XAİNLƏRİN NAZI İLƏ ÇOX OYNAYIRIQ- Azərbaycan məmurunun gözləri doymur, bütün vətən xarı-zəlil olsa belə, onun tükü də tərpənmir…

99

Azərbaycan bəlkə də dünyada tək-tük dövlətlərdən biridir ki, burada elit əxlaqsızlara fəxri adlar verilib, burada kasıb-kusuba dənizdə çimmək də yasaq edilib, burada əsrlər boyu qəbahət sayılmış nəsnələr ləyaqətə döndərilib…

Ramiz Mehdiyevin eqidası altında fəaliyyət göstərmiş sahələri ötəri də olsa nəzərdən keçirəndə məəttəl qalırsan, bəni-Adəm də bu qədər öz torpağına, xalqına qənim kəsilərmi?

 Afrikanın heyvanat aləmində giyena ən murdarı sayılır. Sürü ilə hücum edən giyenalardan xilas olmaq müşkül məsələdir. Şikarı didib parçalayan giyenalar heç nə qoymurlar, onlar sümükləri də sındırıb gəmirirlər. On-on beş giyena qısa vaxt ərzində ovladıqları antilopdan, iri zebrdən əsər-əlamət də saxlamır.

Yırtıcların əksəriyyəti yeyib doyandan sonra şikarın qalıqlarını qoyub gedirlər. Amma giyena isə qarnını doldurduğu yeri murdarlayır.

Azərbaycan bəlkə də dünyada tək-tük dövlətlərdən biridir ki, burada şəhərlər, kəndlər düşmən tərəfindən işğal olunanda, hakimiyyəti qamarlamış nacinslərin işi-gücü talan və oğurluq olub. Burada elit əxlaqsızlara fəxri adlar verilib, burada kasıb-kusuba dənizdə çimmək də yasaq edilib, burada əsrlər boyu qəbahət sayılmış nəsnələr ləyaqətə döndərilib.

Azərbaycan məmurunun gözləri doymur, bütün vətən xarı-zəlil olsa belə, onun tükü də tərpənmir. Sovet hakimiyyəti dövründə oğurluq, fırıldaq, dələduzluq, simasızlıq adlanan bütün əməllərə indi bir ad verilir: Biznes! Bu sözlə hər cürə alçaqlığı ört-bastır eləmək mümkündür!

Bizim də faciəmiz elə ondadır ki, indiki iqtidarın sayəsində sərvəti-saman toplayıb yırtıcıya dönənlər də, həmin bu iqtidarı içəridən gəmirib yavaş-yavaş ölümə sürükləyənlər də biznes əhlidir. Hamısı da ellik zəmanətlə bir-birilərinə bağlı. Belə cəmiyyətdə namuslunu şərəfsizdən ayırmaq müşkül məsələdir.

Ramiz Mehdiyevin eqidası altında fəaliyyət göstərmiş sahələri ötəri də olsa nəzərdən keçirəndə məəttəl qalırsan, bəni-Adəm də bu qədər öz torpağına, xalqına qənim kəsilərmi? Soruşmaq istəyirsən, bu qədər sərvəti özünlə dari-üqbaya aparacaqsan? Yüz yox, min faiz əmin ola bilərsən ki, əzizlərin onu rahat həzm-rabedən keçirə bilməyəcək. Ölkə Rusiyanın fitnə fəsadından xilas olub rahat nəfəs alanda, siz, varislərinizə nələrin deyiləcəyini təsəvvür edirsinizmi?

 

Kiçik bir haşiyə

Erməni faşistlərinin Qarabağda törətdikləri cinayətlər üzə çıxdığı günlərdə bizim telekanallar yenə də murdar ənənələrinə sadiq qalaraq gəda xislətlərini büruzə verdilər. İki gün sərasər Gürcüstanın hansısa rayonundan reportaj verdilər. Ermənilərin, azərbaycanlıların, gürcülərin, hətta yunanların belə dostluq şəraitində, can deyib can eşitmələrindən o ki var danışdılar. Mənə ən çox təsir edən bir erməninin heç bir şey baş verməmiş kimi hırıldaya-hırıldaya danışması və bizim telekanal sahiblərinin arsızlığı, biqeyrətliyi idi.

…Qafqazın tarixində çox müharibələr olub, faciələr baş verib, qətlamlar da öz yerində.

Amma heç bir vaxt məzarlıqlara təcavüz edilməyib. Hətta ən amansız qəsbkar da başa düşürdü ki, belə əməllərin qisası qiyamətə qalmır. Ermənilər isə sübut etdilər ki, onlar üçün heç bir adət, qadağa, din-iman məsələsi yoxdur. Onlar çoxdan kəşf etmişdilər ki, azərbaycanlılar unutqandırlar, azərbaycanlı ancaq öz doğması ilə ədavət apara bilir, o, ancaq öz soydaşının başını arxadan kəsə bilir. 1920-ci ildə Gəncə üsyanı yatırılanda rus əsgərləri ermənilərlə birləşib şəhərin özündə on mindən çox müsəlmanı qırdılar. Ətraf kənd və qəsəbələrdə qətlə yetirilmiş müsəlmanların ümumi sayı barədə məlumatları bizim satqın tarixçilər hələ indi də ört-basdır ediblər.

O qatil erməni, qaniçən rus qalmadı ki, onun şərəfinə abidə qoymayaq, adını “əbədiləşdirməyək”. Bu yazacağım sözlərdən sonra bəzilərinin məndən zəhləsi gedəcək, bəlkə lap söyən də tapılacaq. Amma Ağdamda və başqa yaşayış məskənlərində törədilmiş rəzalətləri yenə də unudacağıq. Şəhid məzarları dağıdılır, böyük bir qəbiristanlıq şumlanır, cəfakeş Natəvanın bütün nəslinin sümükləri belə yox edilir. Qafqazın tarixində heç vaxt belə cinayət baş verməmişdi!!  Hətta Yermolov kimi cəllad müqavimət göstərib kişi kimi vuruşan çeçenləri, avarları, çərkəzləri mənən sındırıb alçaltmaq xatirinə  nəyin bahasına olursa olsun beş-on müsəlman qız-gəlinlərinin əsir götürülməsini əmr etmişdi. Bu zər poqonlu xaçpərəst köpəyi əsirlərdən özü üçün zor gücünə “hərəmxana” düzəltmişdi. Bu açıqdan açığa bütün müsəlmanları təhqir etmək idi. Bununla belə o şərəfsiz də olsa məzarlıqlara toxunmamaq əmrini də vermişdir.  Mən zavallı da gözləyirdim ki, Rusiya şəhərlərində ermənilərlə birgə biznes qurmuş ağdamlıların qeyrət damarı qalxacaq. Bakıda isə yüz minlər küçələrə meydanlara axışacaq, fəlakətlərə bais olan bütün “pambuq bəylərinin”, rus irticasına bağlılığı ehtimal olunan Mehdiyev şəbəkəsinin bütün funksionerlərinin məhşər ayağına çəkilməsini tələb edəcək.

Fərdlərin vəsfə gəlməz şücaətlərini heç kim şübhə altına almır, amma ümummilli nifrət bizim xaıqda yoxdur. Bakıda yaşayan on minlərlə erməni və rus bir zərrə də olsa azərbaycanlılardan çəkinmir, qorxmur. Çünki onlar yaxşı bilirlər ki, sıravi azərbaycanlıda tayfa təəssübkeşliyi, vətənsevərliyi, milli şüuru çoxdan üstələyib, o, unutqandır, səhər başına gələnləri axşam  yaddan çıxarır. Yanvar qətlamından, Qarabağ faciəsindən sonra bu torpaqda rus dilində danışıq eşidilməməli idi. “İsgəndər” raketlərinin lap Bakının üzərinə gəlməsi bir daha sübut elədi ki, Rusiya ölkəmizin altını üstünə çevirməyə hazırdır, o sadəcə olaraq məqam gözləyir.

Bizim hörmətli Prezidentin əmrilə qənimət kimi əldə olunmuş silahların dəniz kənarında sərgiyə qoyulması isə əvvəl yazdığım kimi Moskvaya yağlı sillədir. İllər keçsə də Rusiya bunu unudası deyil.  İki əsrdən çox vaxt ərzində Rusiya Azərbaycandan bəlkə trilyonlar daşıyıb aparıb. Özünün lakey təbəqəsini, manqurtlarını yetişdirib. Çox böyük ustalıqla xalqda keçmişinə, dininə, imanına, klassik mədəniyyətinə qarşı biganəlik, çox vaxt da lap düşmən münasibət təlqin edib.

Görün neçə ildir  müstəqilik, amma hələ indi də nə kölə xislətimizdən, nə də beynimizi zəhərləyən murdar şakərlərimizdən ayrıla bilmirik. Fikir verin, telekanallarda demək olar ki, hər gün Qarabağın viran olmuş qədim yaşayış məskənlərini göstərirlər. Aman Allah, axı bunları təzədən bərpa etmək asan iş deyil, mən hələ birdəfəlik yer üzündən yox edilmiş relikt meşələri, ağacları demirəm.

İnsanları qisasa, intiqam almağa çağıran bir cümlə eşidilmir, dədə-baba məzarları məhv edilmiş azərbaycanlıların qəzəbini bülövləyən bir söz deyilmir. Şəhid ailələrinin güzəranından, igidlərin cəbhədə göstərdikləri şücaətdən bəhs edən süjetlər hər halda təqdirə layiqdir. Bununla işim yoxdur… Müharibədən sonra Avropanın orta göbəyində Nasional alman fəhlə partiyasının bir funksioneri, bir esesçisi evində rahatlıq tapa bilmədi, yəhudi gənclərdən təşkil olunmuş qisasçı qrupları onların içindən ən çox günaha batanları bir-bir seçib öldürürdülər. Almaniya kimi dövlət hələ son vaxta kimi yəhudi xalqına qan pulu verirdi. O bəla qalmadı ki, başımıza gəlməsin, işimiz-gücümüz bir cəllad xaçpərəstdən digər xəbis xaçpərəstə şikayət yazmaq oldu. Qanıb başa düşmədik ki, heç bir dövrdə, heç bir vaxt Allah-taalanın ona bəxş etdiyi bitməz-tükənməz imkandan istifadə etməyi bacarmayan, həmişə də miskin vəziyyəti ilə barışan xalqa heç kim hörmət qoymur. Mən düşünürdüm ki, Ağdam qəbiristanlığında baş vermiş dəhşətin xəbəri Rusiyaya çatanda orada alverlə yaxşı gəlir əldə edənlər yəqin ki, ən azı beş-on tanınmış erməni haramzadanı cəhənnəmə vasil edərlər. Ya da pul yığıb Moskvada telekanalları ermənilərə vermiş rus məmurlarının başlarına it oyunu açarlar. Heç nə baş vermədi… Qəribədir, bizim qövmdən nə cür desəniz adam çıxıb, yalançı peyğəmbərdən tutmuş “hərşeyşünas” deputata qədər, di gəl otuz il ərzində  bir dəfə eşitmədik ki, beş-altı intiqamçı haradasa zühur edib, Qarabağda müsəlman qadınlarını, körpələri qətlə yetirmiş erməni köpəklərini bir-bir dənləsin. Olmayıb belə şey, arsızlığımıza, laqeydliyimizə tolerantlıq donu geyindirmişik.

Niyə etiraf etmirik ki, bizim üzümüzü ağardan, qəddimizi dikəldən son on yeddi ildə yetişmiş, ərsəyə çatmış gənclik oldu. Və bu gənclik Ali Baş Komandanına inandı, onun ardınca getdi. İndi isə illərlə camaatın gözünü yağır etmiş, iç üzləri,  “məzhəbləri” hamıya bəlli olmuş karyerist “ideoloqların” bu gəncliyə deməyə sözü yoxdur. Məhz bu yaltaq pulgir bandasının qaldırdığı toz-dumanın arxasında din və millət xainləri nəhəng məbləğləri ölkədən çıxarmağa nail oldular. Məhz bu soyğunçuların qohum-əqrəbası xaricdə mülklər alır, “5-ci kolonna”nı da maddi cəhətdən təmin edirlər. Bunların nəfəsləri birdəfəlik kəsilməsə Azərbaycan növbəti bəlaları dəf edə bilməyəcək.

Firuz HAŞIMOV

P.S.  Sonda, böyük hörmətlə yanaşdığım, müzəffər Prezidentimə bir sualla müraciət etmək istəyirəm. Qafqazda erməni faşizminin belini qırdınız, rus kəşfiyyatının Azərbaycandakı tanınmış rezidentlərini, şəbəkəsini məhv etmək Sizin üçün bu qədər  çətindir? İnanın ki, çox əsrarları artıq bilən xalq, heç vaxt imkan verməz ki, kimlərsə Sizi təkləsin, savab əməllərinizə rəxnə vursun. Qələbə Sizindir və həmişə də Sizin olacaq!