Vətən müharibəsində yaralandı, qazi statusu verilmir

33

Şuşa istiqamətində döyüşlərdə iştirak edərək, əlindən yaralanan Sabirabad sakini, 17 gün xəstəxanada yatsa da, ona yaralanmağı ilə bağlı sənəd verilmədiyini deyir

Sabirabad rayonunun Moranlı kənd sakini Elnur Hüseynzadə “Hürriyyət”ə müraciət edərək, müharibə veteranı statusunu ala bilmədiyini deyib. O, 44 günlük Vətən müharibəsində iştirak edib və Şuşa istiqamtində gedən döyüşlərdə qəlpə yarası alıb. Vətən müharibəsi iştirakçısı qəlpə yarasıyla yanaşı, travma aldığını da qeyd edib.

Elnur Hüseynzadə qeyd edilən sənədləri toplamağına baxmayaraq, Mərkəzi Hərbi Klinik Hospitaldan ona “sağlam” olduğu haqda arayış veriləcəyi bildirilib:

“Mən2014-cü ildə hərbi xidmətdə olmuşam. Bundan əlavə Aprel döyüşlərində də iştirak etmişəm. Mənə 2020-ci il sentyabrın 21-də səfərbərliklə bağlı çağırış gəldi. Özüm də döyüşlərdə iştirak etmək üçün əvvəldən könüllü yazılmışdım. Vətən müharibəsi zaman noyabrın 4-də Şuşa istiqamətində gedən döyüşlər zamanı yaralandım. Əvvəlcə Füzuli xəstəxanasına gətirildim. Daha sonra Neftçala rayon Mərkəzi Xəstəxanasına göndərildim. Təxminən 17 gün xəstəxanada qaldım. Döyüşlər zamanı həm sol əlimdən qəlpə yarası, həm də travma almışam. Daha sonra tərxis olub, qayıtdım. Lakin yaralanmağımla bağlı heç bir sənəd vermədilər. Sadəcə olaraq, xəstəxanadan çıxarışla bağlı kağız verilib. Mərkəzi Hərbi Klinik Hospitala getdim. Orda süründürməçiliklə üzləşdim. Klinikadan hansı sənədi istədilərsə, toplayıb gətirdim. Lakin Mərkəzi Hərbi Klinik Hospitalın rəisi bildirdi ki, sənədə “sağlam yazacam””.

Qeyd edək ki, Azərbaycan Respublikasının “Veteranlar haqqında” Qanunu var. Bu qanun müharibədə iştirak edən insanlara aiddir. Azərbaycanda rəsmən müharibə veteranı statusu müharibədə, döyüşdə iştirak etmiş, hətta o döyüşə ezam edilmiş, beş gün, bir ay, iki ay orada döyüş tapşırığını yerinə yetirmiş şəxslərə aid edilir. Müharibə əlili statusu isə təbii ki, döyüş tapşırığını yerinə yetirərkən müharibədə yaralanmış, sağlamlığını itirmiş adama verilir. Müharibə əlili isə bütün hallarda müharibə veteranı sayılır. Ümid edirik ki, aidiyyatı qurumlar tezlikdə Vətən müharibəsi iştirakçısı Elnur Hüseynzadənin mövcud problemləriylə maraqlanacaq və həllinə çalışacaqlar.

YƏHYA

Qeyd: Mövzunu davam etdirəcəyik.