Vüqar Rəhimzadə: “Azərbaycan dünya bazarında böyük qaz ixracatçısına çevrildi”

1050

Foto “report.az”dan götürülüb.

Ötən ilin sonunda Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsi ilə Azərbaycandan Avropaya kommersiya məqsədli qazın nəqlinə başlanılıb.

Dövlət Neft Şirkətinin (SOCAR) açıqlamasında deyilir ki, bununla da, Azərbaycan tarixdə ilk dəfə öz təbii qazını Avropa bazarına birbaşa boru xətləri vasitəsi ilə çıxarmağa nail oldu.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü,  SOCAR-ın təsisçisi olduğu “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə mediaya bildirib ki, “Azərbaycan bu böyük uğura nail olmaqla dünya bazarında böyük qaz ixracatçısına çevrildi”.

“Fakt Yoxla” Vüqar Rəhimzadənin bu iddiasının doğru olub-olmadığını yoxlayıb.

Rəsmi məlumatda qeyd edilir ki, TAP Xəzərin Azərbaycan sektorundan təbii qazı qərbi Avropaya nəql edəcək boru xətti layihəsidir.  TAP kəməri ilə “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 milyard kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Gələcəkdə digər ölkələrin də hasilatçı qismində layihəyə cəlb edilməsi ilə illik ixrac həcmi 20 milyard kub metrə çatdırıla bilər.

TAP vasitəsilə ”Şahdəniz-2” layihəsi çərçivəsində 2021-ci ildən etibarən əlavə hasil ediləcək təbii qaz ehtiyatları bazara çıxarılacaq. Müqavilə şərtlərinə görə, Avropaya qaz ixracının layihənin nəzərdə tutulan nəql həcminə çatması üçün 2 il nəzərdə tutulub. 2020-ci ildə Azərbaycanda 37 milyard kub metrə yaxın, 2019-cu ildə isə 35.6 milyard kub metr təbii qaz hasil edilib. Energetika nazirinin açıqlamasında bildirilir ki, 2021-ci ildə bu rəqəm 45, 2023-cü ildə isə 50 milyard kub metrə yüksələcək.

Azərbaycanda təbii qaz hasilatı:

İl Hasilat (milyard kub metr)
2020 37.0
2019 35.6
2018 30.5
2017 28.6
2016 29.3

Oxu.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2020-ci ildə Azərbaycan 12.4 milyard kub metr qaz ixrac edib. 2019-cu il ərzində isə, ümumi ixracın həcmi 12.5 milyard kub metr təşkil edib. TAP boru kəmərinin ildə 10 milyard kub metr təbii qaz ixracına şərait yaratdığını və bu həcmin Azərbaycanın indiki hasilatından əlavə mənbələr hesabına təmin ediləcəyini nəzərə alsaq, boru kəmərinin tam gücüylə fəaliyyət göstərəcəyi təqdirdə, Azərbaycanın qaz ixracı 22-23 milyard kub metrə yüksələcək.

Son illərdə Azərbaycanda təbii qaz ixracı:

İl Milyard kub metr
    2020 12.4
2019 12.5
2018 7.9
2017 7.5
2016 6.8

Dünya bazarlarında təbii qazın nəqli iki formada baş verir: boru kəməri və mayeləşdirilmiş təbii qaz (LNG) formasında. Hazırda dünyada əsas qaz ixracatçısı Rusiyadır. 2019-cu ilin göstəricilərinə görə, bu ölkənin illik qaz ixracı 256.6 milyard kub metrə bərabər idi. İlk üçlükdəki digər iki ölkədən Qətərin təbii qaz ixracı 128.6, ABŞ-ın təbii qaz ixracı isə 123 milyard kub metrə bərabər olub. 2019-cu ildə dünyanın ən böyük qaz ixracatçılarının ümumi ixrac həcmi 950 mlrd. kubmetrə yaxın olub ki, Azərbaycanın potensial olaraq yaxın illərdə mümkün ixracı həmin həcmin 2.5%-nə yaxındır. Azərbaycan bu ixrac həcmi ilə hətta ən böyük 10 ixracatçı siyahısına belə düşə bilməyəcək.

2019-cu ildə dünyada ən çox təbii qaz ixrac edən ilk 10 ölkə:

Ölkə İxrac həcmi (milyard kub metr)
1 Rusiya 256.6
2 Qətər 128.6
3 ABŞ 122.9
4 Norveç 115.7
5 Avstraliya 104.7
6 Kanada 73.2
7 Əlcəzair 43.4
8 Niderland 38.2
9 Nigeriya 28.8
10 İndoneziya 23.9

Beləliklə, TAP kəmərinin bütün gücüylə işləyəcəyi və Azərbaycan bu kəmər vasitəsiylə hazırkı ixracından əlavə hasilat hesabına təbii qaz ixrac edəcəyi təqdirdə belə, dünyada ən çox təbii qaz ixrac edən ilk 10 ölkə arasında düşə bilməyəcək.

Bu baxımdan, Vüqar Rəhimzadənin TAP boru kəmərinin fəaliyyətə başlaması və, Azərbaycanın dünyanın əsas qaz ixracatçılarında birinə çevrilməsi ilə bağlı iddiası yanlışdır.