Unudulmaz qəhrəmanlıq məfkurəsi!

588

Şəhid Səbuhinin həyat hekayəsi…

Vətən sevgisi – uğrunda özünü qurban edən oğullara əbədi, müqəddəs bir ucalıq qazandıran yeganə sevgidir! Şəxsi ləyaqətə, təmiz vicdana və yenilməz qürura sahib olmaq isə, bilavasitə, Vətənə məhəbbətdən qaynaqlanır. Vətənə məhəbbət – çox müqəddəs, əlçatmaz və ən ali bir dəyərdir! Əsl vətəndaş üçün Vətən anlayışı, elə azadlığın özü deməkdir!

Azərbaycan xalqı zəngin, fəxarətlə dolu tarixi keçmişə malik olan bir xalqdır. Xalqımızın şanlı hərb tarixi çoxlu sayda qəhrəmanlıq səhifələri ilə zəngindir. Şərait, mühit qəhrəmanlar yaradır, qəhrəmanlar isə öz xalqının tarixini formalaşdırır. Öz Vətən sevgisi, qüruru, vüqarı və ölməzliyi ilə bizə örnək olan Səbuhi Əliyev kimi…

Haqqında söhbət açacağım növbəti şəxs, xalımızın igid oğlu, öz ömrünü Vətənimiz Azərbaycan üçün yaşayıb, Azərbaycan üçün də fəda etməyi bacaran Əliyev Səbuhi Teyyub oğlu olacaq. Möhtəşəm ürəyə sahib olan və olduqca yaxşı insan kimi yaddaşlarda qalan nur üzlü şəhidimizin  həyat yolu qısa olsa da, gələcək nəsillər üçün bir qəhrəmanlıq nümunəsidir!

Səbuhi, düşmən işğalı altında olan tarixi torpaqlarımızın nə vaxtsa azad olunacağını ümidlə gözləyər,  bu nisgili ürəyində gizli saxlayar və daxili dünyasında Vətən  həsrəti ilə yaşayardı.  Bu ədalətsizliyə dözə bilməz, için-için əzab çəkərdi. Torpağın Vətən olması üçün düşmənlə mübarizə aparmaq, onun üzərində zəfər qazanmaq lazımdır! Məhz, düşmən üzərində qazanılacaq bu qələbənin şahidi olmaq Səbuhinin ən ümdə arzusu, ən böyük amalı idi! Səbuhinin sözünün əvvəli də, axırı da Vətən idi.  Onu tanıyan hər kəs bilir ki, şəhidimiz həmişə Vətəni sevməyi, onu qorumağı və uğrunda şəhid olmağı bir vətəndaş kimi özünə şərəf borcu sayardı!

Bu dəfəki səfərim, yenə də Beyləqan rayonunun Orta Əlinəzərli kəndinə oldu. Ziyarət etdiyim bütün şəhid ailələrində olduğu kimi, doğma el-obamın, qohumlarımın içində sayılıb-seçilən, qəlbimdə xüsusi bir yeri olan Teyyub əmimin də ailəsində çox mehriban qarşılandım və bir neçə saat səmimi söhbət etdik.  Olduqca sadə, zəhmətkeş və qonaqpərvər ailə üzvlərinin əhatəsində şəhidimizlə bağlı kövrək, acılı-şirinli xatirələrimizi bölüşdük…

İllərlə məni düşündürən, lakin bu günə kimi cavabını tapa bilmədiyim bir sualı bu ailədə olduğum zaman da öz-özümə verdim. Niyə şəhid ailələri, şəhid valideynləri bir-birinə daha çox oxşayır? Niyə bu ailələr bu qədər mehriban, bu qədər qonaqpərvər və bu qədər ürəyiaçıqdır?

Sirlərlə dolu olan dünyamızın çox mürəkkəb sınaqlarının, insanları imtahan edən fələyin dözülməz gərdişinin və sonu görünməyən çarəsizliyin izini, daha dəqiq desəm, elə, ümidsizliyin özünü gördüm bu ailədə!

Övladı haqqında danışanda qəhərlənən, bəzən də, bunu gizlətməyə çalışan Teyyub əmimin üzündə, ürəyi oğul həsrəti ilə yanan, xatirələri dünyaya sığmayan, lakin bu barədə söhbət edərkən kövrəlib danışmaqda çətinlik çəkən Raziyyə anamın gözlərində bütün şəhidlərimizin nisgilini gördüm.

Ömrünü, hər şeyini övladına həsr edən, onu böyüdüb, ərsəyə yetirən, lakin doyunca sevib-oxşamağa belə macal tapmayan, kövrək, oğul həsrəti ilə alışıb-yanan şəhid valideynləri ilə qarşı-qarşıya həmsöhbət olmaq mənin üçün, həm şərəf, həm də, olduqca çətindir!

Bu cür ailədə böyümüş, Vətəninə ləyaqətlə xidmət etmiş və xalqının qəhrəman oğlu kimi tarixə düşmüş bir insanın keçdiyi həyat yolu haqqında yazı hazırlayıb oxucuların diqqətinə çatdırmaq mənim üçün qürurverici və məsuliyyətli bir işdir!

Əliyev Səbuhi Teyyub oğlu, 07 avqust 1983-cü ildə oğuz yurdu, qəhrəmanlar diyarı olan Qədim Beyləqan rayonunda, öz qanı ilə tarix yazan igidlər elində – doğma Əlinəzərli kəndində dünyaya göz açmışdır. 1990-cı ildə Beyləqan rayonu, şəhid Kərəm Əliyev adına Orta Əlinəzərli kənd 2 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2000-ci ildə həmin məktəbin 11-ci sinfini uğurla başa vurmuşdur.

2001-ci ildə “N” saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olmuş və 2003-cü ildə ordu sıralarından tərxis edilərək, ehtiyata buraxılmışdır.

Səbuhi Əliyev 16 oktyabr 2007-ci ildə Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində müddətdən artıq hərbi xidmət keçmək üçün kursa qəbul olmuşdur. 25 yanvar 2008-ci ildən başlayaraq, “N” saylı hərbi hissədə top komandiri kimi xidmətini davam etdirir. Bir müddət sonra, 23 dekabr 2009-cu ildə “N” saylı hərbi hissənin 4-cü motoatıcı taborunun minaatan batareyasında minaatan komandiri vəzifəsində xidmətini davam etdirir. Daha sonra, o, 07 noyabr 2010-cu ildə xidmətini “N” saylı hərbi hissədə top komandiri kimi davam etdirmişdir. Səbuhi, 30 yanvar 2016-cı il tarixindən etibarən, “N” saylı hərbi hissədə sürücü kimi xidmət göstərmişdir. 23 noyabr 2016-cı ildən etibarən isə, “N” saylı hərbi hissənin həmlə taborunun 1-ci həmlə bölüyündə sürücü kimi öz xidməti fəaliyyətini davam etdirmişdir.

Səbuhi Əliyev 31 yanvar 2017-ci ildə Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində gizir hazırlıq kursuna daxil olmuşdur. 25 aprel 2017-ci ildə gizir kimi fəaliyyət göstərmək üçün, “N” saylı hərbi hissənin 2-ci motoatıcı taborunda texnik kimi xidmətə başlamışdır. 12 oktyabr 2017-ci ildən isə, “N” saylı hissənin həmlə taborunun 1-ci həmlə bölüyündə texnik kimi xidmət göstərməyə başlamışdır. 24 iyun 2019-cu ildə “N” saylı hərbi hissənin 4-cü motoatıcı taborunda döyüş maşın komandiri heyət rəisi vəzifəsində xidmətini davam etdirir.

26 oktyabr 2019-cu ildən başlayaraq, “N” saylı hərbi hissənin 3-cü tabor, 8-ci bölük döyüş maşın  komandiri heyət rəisi vəzifəsində xidmətini davam etdirmişdir.

Qürurverici haldır ki, hərbi hissə rəhbərliyi gizirlik kursuna seçim edərkən, 10 nəfər hərbi qulluqçu arasından namizəd kimi, məhz Səbuhini seçmiş və həmin kursa göndərilmişdir.

Bir faktı diqqətinizə çatdırmaq istəyirəm ki, Səbuhi Əliyev hərbi xidmət keçdiyi bu illər ərzində, yalnız ön cəbhədə,  düşmənə yaxın təmas xəttində qulluq etmişdir. O, Ağdam, Ağcabədi, Beyləqan və Füzuli rayonlarında yerləşən hərbi hissələrin düşmənə daha yaxın olan mövqelərində xidməti vəzifəsini ləyaqətlə yerinə yetirmişdir.

Şəhid qardaşım hərbçi kimi xidmətdə olduğu müxtəlif vaxtlarda,  ardıcıl olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 90, 95 və 100 illiyi münasibətilə təsis edilmiş “Yubiley” medalları və “Qüsursuz xidmətə görə ” medalı ilə təltif edilmişdir.

Bütün bunlardan əlavə olaraq bildirmək istəyirəm ki, Əliyev Səbuhi nizam-intizamına, qüsursuz xidmətlərinə görə yuxarı komandanlıq tərəfindən müxtəlif vaxtlarda çox sayda diplom və fəxri fərmanlarla da təltif edilmişdir.

Onu da qeyd edim ki, şanlı hərb tariximizə “dörd günlük müharibə” kimi daxil olmuş haqq savaşımızda Səbuhinin də özünəməxsus xidmətləri olmuş və bu mübarizədə bir çox uğurlara imza atmışdır. Lələtəpə yüksəkliyinin düşmən əsarətindən azad olunmasında Səbuhinin də müstəsna xidmətləri olmuşdur! Həmin döyüşlərdə o, düşmənə sarsıdıcı zərbələr endirmiş, şəhid qardaşlarımızın qisasını artıqlaması ilə almışdır! Hər kəsin gözü qarşısında Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğratdı. Aprel döyüşləri bütün dünyaya Azərbaycan  dövlətinin qüdrətini, ədalət tərəfdarı olmasını, xalqımızın həmrəyliyini, Ordumuzun gücünü və qələbə əzmini bir daha göstərdi.

Lakin hələ də, torpaqlarımızın bir hissəsi düşmən əlində qalmaqda davam edirdi. Azğın düşmənə layiq olduğu yeri göstərməyimizə isə, çox az qalmışdı. Artıq, həmin tarixi gün yaxınlaşmaqda idi. Hamı kimi, Səbuhi qardaşım da möhtəşəm Qələbə gününü səbrsizliklə gözləyirdi! Nəhayət, onun illərlə gözlədiyi, həmişə arzuladığı həmin o tarixi gün gəlir! Bütün bəşəriyyətə səs salan Vətən Müharibəsi başlayır!

Vətən Müharibəsi başlayanda digər qəhrəman hərbçilərimiz kimi, Səbuhi də xidməti vəzifəsini yerinə yetirirdi. 27 sentyabrdan, müharibənin ilk günündən Səbuhi də xidmət etdiyi hərbi hissənin tərkibində mənfur düşmənə qarşı mübarizəyə qoşulur. Onun döyüş yolu Füzuli rayonu istiqamətindən başlayır. Tabeçiliyində olan “BTR” hərbi döyüş maşını ilə 11 gün ərzində fasiləsiz olaraq erməni faşistləri ilə mübarizə aparmış, onların çox sayda hərbi texnikasını və canlı qüvvəsini məhv etmişdir. Şahidlərin dediyinə görə, müharibənin ən qızğın vaxtlarında, 2020-ci il oktyabr ayının 3-də şəhid qardaşımın rəhbərlik etdiyi “BTR” hərbi döyüş maşını düşmən mərmisinə tuş gəlir və şəxsi heyət müxtəlif dərəcəli bədən xəsarətləri alır, lakin buna baxmayaraq cəsur döyüşçülər yenidən döyüşlərə qatılır və düşmənə qarşı mübarizələrini davam etdirirlər. Vətən Müharibəsinin 11-ci gününə qədər qəhrəmanımız yorulmadan, qorxu bilmədən döyüşlərdə iştirak edib. Çox təəssüflər olsun ki, Füzuli rayonunun Qaraxanbəyli kəndi uğrunda gedən döyüş Səbuhinin iştirak etdiyi sonuncu döyüş olur. Məhz, bu mübarizə zamanı, 07 oktyabr 2020-ci ildə, fasiləsiz olaraq 15 il Vətəninə ləyaqətlə xidmət etmiş qardaşım şəhadət şərbətini içərək, əbədiyyətə qovuşur. Şəhidimiz 08 oktyabr 2020-ci ildə Beyləqan rayonu ərazisində yerləşən Cərcis Peygəmbər ziyarətgahının ətrafındakı Şəhidlər Xiyabanında dəfn edilmişdir. Minlərlə vətənpərvər insan izdihamı və müqəddəs üçrəngli bayrağımızın müşayiəti ilə son mənzilə yola salındı qeyrətli Vətən oğlu. Həmin gün mən də xalqımızla bərabər bu faciənin canlı şahidi idim. Valideynlərinin öz şəhid övladını necə qürurla, necə hörmətlə qarşılayıb yola saldığını hamı kimi mən də izlədim. Onların bu cür hərəkətlərini gördükcə, bir daha xalqımla, belə gözəl ürəyə sahib olan insanlarla fəxr etdim.

Nəzərinizə çatdırmaq istəyirəm ki, şəhidimiz Səbuhi Əliyev ailəli idi. Vətənimiz üçün iki oğul övladı əmanət edərək, haqqa qovuşub!

Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Prezidentimiz, cənab İlham Əliyevin sərəncamları ilə, Əliyev Səbuhi  ölümündən sonra, müvafiq olaraq, “İgidliyə görə”, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

 

(Ardı var)

Sabit MEHDİYEV,

“Şəhid Ailələrinə Qayğı” Cəmiyyətinin Beyləqan rayon şöbəsinin sədri