“Ukraynada vəziyyət daha da gərginləşəcək”

438

Zaur Məmmədov: “ABŞ-ın yeni administrasiyasının əsas məqsədi Donbasda Rusiyaya qarşı mübarizəni gücləndirməkdir”

“Rusiya həm Qafqazda, həm də Mərkəzi Asiyada öz keçmiş qüdrətini bərpa etmək, ərazilərini genişləndirmək niyyətindədir”

Donetsk separatçılarının keçmiş başçısı İqor Qirkin bildirib ki, cəbhədə aktivliyin artması səbəbindən 2020-ci ilin iyulundan bəri Donbasda davam edən atəşkəs başa çata bilər. Bu barədə axar.az-da yer alan informasiyaya görə, Qirkin Ukraynanın nəzarət etdiyi ərazilərdə mövqeləri möhkəmləndirilməsinin açıq-aydın göründüyünü qeyd edib: “Hərbi qulluqçularla dolu maşınlar Opıtnıy, Butovka, Promzona istiqamətinə doğru gedir. Dəmir yolunda maskalanmış özüyeriyən artilleriya qurğuları və digər artilleriya vasitələri aşkar olunub. Platformalarda tank və PDM-lər də var”. Separatçıların keçmiş başçısının sözlərinə görə, Qorlovka şəhəri istiqamətinə Ukrayna hərbi texnikası yeridilir. Qirkinin fikrincə, bütün bunlar böyük hərbi əməliyyatlara hazırlığı göstərir.

Kiyev Co Baydenin prezidentliyi dövründə Donbas, o cümlədən Krımla bağlı məsələləri həll etmək arzusundadır

Heç kimə sirr deyil ki, rəsmi Kiyev Co Baydenin prezidentliyi dövründə Donbas, o cümlədən Krımla bağlı məsələləri həll etmək arzusundadır və elə buna görə də Ukrayna ordusunun maddi-texniki bazasının yaxşılaşdırılması, müasir silah-sursatla təminatı, həmçinin NATO standartlarına uyğunlaşdırılması istiqamətində ciddi addımlar atılır. Bununla bağlı açıqlama verən Ukraynanın baş naziri Sergey Şmıqalın sözlərinə görə, Odessada NATO qüvvələri ilə birlikdə “Sarsılmaz müqavimət” adlı komanda-qərargah təlimləri keçiriləcək: “Alyansla praktik əməkdaşlığın dərinləşdirilməsinin perspektivlərini müzakirə etdik. 2021-ci ildə Odessada komanda-qərargah təlimlərinə hazırlaşırıq”. Şmıqal onu da qeyd edib ki, Böyük Britaniya Ukraynaya Qara və Azov dənizlərində hərbi baza tikmək üçün maliyyə yardımı edəcək: “Ukrayna iki hərbi dəniz bazası tikir. Birini Qara dənizdə, digərini isə Azov dənizində. İnşa işləri müdafiə büdcəsi və bizə maliyyə yardımı edəcək Britaniya ilə əməkdaşlıq çərçivəsində aparılacaq”.

Təbii ki, NATO ilə birgə təlimlər Ukraynanın Şimali Atlantika Blokuna üvzlüyünə yetərincə təkan verir. Belə ki, alyansın qapısının yeni üzvlər üçün açıq olduğunu bəyan edən NATO-nun baş katibi Yens Stoltenberq müttəfiqlərin Ukraynanın bloka üzv olmaq səylərini dəstəklədiklərini bildirib: “Soyuq müharibənin bitməsindən sonra NATO üzvlərinin sayını ikiqat artırdı. NATO-nun qapıları açıqdır, biz bir çox ölkələrlə, o cümlədən üzvlüyə namizəd kimi tanınmış Ukrayna ilə işləyirik. Müttəfiqlər Ukraynanın NATO-ya üzv olmaq səylərini dəstəkləyir”.

Bu arada, onu da nəzərinizə çatdıraq ki, Ukraynanın Siyasi Təhlil və İdarəetmə İnstitutunun direktoru Ruslan Bortnik yaxın vaxtlarda Gürcüstan, Ukrayna və Moldovanın GUM adı altında hərbi-siyasi ittifaq yaradacağını bəyan edib: “GUM ölkələri yaxın gələcəkdə NATO və Avropa Birliyinə üzv ola bilməyəcəklər, ancaq Avropa bazarlarına inteqrasiya gedəcək və Şimali Atlantika Alyansının hərbi-texniki dəstəyindən istifadə edəcəklər”. Bortnikin sözlərinə görə, bu ittifaq antirusiya istiqamətli olacaq: “Bu da məntiqlidir. Çünki hər 3 ölkə Rusiya təcavüzünün qurbanı olub və onların əraziləri Moskvanın işğalı altındadır. İttifaq ABŞ-ın maliyyə və hərbi-texnoloji dəstəyinə ümid edə bilər. Yəqin ki, bu fikir Vaşinqton tərəfindən aktiv dəstəklənir”.

“İndiki halda yeni müharibənin başlaması və Donbasın Ukrayna tərəfindən geri qaytarılması inandırıcı görünmür”

Beləliklə, mövzu ilə bağlı mövqeyini “Hürriyyət“lə bölüşən Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədovun sözlərinə görə, Co Baydenin ABŞ prezidenti postuna gəlişindən sonra Ukraynada bir çoxları Donbas məsələsinin həllinə nikbin yanaşmağa başlayıb: “Çünki Donald Tramp zamanında Ukrayna ilə Rusiya arasındakı mübarizədə rəsmi Vaşinqtonun Kiyevə dəstəyi bir qədər məsafəli şəkildə həll edilirdi. Bu gün ABŞ-ın yeni administrasiyasının əsas məqsədi müxtəlif vasitələrlə Donbasda Rusiyaya qarşı mübarizəni gücləndirməkdir. Hətta bu zaman daha sərt tədbirlərə də əl atıla bilər. Təbii ki, bütün bunların yalnız Ukrayna ordusunun hesabına baş verəcəyi o qədər də inandırıcı deyil. Yəqin ki, bu məsələdə ABŞ-ın güclü siyasi dəstəyi olacaq və bu, rəsmi Kiyevi hərəkətə keçirə bilər. Amma bir məqamı da vurğulamaq lazımdır ki, indiki halda yeni müharibənin başlaması və Donbasın Ukrayna tərəfindən geri qaytarılması inandırıcı görünmür. Çünki Donbasın arxasında hansı gücün dayandığı məlumdur. Odur ki, Ukrayna ordusu ilə Rusiya ordusu arasında müqayisə edilməyəcək dərəcədə böyük fərq var. İstər 2008-ci ildə Gürcüstanda, istərsə də 2013-2014-cü illərdə Ukraynada baş verən hadisələrdən belə nəticə çıxarmaq olar ki, okeanın o tayında Zbiqnev Bjezinski başda olmaqla, ABŞ-ın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi hələ o zaman böyük şahmat lövhəsində Ukraynanın Rusiya ilə mübarizədə nə dərəcədə vacib rol oynadığına eyham vurmuşdu. Nəticə etibarıyla ABŞ Ukrayna cəmiyyətini Rusiya ilə düşmən edərək, Kiyevi Moskvadan uzaqlaşdıraraq öz məqsədinə çatdı. Eyni sözləri, Gürcüstanla bağlı deyə bilərik. Yeri gəlmişkən, həmin böyük şahmat taxtasında Azərbaycanın da kifayət qədər vacib roluna eyham vurulmuşdu. Sadəcə olaraq, Azərbaycan rəhbərliyinin apardığı düşünülmüş, balanslı və rasional siyasət nəticəsində cəmiyyətimiz Rusiya ilə ABŞ arasındakı qarşıdurmada kiçik bir dövlət, obyekt olmaq təhlükəsizdən qaçdı. Hər iki tərəflə məsafəli davranaraq, onların Azərbaycanda bir-birinə qarşı mübarizəsini sıfra endirmiş oldu”.

“Moldova, Ukrayna və Gürcüstanın öz ərazi bütövlüyünü yaradacaqları hərbi-siyasi ittifaq hesabına bərpa etməsi real görünmür”

Moldovada hakimiyyətə Qərbyönümlü Maya Sandu gəldikdən sonra rəsmi Kişinyov, Kiyev və Tiflis arasında üçtərəfli hərbi-siyasi ittifaqın yaradılması istiqamətin ciddi addımlar atıldığını vurğulayan Bakı Politoloqlar Klubunun rəhbəri hesab edir ki, Moldova, Ukrayna və Gürcüstanın öz ərazi bütövlüyünü bu ittifaq hesabına bərpa etməsi real görünmür: “Lakin onu da qeyd etmək lazımdır ki, hazırda NATO-ya və Avropa İttifaqına üzvlükdən tutmuş, ərazi bütövlüyünün bərpası da daxil olmaqla, Moldova, Ukrayna və Gürcüstanı birləşdirən bir sıra ortaq cəhət var. Bildiyiniz kimi, hər üç ölkənin Rusiya ilə bağlı ərazi problemləri mövcuddur. Düşünürəm ki, yaxın perspektivdə Ukraynada vəziyyət daha da gərginləşəcək. Ümumilikdə, Polşadan tutmuş Baltikyanı ölkələrə qədər Şərqi Avropada Rusiyaya qarşı daha radikal çıxışların və addımların şahidi olacağıq. Təbii ki, burda əsas rolu Co Bayden və Vladimir Putin oynayacaq. Yəni, onların bir-birinə olan münasibəti, aralarındakı dialoq bu məsələlərin perspektivliyində xüsusi önəmə, çəkiyə malik olacaq”.

“Avropa İttifaqında söz sahibi olan ölkələr hələlik Ukrayna və Gürcüstanı öz sıralarına qatmaq niyyətində deyillər”

Ukrayna və Gürcüstanın NATO-ya, o cümlədən Avropa İttifaqına qəbul edilməsinin uzun sürən danışıqların əsas mövzusu olduğunu xatırladan Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi qeyd etdi ki, Avropa İttifaqında söz sahibi olan ölkələr hələlik Ukrayna və Gürcüstanı öz sıralarına qatmaq niyyətində deyillər: “Bununla bağlı Angela Merkel bir il öncə çıxışı zamanı aydın şəkildə bildirmişdi. Lakin NATO ilə bağlı vəziyyət başqadır. Belə ki, alyansın qonşuluq, şərqə doğru genişlənmə siyasəti tamamilə fərqlidir. Bu səbəbdən də son zamanlar Gürcüstan və Ukrayna ordusunun NATO standartlarına uyğunlaşdırılması ilə bağlı kifayət qədər ciddi işlər aparılır. Hesab edirəm ki, Gürcüstanda Bidzina İvanişvilinin siyasi hakimiyyətdən uzaqlaşması və Qərbpərəstlərin iqtidara gəlmə şansları NATO-ya inteqrasiya məsələsini daha da tezləşdirən amillərdən biri olacaq. Bu qənaətdəyəm ki, həm Ukrayna, həm də Gürcüstanın NATO-ya üzvlüyü yaxın iki-üç ildən sonrakı perspektivdə reallaşa bilər. Məlumdur ki, Rusiya adıçəkilən ölkələrin alyansa daxil olmasını özü üçün qırmızı xətt hesab edir. Əslində, Kremlin Qərbin Rusiyaya doğru genişlənməsinə cavabını görürük. Bundan başqa, ABŞ araşdırmaçılarının məlumatına görə, Rusiya həm Qafqazda, həm də Mərkəzi Asiyada öz keçmiş qüdrətini bərpa etmək, ərazilərini genişləndirmək niyyətindədir”.

Vazeh BƏHRAMOĞLU