Ukraynada gərginlik artır… NATO işə qarışacaqmı?

252

Hurriyyet.org xəbər verir ki, Ukraynanın vitse-prezidenti Roman Maşoveç ilə NATO-nun Ukrayna Nümayəndəliyinin başçısı Aleksandr Vinnikov görüşüblər. Görüş zamanı təhlükəsizlik məsələləri və Ukraynanın NATO-ya inteqrasiyası müzakirə edilib.

Roman Maşoveç görüşdə Rusiyanın Ukrayna sərhədində gərginliyi artırması, hərbi qüvvələrini sərhədə yerləşdirməsi məsələlərindən bəhs edib.

Ukrayna Prezident Aparatının rəsmi saytında verilən məlumata görə, Maşoveç Ukraynanın NATO-ya inteqrasiyası və Şimali Atlantika İttifaqının standartlarına yaxınlaşma məsələsindəki dəstəyə görə təşəkkürünü bildirib, “Yaxın gələcəkdə  NATO-da Üzvlük üzrə Fəaliyyət Planına da qoşulacağımıza ümid edirik”, – deyib.

Maşoveç Vinnikova Donbasda vəziyyətin pisləşməsi barəsində məlumat verib, ilin əvvəlindən bəri rus əsgərlərinin atəşkəsi 570 dəfədən çox pozduğunu söyləyib. Hər həftə Şərqi Ukraynadakı hərbçilər arasından itki verildiyini bildirib, Rusiya Federasiyasının beynəlxalq razılaşmalara əməl eləmədiyini deyib. Maşoveç əlavə edib: “Rusiya məsələni dialoq yolu ilə həll eləmək məsələsinə yaxınlaşmır, sülh prosesini tamamilə pozmağa çalışır”.

Ukraynanın dövlət sərhədinin yaxınlığına xeyli Rusiya hərbçisi toplaşıb. Bu səbəbdən Ukrayna Silahlı Qüvvələrinin NATO ordusu ilə birgə təlimlər keçirməsi, xüsusilə də Ukraynanın hava məkanında NATO ölkələrinin hava qüvvələri ilə birgə nəzarətlər həyata keçirməsi regionda sabitliyə kömək edə bilər. Maşoveç Rusiyanın addımlarına qarşı NATO-nun siyasi reaksiyasının mühüm olduğunu vurğulayıb.