Ukraynada koronavirusa yoluxma ilə bağlı vəziyyət kritik həddə çatıb

117

Ukraynada son sutka ərzində 16 min 669 nəfər koronavirusa yoluxub ki, bu da ilin ən yuxarı göstəricisidir. Bu virusa ən çox yoluxma Kiyev, Odessa və Jitomir vilayətlərində qeydə alınıb. Son sutkada koronavirusa yoluxanların 4838-i xəstəxanaya yerləşdirilib. Koronavirusa yoluxanların 786-sı uşaq, 446-sı isə tibb işçisidir.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın Səhiyyə Nazirliyinin məlumatında qeyd edilib.

Ötən gün ölkədə koronavirusdan ölənlərin sayında da antirekord qeydə alınıb. Belə ki, son sutkada Ukraynada 362 nəfər bu xəstəlikdən həyatını itirib.

Martın 24-nə olan vəziyyətə görə, Ukraynada 1 milyon 596 min 575 yoluxma faktı təsdiqlənib, 1 milyon 283 min 20 nəfər müalicə olunaraq sağalıb. Pandemiya dövründə koronavirusdan ölənlərin sayı 31 min 135 nəfərdir.

Ukrayna hökuməti koronavirusa yoluxma hallarının artdığı üçün vilayətlərdəki göstəricilərə əsasən karantin rejimini sərtləşdirib.