“Universitetlər irəliyə getmək üçün müvafiq səlahiyyətlərə malik olmalıdır” – Rektor

57

“Postpandemiya təhsilinə hazırlıq prosesində ali təhsildə dəyişikliklərin sürəti həlledici amilə çevrilir. Bütün xarici və yerli universitetlər axtarışdadır və postpandemiya dövründə önə çıxmağı düşünür”. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov “Post-COVİD müddətində ali təhsil və tədqiqat” mövzusunda keçirilən tədbirdə bu fikirləri səsləndirib.

Rektor postpandemiya dövründə ali təhsillə bağlı önəmli məsələlərə diqqət çəkib: “Azərbaycan universitetləri də bu prosesdən kənarda deyil. Biz bu yarışda Azərbaycan universitetlərinin də ciddi potensialını görürük. Düşünürük ki, yeni distant təhsillə bağlı müxtəlif universitetlərin fərqli start vəziyyəti, universitetlərin fərqli infrastruktur təminatı və s. özəllikləri fərqli universitetlərin fərqli sürətlə irəliləməsi üçün adekvat şəraitin yaradılmasını tələb edir.

Distant təhsildə ciddi, çoxlu yeniliklər qaçılmazdır və onların hamısı sınaqdan keçirilməlidir. Burada vahid, mərkəzləşdirilmiş yanaşma faydasız və həm də problemli görünür. Universitetlərin yeni təhsil forması ilə bağlı yeniliklər etməklə irəliyə getməsi üçün müvafiq səlahiyyətlərə malik olması önə çıxır.

Postpandemiya dövründə distant təhsil baxımından ciddi risklər, təhlükələr də görünür.İlk növbədə distant təhsil milli təhsil sisteminin muxtariyyatını, dayanıqlığını təhlükə altına almamalıdır. İnkişaf etmiş ölkələrin ali təhsil müəssisələrinə aid kütləvi açıq online kursları var (Coursera, Udemy, Edx və s.).

Onların milli ali təhsil sisteminə ciddi təzyiqləri artmaqdadır. Şübhəsiz ki, bu kurslar rəqabət qabiliyyətlidir və biz bunu etiraf etməliyik. Həmin kursların ən qısa vaxtda milli ali təhsil sisteminə inteqrasiyası təmin edilməlidir. Eləcə də distant təhsil məzunlarının diplomlarının tanınması məsələsinə aydınlıq gətirilməlidir. Bu zaman nəzərə alınması vacib olan məsələlərdən biri də ondan ibarətdir ki, təhsil təkcə vətəndaş, fərd yox, həm də milləti formalaşdırır. Bu, çox ciddi məsələdir.

“Sertifikatların statusu ilə bağlı qaydalar müəyyən edilməlidir”

“Bu gün verilən biliklərin ömrü məhduddur. Bəzi tədqiqatlara görə 5-7 ildir. Bu o deməkdir ki, təqribən 5-7 ildən sonra bugünkü məzun ixtisasını artırmaq və yenidən ixtisaslaşmaq üçün müraciət edir. Müraciət etmiş şəxs yeni ixtisasa yiyələnmək istədiyi halda biz ona ancaq və ancaq mərkəzləşdirilmiş qaydada təsdiq edilmiş ixtisaslardan birini seçməyi təklif edirik. Başqa sözlə, universitet istəsə də əmək bazarında tələbləri qarşılaya bilmir. Doğrudur, bu problem qismən də olsa sertifikat proqramları ilə həll oluna bilər. Bu halda sertifikatların statusu, onların işəgötürənlər tərəfindən ixtisas göstəricisi kimi qəbul edilməsi ilə bağlı qaydaların müəyyən edilməsi tələb olunur.

Təhsilverənlər və təhsilalanların rəqəmsal kompetensiyaları, universitetlərin rəqəmsal infrastrukturuna tələblər ciddiləşəcək. Bu isə öz növbəsində elmi dərəcə, elmi adların verilməsi, universitetlərin akkreditasiyası məsələsində yenidən və kökündən fərqli baxışı qaçılmaz edir.

Pandemiya həm də universitetlərin böhranlara hazırlıqsızlığını göstərdi. Yəni onilliklər boyu sarsıntılara dayanıqlıq göstərmiş universitetlər XXI əsrin yeni böhranına tam hazır olmadıqlarını göstərdilər. Buali təhsil müəssisələrinin akkreditasiyası ilə yanaşı, həm də onların böhran şəraitində dayanıqlığının diaqnostikası sisteminin qurulmasını və mütəmadi olaraq diaqnostikasının həyata keçirilməsini zəruri edir”.

azpolitika.info