ÜST nümayəndəsi:“Vaksin əldə edən ölkələrin 90 faizi zəngin ölkədir”

57

“COVID-19 gördüyümüz ən pis pandemiyadır”.

APA-nın məlumatına görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə keçirilən “COVID-19 pandemiyası və peyvəndləmənin geosiyasi aspektləri” adlı beynəlxalq vebinarda Ümumdünya Səhiyyə Təşkilatının(ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

O bildirib ki, bütün dünya pandemiyanın təsirinə məruz qalsa da, kasıb ölkələr bundan daha çox əziyyət çəkir: “Sözsüz ki, daha həssas ölkələr və daha həssas əhali qrupları daha çox təsirə məruz qalıb. Yaxşı xəbər odur ki, dünya səviyyəsində yeni yoluxmaların sayı 70 faizə qədər azalmaqdadır. Lakin bəzi ölkələrdə COVID-19-a yoluxma sayı artır. Unutmamalıyıq ki, qaydalara əməl etmək lazımdır, çünki virusun yeni variantları ortaya çıxa bilər”.

Onun sözlərinə görə, pandemiya ilə mübarizədə mühüm mərhələyə gəlib çatmışıq: “Vaksinlə bağlı bərabərsizlik artır. Vaksin əldə edən ölkələrin 90 faizi zəngin ölkədir. Hazırda 3.5 milyon doza vaksin 10 ölkəyə paylanılıb. 2.5 milyard əhalisi olan 130 ölkə isə vaksinin heç bir dozasını əldə edə bilmir. Biz birgə işləməli, bərabərsizliyi aradan qaldırmalıyıq”.