Vətən müharibəsinin ilk şəhidini döyüş bölgəsindən çıxardı…

135

Şəhid gizir Cəlal Ağayevin həyat hekayəsi…

44 günlük Vətən Müharibəsində adını şəhidlik zirvəsinə yazdıran qəhrəmanlardan biri də şəhid gizir Cəlal Ağayevdir. O, 1984-ci il dekabrın 4-də Lerik rayonunun Kornədi kəndində anadan olub. 1990-2001 ci illərdə Şəhid Əbülfət Musayev adına Vizəzəmin tam orta məktəbini bitirmişdir. Ömrünün 17 ilini hərbiyə həsr edən Cəlal əvvəl N saylı hərbi hissəsində tank komandiri olub və aprel döyüşlərində böyük şücaətIər göstərib. Vətən müharibəsi zamanı Ağdərə istiqamətində böyük şücaət göstərib, çiynindən qəlpə yarasə alsa da buna əhəmiyyət verməyib, vətənə olan sevgisi onu döyüşə aparıb .

Ailənin ilk övladı olan şəhidimiz mərd, vətənpərvər və ailəcanlı idi. O, təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağırılmışdır. Xidməti başa vurduqdan sonra, silahlı qüvvələrin təlim və tədris mərkəzinin gizir ixtisas və hazırlıq kurslarını uğurla bitirmişdir. Cəsur tankçı dörd il əvvəl Aprel döyüşlərində də fərqlənmişdi. Qəlbi düşmən tapdağında qalan torpaqların azad edilməsi istəyi ilə alışıb-yanırdı.

Atası Ağaverdi Ağayev “Hürriyyət”ə müsahibəsində bildirdi ki, Vətən müharibəsində ilk şəhidi döyüş bölgəsindən çıxaran da məhz Cəlal Ağayev olub: “Aprel döyüşlərində böyük şücaətlər göstərib. Dörd il sonra isə Cəlal Ağayevin səbrsizliklə gözlədiyi an çatır – Vətən Müharibəsi başlayır. O, Vətən Müharibəsi başlanan ilk gündən birinci olaraq öz tankını düşmən üzərinə sürüb. O, tank komandiri deyildi, mexanik vəzifəsində tağım komandirinin müavini idi, amma buna baxmayaraq, birinci tanka oturdu, hücuma keçdi. Sentyabrın 27-də Ağdərə istiqamətində şücaətləri olub, döyüş yoldaşlarının dediyinə görə, ilk şəhidi də döyüş bölgəsindən çıxaran o, olub”.

Həyatının 17 ilini hərbiyə həsr edən Cəlal Ağayev 7 il Goranboyda tank komandiri kimi fəaliyyət göstərir. Daha sonra isə Tərtərə ezam olunur. Ezam olunduğu müddət ərzində 13 fəxri fərman, “Silahlı Qüvvələrimizin 90-95-100 illiyi” yubiley medalları və 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medalı ilə təltif olunur.

Müharibənin ilk günündə çiynindən yaralanır. Lakin, o aldığı qəlpə yarasını önəmsəmir və düşmənlə mübarizəsini davam etdirir. Cəlal Ağayev Sentyabrın 29-da Ağdərə istiqamətində qeyri-bərabər döyüşdə mühasirəyə düşür və qəhrəmancasına şəhid olur.

O, Vətən torpaqlarını azad, bütöv görmək istəyirdi. Elə bu amal uğrunda da şəhidlik zirvəsinə ucaldı.

Həyat yoldaşı Gülnarə Ağayevanın sözlərinə görə, Cəlal Ağayevin axırıncı danışığı sentyabrın 28-də olub: “Axırıncı danışığı ayın 28-i axşam oldu. İki dəfə yığdı məni. Ancaq mənə dedi ki, Sadiq qorxur? Dedim, yox, qorxmur, fikir eləməsin. Özüm də tez-tez onu yığmırdım ki, narahat olmasın da, işdədir. Fikri uşaqlardaydı, ancaq mənə demədi ki, sən get. Mən ona o sualı verə bilmirdim ki, mən Bakıyamı, rayonamı gedim? Görürdüm ki, pis olur”.

Şəhidin ömür yoldaşı Gülnarə Ağayeva bildirib ki, müharibə başlayanda da Tərtərdə məskunlaşıblar. Buna baxmayaraq, Cəlal Ağayev ailəsini heç yerə göndərməyib. Çünki ailəsinin ona yaxın olmasını istəyirdi: “Hərbi sirləri heç vaxt evdə danışmazmış. 29-u şəhid oldu, yaxında olsam da, ona əlim çatmadı. Yarım saatlıq yolu mən özümü ona çatdıra bilmədim. Ağdərə Tərtərə yaxın rayondur. Ancaq mən şəhid olsaydım, Cəlal özünü mənə çatdırardı. Mən çatdıra bilmədim, mənim gücüm bu qədər idi”.

Həyat yoldaşı deyir ki, Cəlal şəhid olmamışdan 3 gün əvvəl iki dəfə evə gəlir. Elə ailəsini də sonuncu dəfə onda görür: “Mənə dedi, niyə ağlayırsan? Dedim, heç nə. Mən bilmirdim o, evə qayıdacaq. Orada bizi qucaqladı. Dedi, özünüzdən muğayat olun, məndən narahat olmayın. Erməni kimdir ki, mən ona qan verim. Onları mən Xankəndiyə qədər qovacağam”.

44 günlük əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə başa  vurulub. Nəticədə, Vətən müharibəsi bizim böyük zəfərimizlə bitdi. Yaşı minilliklərin dərinliklərinə gedən, kökü, əsli-nəcabəti bəlli olan bir xalqın ləyaqətini, qeyrətini, kişiliyini, mərdliyini, qəlbinin genişliyi və mərhəmətini bütün dünyaya əməlləri ilə sübut etdi. Unutmaq olmaz ki, tarixiq qələbimizə görə Cəlal Ağayevin timsalında bütün şəhidlərimizə borcluyuq.

Cəlal Ağayevin bir qiz və bir oğul övladı var. Şəhidin qızı Nazənin Ağayeva atasına layiqli övlad olacağını deyib: “O, həmişə deyərdi, mən Xankəndini alacağam, qardaşım Sadiqi oranın polis rəisi edəcəyəm. O, həmişə qardaşımla mənim oxumağımı çox istəyirdi və bizim əlaçı olmağımızı da. Mən onun arzusunu yerinə yetirəcəyəm, oxuyacağam, əlaçı olacağam və onun adına layiqli bir övlad olacağam. Onu çox istəyirəm, həmişə onunla fəxr etmişəm və edəcəyəm”.

Ailəsinin sözlərinə görə, Cəlal Ağayev  telefon danışığında deyirdi ki, Azərbaycanın hər bir qarışı bizim vətənimizdir, onu da qorumalıyıq, borcumuzdur.

Şəhid gizir Cəlal Ağayev ölümündən sonra Prezident İlham Əliyevin sərəncamıyla “Vətən uğrunda” və “İgidliyə görə” medalları ilə təltif edilib.

44 günlük müharibəsi Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Bu dövr ərzində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu. Düşmənin əksər texnikası məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. 30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi. Biz bu tarixi qələbəmizin şahidləri və iştirakçıları kimi əlbəttə çox sevinirik və vətənimiz, xalqımız, ordumuz üçün qürur hissi keçiririk.

YƏHYA