçılarından biri, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın ingilis jurnalist Tomas de Vaala verdiyi müsahibədə etirafı, erməni yazıçı Markar Melkonyanın isə Xocalı soyqırımının canilərindən biri olan qardaşı Monte Melkonyana həsr etdiyi kitabda erməni əsgərlərinin dinc xocalıları qətlə yetirdiyini yazdığı nəzərə çatdırılıb. Qeyd edilib ki, dünyanın bir sıra ölkələri bu qətliamı Xocalı soyqırımı kimi rəsmən tanıyıb, lakin indiyədək dəhşətli cinayətin törədilməsində şəxsən iştirak etmiş Ermənistanın keçmiş prezidentləri Serj Sarkisyan və Robert Köçəryan, eləcə də digər yüksək vəzifəli zabitlər məhkəməyə cəlb olunmayıblar.

İsveçdə fəaliyyət göstərən İsveç-Azərbaycan Dərnəyi (SAF) ölkə parlamentini (Riksdaq) ötən əsrin sonlarında ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımını tanımağa çağırıb.

SAF-ın sədri Sevda Dadaşovanın imzası ilə İsveç Riksdaqına ünvanlanan bəyanatda bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri 366-cı motoatıcı alayın hərbçiləri ilə birlikdə Xocalı şəhərinə hücum edərək dinc azərbaycanlılara qarşı dəhşətli soyqırımı törədiblər. Xocalı soyqırımı nəticəsində 613 dinc sakinin (qadın, uşaq və qocalar olmaqla) öldürüldüyü, 487 nəfərin yaralandığı, 1275 nəfərin əsir götürüldüyü, 150 nəfərin itkin düşdüyü nəzərə çatdırılıb.

Bır sıra ölkələrin, o cümlədən ABŞ-ın 22 ştatı tərəfindən Xocalı soyqırımının tanındığı, isveçli parlamentarilərə müraciətin əsas məqsədinin yerli ictimaiyyətə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ermənilər tərəfindən törədilən Xocalı soyqırımı ilə bağlı ətraflı məlumat vermək, bu qanlı cinayətə hüquqi və siyasi qiymət verilməsinə nail olmaq olduğu qeyd edilib. Bu bəyanat ölkənin siyasi partiyalarına da göndərilib.

Ötən həftə Ukraynada da Xocalı soyqırımının tanıdılması istiqamətində müraciət edilib.

Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun rəhbəri, Ukrayna Azərbaycanlıları Radasının həmsədri Hikmət Cavadov və Ukrayna Ali Radasının deputatı, Azərbaycan Respublikası ilə parlamentlərarası əlaqələr üzrə deputat qrupunun sədr müavini Lyudmila Marçenko Ukrayna Ali Məclisinin sədri Dmitri Razumkov və xarici işlər naziri Dmitri Kulebaya Xocalı soyqırımının tanınması barədə müraciət ünvanlayıblar.

Müraciətdə 1992-ci ilin fevralında 7 mindən artıq əhalinin yaşadığı şəhərin erməni silahlı birləşmələri tərəfindən darmadağın edildiyi, dinc sakinlərin, o cümlədən qadınların, qocaların və uşaqların öldürüldüyü, itkin düşdüyü, əsir götürüldüyü, işgəncələrə məruz qaldığı, şikəst edildiyi bildirilir.

Müraciət müəllifləri Xocalı şəhərinin əhalisinə qarşı törədilən cinayətlərin xarakteri və miqyasına görə birmənalı olaraq soyqırımların tanınmasının hüquqi əsasları hesab edilən BMT Baş Assambleyasının 260 saylı Qətnaməsi ilə qəbul edilən “Soyqırım cinayətlərinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyasına uyğun şəkildə qiymətləndirilməli olduğunu bildirirlər. Bildirilir ki, Azərbaycan Respublikasının parlamenti BMT, ATƏT, Avropa Şurası, AŞPA və başqa beynəlxalq təşkilatlara erməni şovinistləri və separatçıları tərəfindən törədilən faciənin azərbaycanlıların soyqırımı kimi tanınması barədə müraciət edib.

Müraciətdə o da deyilir ki, bir çox ölkələrin parlamentləri, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı Xocalı faciəsinin bəşəriyyətə qarşı cinayət olması barədə bəyannamə qəbul ediblər.

Bütün bunları nəzərə alaraq, müraciət müəllifləri 26 fevral 1992-ci il Xocalıda baş verən hadisələrin qınanması və bu hadisənin azərbaycanlı əhalisinə qarşı törədilmiş soyqırım kimi tanınması məsələsinin Ukraynanın Ali Radasının plenar iclasında səsverməyə çıxarılmasını xahiş ediblər.

Qlobal müstəvidə insanların həyat tərzinə məhdudiyyətlər gətirmiş yeni tipli koronavirus pandemiyasının yayımasından əvvəl, 2019-ci il fevralın 23-də dünyanın 20-dən çox ölkəsində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Brüsselin Lüksemburq meydanında “Xocalıya ədalət” şüarları ilə Ümumavropa Qarabağ mitinqi keçirmişdilər.

Bu il pandemiya  məhdudiyyətləri ilə əlaqədar Xocalı soyqırımının 29-cu ildönümü üçün diaspor rəhbərləri fərqli və orijinal təbliğat üsullarından istifadə eləməyə hazırlaşırlar.

İsveçrədəki Azərbaycanlıların Koordinasiya Şurasının rəhbəri Qasım Nəsirov ədalət uğrunda mübarizəni dayandırmamaq üçün bu il fərqli üsuldan istifadə eləmək niyyətindədir: “Açıq havada hər hansı bir tədbir keçirmək üçün icazə alarkən mütləq 5 nəfərdən artıq şəxsin iştirak etməməli olduğu  şərti irəli sürülür. Bu səbəbdən də mənim bu il ağlıma belə bir fikir gəldi ki, Xocalıda qətlə yetirilən 63 uşağı xatırlamaq üçün karton fiqurlar düzəltdirdim. Təxminən 10-12 ədəd karton fiqur hazırlamışıq. 150-170 sm hündürlüyündə olan fiqurlar Berlində, Cenevrədə, Sürixdə – mərkəzi meydanda qoyulacaq…

Fiqurların hamısının üzünə həlak olan uşaqların şəkilləri vurulacaq, adları və yaşları yazılacaq. Fiqurların sinəsindəki cibə isə Xocalı şahidi Xəzangül Əmirovanın əhvalatı yazılmış flayeri, Xəzangülün uşaqlıq və hazırkı fotoları ilə birgə yerləşdirəcəyik… Xaricdə, xüsusən də İsveçrədə belə şəxsi hekayələrə həssaslıqla yanaşırlar…”

ABŞ-ın Yuta ştatında isə Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar sərgi təşkil edilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Yuta-Azərbaycan İcmasının nümayəndəsi Faiq Səfərlinin təşkilatçılığı ilə Solt Leyk Siti (Salt Lake City) şəhərinin mərkəzində – Kapitoli binası qarşısında Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar açıq havada sərgi keçirilib.

Sərgidə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin sovet ordusunun 366-cı motoatıcı alayının vasitəsilə Azərbaycanın Xocalı şəhərini işğal edərkən dinc azərbaycanlıları kütləvi şəkildə qətlə yetirməsini əks etdirən məlumatlar və fotoşəkillər nümayiş etdirilib, işğalçıların qəddarlıqları barəsində məlumat verilib.

Sərgi ərazidən keçən yerli sakinlərin diqqətini cəlb edib. Onlar fotoşəkillərə baxaraq Xocalı faciəsi barədə ətraflı məlumat alıblar. Sərgi ilə maraqlananlar arasında Yuta ştatının qubernatoru Spenser Koks da olub. O, soydaşlarımıza bildirib ki, Minnesota ştatının qubernatoru Tim Ceyms Uolzun 26 fevral tarixinin Azərbaycan Günü elan edilməsi ilə bağlı bəyannamə imzalamasından xəbərdardır.

Sərginin fevralın 26-dək Solt-Leyk-Siti şəhərinin müxtəlif yerlərində nümayiş etdirilməsi nəzərdə tutulur.

Zeynəb RÜSTƏMLİ