Vazgenin “A” və “B” variantı: “Silahlı qiyamla Paşinyanı devirməyə hazır olmalıyıq”

297

Erməni müxalifətinin – “Vətəni Qurtarma Hərəkatı”nın Baş nazirliyə vahid namizəd Vazgen Manukyan bu gün İrəvanın mərkəzində keçirilən mitinqdə çıxış edərək Nikol Paşinyan hakimiyyətini yıxmaq üçün iki variant olduğunu bildirib.

Manukyanın “A variantı”Paşinyan hakimiyyətinin sütunlarını yıxmaq”dır.

Müxalifətin necə mitinq keçirməsindən və bu aksiyalarda nə qədər adamın iştirakından asılı olmayaraq hazırkı Baş nazir Nikol Paşinyan vəzifəsini asanlıqla tərk etməyəcək. Buna görə də ilk növbədə Paşinyanın söykəndiyi sütunları yıxmaq lazımdır”, – deyən müxalifət lideri Baş nazirin dayaqlarının nədən ibarət olduğuna belə aydınlıq gətirib:

“İlk sütun xalqımızın bu siyasi hakimiyyətin hansı yola getdiyini anlamayan və fəlakətlərin qapılarına çatmasını gözləyən hissəsidir. Ölkəmizdə nə baş verdiyini və nələrin baş verəcəyini soydaşlarımıza izah etmək bizim borcumuzdur”.

İkinci sütuna gəlincə, Manukyanın fikrincə, bu, Ermənistanın öz əməllərinin fərqində olmadan Türk-Azərbaycan proqramına xidmət edən güc strukturlarıdır: “Ozlərini dövlət vəzifələrini icra etdiklərinə inandıran bu insanları başa salmalı və hər zaman geri çəkilmələri üçün onlara fürsət verməliyik. Əmin olun ki, bir çox etirazçılar şəhərin küçələrində uzun müddət dayanarsa, güc strukturlarının əməkdaşları da xalqa qoşulacaqlar”.

Manukyanın fikrincə, Paşinyanın üçüncü dayağı millət vəkilləridir. Onlarla ünsiyyət zamanı qətiyyətli və inandırıcı olmağı təklif edən müxalif lider deputatlara da geri çəkilmələri üçün fürsət tanımağı məsləhət bilir.

Paşinyanı devirməyin “A” variantının məntiqindən çıxış edən Manukyan Ermənistanda hər gün mitinqlər, tətillər və digər etiraz aksiyaları keçirməyin nəticə verəcəyinə inanır.

“Ancaq B planı da var: hər an, istər bu gün olsun, istər bir həftə, istər 10 gün sonra, ildırım sürətli qiyamla hakimiyyəti ələ keçirməyə hazır olmalıyıq. “A” yolunu davam etdirəcəyik, “B” yoluna isə hər zaman hazır olacağıq”, – Manukyan “B” planının mahiyyətinə belə aydınlıq gətirib.

Manukyanın həm “A”, həm də “B” planında yanıldığı əsas məqam ondan ibarətdir ki, nə erməni xalqı, nə də silahlı qüvvələri Paşinyanı devirmək istəmir. Əksinə, 17 müxalif partiyanın birləşdiyi “Vətəni Qurtarma Hərəkatı”nın keçmiş hökumətlərin qalıntıları olduğunu bilir və məğlubiyyətlərinin əsas səbəbinin bu ünsürlərdən qaynaqlandığını fikirləşir. Məhz bu səbəbdən də yenidən öz övladlarını Azərbaycan ordusunun qurbanına çevirməmək üçün “pirim” deyib Paşinyanın ətəyindən yapışırlar.

Onlar da artıq qonşuların torpağına göz dikməyin erməni xalqının fəlakətləri üzərində qurulmuş “rus imperializminin fitnəsi” olduğunu və bu fitnəyə uyarlarsa bölgədə yaşamaq baxımından son şanslarını da itirə biləcəklərini anlayırlar. Görünür, elə buna görə də “GALLUP Beynəlxalq Assosiasiyası” nın Ermənistan nümayəndəliyinin apardığı rəy sorğularında iştirak edən respondentlərin 89.1%-i müxalifətin mitinqlərinə qatılmayacaqlarını etiraf etmişdilər. \\Ovqat