Vətəndaşlar koronavirusla bağlı statistikaya niyə inanmır?

24

Novruz bayramı günlərində vətəndaşların evdə olduğu, ictimai nəqliyyatın işləmədiyi bir vaxtda yoluxmadakı artım necə qeydə alındı?

Həm ölkə başçısı, həm də yerli və xarici ekspertlər açıq havada tibbi maskadan istifadənin məqsədəuyğun olmadığını qeyd etsələr də, Operativ Qərargah buna əhəmiyyət vermir

Bir ildən artıqdır ki, dünyanı ağuşuna alan koronavirus (COVID-19) pandemiyası Azərbaycanda da can almağa davam edir. Belə ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan martın 30-da verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 25 nəfər vəfat edib. Həmçinin, o da bildirilir ki, ölkəmizdə koronavirus infeksiyasına 2 146 yeni yoluxma faktı qeydə alınıb, 838 nəfər müalicə olunaraq sağalıb. Bundan başqa, Azərbaycanda indiyədək ümumilikdə 259476 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 237338 nəfər müalicə olunaraq sağalıb, 3538 nəfər vəfat edib, aktiv xəstə sayı isə 18600 nəfərdir.

“Qarşıdakı iki həftə ərzində yoluxma sürətlə artacaq, bu isə ağır xəstələrin, reanimasiyada müalicə alanların çoxalmasına səbəb olacaq”

Məsələnin acınacaqlı tərəfi isə ondadır ki, Azərbaycanda koronavirusla bağlı müvafiq tədbirlər davam etsə də, hələ də bir qrup insan ya virusun mövcudluğuna, ya da aparılan testlərin və yaxud yoluxma sayının dəqiqliyinə şübhə ilə yanaşır. Onların fikrincə, geridə qoyduğumuz Novruz bayramı günlərində vətəndaşların evdə olduğu, ictimai nəqliyyatın işləmədiyi, vaksinasiyanın tam sürətlə getdiyi bir vaxtda yoluxmadakı artım reallığı əks etdirmir. Yəni, onlar bu qənaətdədirlər ki, hələlik geniş ictimaiyyətə məlum olmayan səbəblər üzündən koronavirusa yoluxanların sayı süni surətdə şişirdilir, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) açıqladığı rəqəmlərdə manipulyasiya edilir. Məhz bu mövzu ilə bağlı bugünlərdə mətbuata açıqlama verən TƏBİB-in İşçi qrupunun üzvü, həkim-infeksionist Nilufər Məmmədova isə hesab edir ki, COVID-19-a yoluxma halları rəsmi açıqlanan rəqəmlərdən yüksəkdir. Həkim-infeksionist də bu fikirdədir ki, rəqəmlərin yüksək olmasının səbəbi əhalinin bəzi hissəsinin hələ də bu virusu qəbul etməməsidir: “Belə ki, insanların çoxu özlərində hiss etdikləri simptomları soyuqdəymə, mövsümi xəstəliklərlə əlaqələndirdikləri üçün test vermir. Nəticə etibarilə hazırkı rəqəmlər reallığı əks etdirmir. İnsanların çoxu xəstəliyi evdə müalicə ilə sağaltmağa çalışır. Həkim və xəstəxanalara müraciət boğulma, təngnəfəslik həddinə çatanda edilir. Kritik vəziyyətdə xəstəxanaya qəbul edilən xəstələrin həyatını xilas etmək də çox çətinləşir. Nəzərə alsaq ki, COVID-19-a yoluxduğunun fərqində olmayan, özündəki halı adi soyuqdəymə kimi qiymətləndirənlər işə gedir, ictimai nəqliyyatdan istifadə edir, digər insanlarla ünsiyyətdə olurlar, nəticədə xəstəlik daha çox yayılır. Hətta bəzi xəstələr koronavirus olduğuna əmin olsa da, test vermir ki, evdən çıxmaq qadağası yaşamasın. Çünki COVID-19 diaqnozu təsdiqlənmiş xəstələrə evdən çıxmaq qadağan olunur”. Novruz bayramı günlərində yoluxmadakı artıma gəlincə, TƏBİB-in İşçi qrupunun üzvünün sözlərinə görə, baxmayaraq ki, bayramda insanlar evdə idi, ictimai nəqliyyatdan istifadə olunmurdu, amma rayonlara kütləvi axın müşahidə edilirdi: “Hətta kütləvi toplanmalar, gizli və aşkar şəkildə məclislərin təşkili virusun yayılmasında çox böyük rol oynadı. Vaksinasiya hər nə qədər sürətlə getsə də, əhalinin peyvənd olunmalı hissəsinin 50 faizi vaksini qəbul etməyib. Vaksinasiya ən azı əhalinin 50-60 faizinə tətbiq edilməlidir ki, yoluxsalar da, ağırlaşma ilə müraciət edənlər az olsun”. Nilufər Məmmədova onu da əlavə edib ki, qarşıdakı iki həftə ərzində yoluxma sürətlə artacaq: “İctimai nəqliyyatdakı sıxlığın səbəblərindən biri də təhsil müəssisələrində tədrisin davam etməsidir. Düşünürəm ki, artım davam edərsə və rəqəmlər yüksək həddə çatarsa, klinikaların ağır xəstələri qəbul etməsində problem yaranacaq. Yoluxma sayının artması ağır xəstələrin artımına səbəb olacaq. Ağır xəstələrin sayının artması reanimasiyada müalicə alan xəstələrin çoxalması anlamına gəlir”.

Nazirlər Kabineti yanında Operativ Qərargahın UNICEF və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə zidd qərarı…

Beləliklə, TƏBİB-in nümayəndəsinin dediklərindən belə çıxır ki, aprel ayında yoluxma sayında ciddi artım müşahidə olunacaq. Buna görə də hər kəs həm özünü, həm də ətrafdakı insanları bu bəladan qorumaq məqsədiylə mütləq şəkildə istər sərt, istərsə də yumşaq karantin dövründə sosial məsafəni qorumalı, tibbi maska taxmalı və şəxsi gigiyena qaydalarına riayət etməlidir. Lakin yerli və əcnəbi ekspertlərin bir qismi hesab edir ki, açıq havada maska taxmaq immuniteti zəiflədir, virusa daha tez yoxulmağa səbəb olur. UNICEF və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrində isə deyilir ki, idmanla məşğul olduğunuz zaman ev və ya ətrafdakılardan təhlükəsiz fiziki məsafə saxlaya biləcəyiniz məkan kimi məsələn, açıq havada maska geyinmək lazım olmayan yer seçin. Eyni zamanda, o da bildirilir ki, uşaqlar və böyüklər idmanla və ya fiziki fəaliyyətlərlə məşğul olduqda maska geyinməməlidir ki, bu onların nəfəsini pozmasın. Çünki tər maskanı nəmli edə, nəfəsi çətinləşdirər və mikrobların böyüməsini asanlaşdıra bilər. Azərbaycanda isə qeyd olunan tövsiyələrin əksinə olaraq, Nazirlər Kabineti yanında Operativ Qərargahın ötən il noyabrın 19-da imzaladığı qərara əsasən, açıq və qapalı məkanlarda tibbi maskalardan istifadə məcburi olub. Yəni, açıq havada tək olsanız belə, yenə də maska taxmalısınız. Məhz bu, insanlar arasında ciddi narazılıq yaradır və onları koronavirusla mübarizə ilə bağlı aparılan tədbirlərə şübhə ilə yanaşmağa sövq edir. Xatırlayırsınızsa, Azərbaycan Prezidenti İlham Əliyev də ötən ilin iyun ayında Bakının Bilgəh qəsəbəsində, həmçinin Sumqayıt şəhərində və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan modul tipli xəstəxana komplekslərinin açılışı zamanı sözügedən mövzuya toxunmuşdu. Belə ki, maskadan istifadənin qapalı şəraitdə mütləq olduğunu deyən ölkə başçısı “Açıq havada bu, tövsiyə olunur, əgər yaxın təmas yoxdursa, maskadan istifadə etməmək də olar”, deyə bildirmişdi: “Mən bütün qapalı yerlərdə tibbi maskadan istifadə edirəm və hər kəs də qapalı şəraitdə tibbi maskadan istifadə etməlidir – ictimai nəqliyyatda, ofislərdə, alış-veriş mərkəzlərində. Açıq havada bu, tövsiyə olunur, əgər yaxın təmas yoxdursa, maskadan istifadə etməmək də olar. Ancaq qapalı şəraitdə hər kəs mütləq maskadan istifadə etsin, hər kəs məsafə saxlasın və şəxsi gigiyenaya fikir versin”. Gördüyünüz kimi, həm ölkə başçısı, həm də yerli və xarici ekspertlər açıq havada tibbi maskadan istifadənin məqsədəuyğun olmadığını qeyd etsələr də, Nazirlər Kabineti yanında Operativ Qərargah buna əhəmiyyət vermədən vətəndaşlardan açıq havada da maska taxmağı tələb edir.

“Bütün günü əlcəkdə olmaq zərərlidir və açıq havada maska taxıb gəzmək, qaçmaq isə enfizema yarada bilər”

Nəzərinizə çatdıraq ki, açıq havada maska və əlcək taxılmasının mənasız olduğunu vurğulayan şəxslərdən biri də İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin virusologiya və immunologiya kafedrasının müdiri Vitaliy Zverevdir. Belə ki, insanın dərisinin istənilən əlcəkdən daha yaxşı qoruduğunu deyən Zverevin iddiasına görə, bütün günü əlcəkdə olmaq zərərlidir və açıq havada maska taxıb gəzmək, qaçmaq isə enfizema (ağ ciyər toxumasının elastikliyinin azalması nəticəsində havalılığının artması, ventilyasiyası və qan dövranının pozulması ilə xarakterizə olunan xəstəlik) yarada bilər. O, koronavirusdan qorunmaq üçün rezin, dəri, tibbi əlcəklərin taxılmasının əllərin dərisi üçün zərərli olduğunu və onun balansını, qoruyucu təbəqəsini zəiflədib, göbələk xəstəliklərinə yol açacağını qeyd edib: “Əllərdə göbələk və travma isə istənilən virusun ordan bədənə keçməsinə zəmin yaradır. Ona görə də ən gözəl müdafiə öz dərinizdir. Sadəcə, onu tez-tez sabunla yuyun və ağzınıza toxundurmayın. Koronavirusun səthlər, əşyalar üzərində çox qalması, yaşaması mümkün deyil. Çünki o havada, ətraf mühitə az davamlıdır. Poliomielit tip viruslar daha çox davamlıdır. Ona görə açıq havada maska və əlcək taxılması mənasızdır. Əlcəyin, maskanın üzərinə havada olan toz, allergen, göbələk, başqa bakteriyalar qona bilər, maskadan burnumuza keçə bilər, bu isə başqa xəstəliklərə yol açır”.

“Açıq havada tək və ya ailə üzvləri ilə gəzərkən məcburi maska taxmaq qərarı absurddur, insan psixikasına və sağlamlığına ziyandır”

Bu arada, Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli də hesab edir ki, tək, ya da ailə üzvləri ilə gəzərkən məcburi maska taxmaq qərarı absurddur, insan psixikasına və sağlamlığına ziyandır: “Koronavirusun ölçüsü 0,1 mikrondur, adi tibbi maskaların məsamələr arası ölçücü isə ən keyfiyyətli maskada 0,3 mikron, ən zayında 10 mikrona qədərdir. Təsəvvür edin ki, 3 metr uzunluğu olan pələngi qəfəsə salmısız, qəfəsdə qoruyucu barmaqlıqlararası ölçü 10 metrdən 300 metrə qədərdir və deyirsiz ki, pələng ordan çıxmaz. Hələ onu demirəm ki, bizdə insanlar maskanı virusa görə yox, cərimə olunmamağa görə taxırlar deyə, cəmi 2 saatdan sonra dəyişdirilməli olan adi tibb maskasından həftələrlə istifadə edirlər. Bu isə tam tərsi müxtəlif xəstəlik mənbəyinə çevrilir. Doğrudur, insan öskürəndə və asqıranda “covid” virusu tüpürcək damlaları ilə birləşib yayıla bilər, o zaman damlacıq 1 mikrona qədər olur, amma bu məhz qapalı məkanlar üçün keçərlidir, açıq havada həmin damlacıqlar effektini daha tez itirir. Nüfuzlu “Deutsche Welle”-nin yazdığına görə Çində 7324 yoluxma halının tam xəritəsi və mümkün yoluxma anı araşdırılıb, tək 1 xəstənin açıq havada yoluxduğu təsdiq edilib. Xülasə, qapalı məkanlarda mütləq maska taxılmalıdır, çünki qorunmaq imkanı yaradır. Amma açıq havada, özü də tək, ya ailə üzvləri ilə gəzərkən məcburi maska taxmaq qərarı absurddur, mənasızdır, insan psixikasına və sağlamlığına ziyandır”.

“Maska qaydası dərhal ləğv edilməlidir, sərt karantin öldürücü tədbirdir və ona heç bir tibbi zərurət yoxdur”

Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədov isə bu qənaətdədir ki, öldürücü karantin və maska tətbiqinin heç bir əsası yoxdur, bunların səbəbi ancaq siyasidir: “Texas ştatının əhalisi Azərbaycan əhalisindən 3 dəfə çoxdur, amma son 10 gün ərzində Texasda koronavirusa yoluxanların sayı Azərbaycandakından 19 dəfə çoxdur – 62650. Azərbaycanda cəmi 3193 nəfər yoluxub. Buna baxmayaraq, martın 3-də Texasın qubernatoru ştat ərazisində bütün koronavirus məhdudiyyətlərini 100 faiz ləğv etdi. O cümlədən, maska geyinmək tələbini. Operativ Qərargahın koronavirus oyunları dərhal dayandırılmalı, Azərbaycan da 100 faiz açılmalıdır, Texas kimi. Öldürücü karantin və maska tətbiqinin heç bir əsası yoxdur, bunların səbəbi ancaq siyasidir”. İlqar Məmmədovun sözlərinə görə, maska qaydası tibbi tələblərə uyğun şəkildə yerinə yetirilsəydi əhali və dövlət maskalara ildə 1 milyard manatdan çox pul xərcləmiş olacaqdı, bu isə iqtisadi baxımdan mümkün deyil: “Mümkün deyilsə, demək qoyulan maska qaydası heç də “tibbi” deyil, başqa məqsədlərə xidmət edir. Vətəndaşlarımızın mütləq əksəriyyəti birdəfəlik istifadə üçün nəzərdə tutulmuş maska taxır. Tutalım, əhalinin böyük bir hissəsi evdə oturur, heç yerə çıxmır. Halbuki belə deyil, amma hesabda güzəşt edək. 5 milyon vətəndaş isə iş-dərs başındadır, orta hesabla gündə 8-10 saat evdən kənarda, ictimai yerdə vaxt keçirir. Tibbi qaydalara riayət olunarsa, bu müddət ərzində həmin vətəndaşlar hər gün azı 4-5 ədəd birdəfəlik maska istifadə etməlidir. Bu 1 manat xərc edir. Həmin 1 manatı vuraq 5 milyon nəfərə və yenə vuraq ayda 22 iş gününə, ayda 110 milyon, ildə isə 1.3 milyard manatlıq maska alveri edir. Hətta vətəndaşların hansısa hissəsinin birdəfəlik deyil, daha çox istifadəlik maskalar taxdığını burda artıqlaması ilə nəzərə alsaq və təqribən 0.3 milyardı burdan çıxsaq, yenə də ölkədə ildə heç olmasa 1 milyardlıq maska alveri mövcud olmalıdır”. REAL sədrinin fikrincə, bu boyda alverin mövcudluğunun iqtisadiyyatda heç bir əlaməti yoxdur, ola da bilməz: “Çünki olsaydı, ötən ilin neft gəlirinin 15 faizini elə maskalara xərcləmiş olardıq. Odur ki, maska qaydası dərhal ləğv edilməlidir. Sərt karantin öldürücü tədbirdir və ona heç bir tibbi zərurət yoxdur”.

Valeh TÜRKSOY