Uroş Matiçdən “Qarabağ”ın cərimələnməsinə reaksiya

78

“Formadakı səhvə görə “Qarabağ”ı cərimələmək ədalətli olmazdı”

“Qarabağ”ın futbolçusu Uroş Matiç idman formasında soyadının Azərbaycan əlifbası ilə yazılmamasına görə klubun AFFA İntizam Komitəsi tərəfindən cərimələnməsinə və sonradan həmin qərarın ləğvinə münasibət bildirib.

Serbiyalı yarımmüdafiəçi Ağdam təmsilçisinə cərimə təyin olunmasının ədalətsiz qərar olduğunu söyləyib.

31 yaşlı oyunçu klubun apellyasiya şikayətinin təmin edilməsinə isə sevindiyini vurğulayıb: “Formada adın səhv yazılışı ilə bağlı məlumatım var. Klubdan mənə vəziyyəti izah etdilər. Bu məsələyə görə “Qarabağ”ı cərimələmək ədalətli olmazdı. Əsas odur ki, problem həllini tapıb, hər şey qaydasındadır. Artıq adım Azərbaycan əlifbası ilə yazılır. Buna hörmətlə yanaşmaq lazımdır”.

Qeyd edək ki, Uroş Matiçin “Sumqayıt”a qarşı Azərbaycan Premyer Liqasının XVI tur matçı (0:0) zamanı forma nömrəsində soyadı Azərbaycan əlifbası ilə yazılmadığı üçün “Qarabağ”a 3 000 manat cərimə kəsilib. Daha sonra AFFA Apellyasiya Arbitraj Tribunalı klubun şikayətini təmin edərək, qərarı ləğv edib. Son ölkə çempionuna bu hala təkrar yol verməməsi ilə bağlı xəbərdarlıq edilib.