Ukraynada sənədsiz yaşayan 40-a yaxın azərbaycanlı saxlanılıb

51

Ukraynanın paytaxtı Kiyev şəhərinin Desnyanskiy rayonunda yerləşən “Troeşina” bazarında 40 nəfərə yaxın azərbaycanlı yerli polis və miqrasiya orqanları tərəfindən saxlanılıb.

“Report”un Şərqi Avropa bürosunun Miqrasiya Xidmətindən əldə etdiyi məlumata görə, onların saxlanmasına səbəb ölkədə qanunsuz (sənədsiz) yaşamaları olub.

Saxlanılanlar mərhələli şəkildə deportasiya olunmaq üçün Ukrayna Dövlət Miqrasiya Xidmətinin miqrantlar üçün nəzərdə tutulmuş yerlərində saxlanılır.

Qeyd edək ki, Ukraynada miqrasiya qanunvericiliyinin tələblərini yoxlamaq məqsədilə mütəmadi olaraq reydlər keçirilir. Aşkar edilən sənədsiz əcnəbilər arasında hələ də keçmiş SSRİ-nin pasportunu daşıyanlara da rast gəlinir.