Ukrayna-Rusiya müharibəsinə doğru daha bir addım

162

Zelenski ehtiyatda olan hərbi qulluqçuların hərbi xidmətə çağrılması barədə qanun imzaladı

Ukraynada müharibənin gerçəkləşmə ehtimalı artır. Prezident Zelenski 2021-ci il aprelin 21-də mobilizasiya elan olunmadan ehtiyatda olan hərbi qulluqçuların hərbi xidmətə çağrılması barədə qanun imzaladı.

Qanun dövlətin hərbi hissələrində yerləşən bütün müdafiə qüvvələrini ehtiyatda olanların hesabına 24 saat ərzində sürətli və çevik şəkildə təchiz etməyə imkan verəcək. Yəni prezident səfərbərlik və hərbi vəziyyət elan etmədən istənilən vaxt  150 min nəfərə yaxın ehtiyatda olan şəxsi hərbi xidmətə çağıra bilər. Bu qanunun tətbiq olunmasına sadəcə vəziyyətin qiymətləndirilməsi ilə qərar verəcək. Xüsusi müddət versiyası yaranarsa, necə ki, gedişat onu göstərir, qanun işə düşəcək.

“Xüsusi  müddət ərzində hərbi xidmət etmək üçün müqavilə bağlayan və ya hərbi əməliyyat keçiriləcəyi təqdirdə ehtiyata yazılan vətəndaşlar hərbi xidmətə çağırılacaq. Belə bir çağırışın edilməsi qərarı  Ukrayna Silahlı Qüvvələrinin  təklifinə görə Ukrayna Silahlı Qüvvələri Baş Komandanlığı tərəfindən qəbul edilir”, – deyə xəbərdə bildirilir.

Xüsusi müddət dövründə ehtiyatda olanlar arasından çağırışçılar səfərbər olunmaq üçün nəzərdə tutulan əmək, sosial, hüquqi və təhsil zəmanətlərini alacaqlar. Xüsusilə də xidmət bitdikdən sonra altı ay ərzində məşğulluğa yardım olunacağına zəmanət verilir. Sənədə əsasən hərbi komissarlıqların nəzdindəki toplama məntəqələrində də qəbul və sosial dəstək mərkəzləri yaradılacaq.

“Ehtiyatda olanların hərbi qeydiyyatının həyata keçirilməsi proseduru, o cümlədən  avtomatlaşdırılmış informasiya və telekomunikasiya sistemi – “Oberiq” – çağırışçıların, ehtiyatda olan çağırışçıların vahid dövlət reyestri köməyi ilə təkmilləşdirilir”, – deyə Prezident Administrasiyasından bildirilib.

Nəticə etibarilə deyək ki, sənəddə vəzifəli şəxslərə, ehtiyatda olanlara, hərbi mükəlləfiyyəti olan şəxslərə hərbi xidmətə dair qanunvericiliyin pozulmasına, hərbi qeydiyyat sənədlərinə laqeydliklə qəsdən ziyan vurmasına və ya itirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. Qanun həmçinin çağırışdan, hərbi qeydiyyatdan və ya təlim düşərgələrindən yayınmaq üçün qanun cinayət məsuliyyətini nəzərdə tutur.

Vəziyyətin hərbi toqquşma istiqamətində nəticələnməyə doğru getdiyini ABŞ-ın Ukrayna ilə sərhəd ölkələrə sürətli şəkildə hərbi texnika yığılmasında da görə bilərik. Belə ki, Polşanın müdafiə naziri Mariuş Blaşak tvitter sosial şəbəkəsində etdiyi paylaşımında ABŞ-ın Polşaya iki növ döyüş təyyarəsi göndərdiyini bildirib. Polşalı nazir paylaşımında qeyd edib: “Bu gün ABŞ-ın bir neçə ədəd dördüncü nəsil döyüş təyyarəsi olan F15 və F16 Polşaya gəldi. ABŞ-ın Avropadakı hərbi kontingentinin komandanlığı Polşa hava limanlarından da istifadə edərək Avropadakı hərbi hava qüvvələrinin sürətli şəkildə köçürülməsini həyata keçirir”. Əlavə olaraq, nazir bu cür tədbirlərin bölgədə təhlükəsizliyin gücləndirilməsinə yönəldiyini vurğulayıb.

Qərbin Rusiyaya son qınamasına baxmayaraq, Kremlin Ukrayna sərhədlərinə 150 min civarında hərbçi və hərbi texnika yığması əks olunur. Bu isə onu deməyə əsas verir ki, prezident Putin geri çəkilmək fikrində deyil.

Vəziyyətin hərbi toqquşma mərhələsinə keçəcəyinin daha bir göstəricisi kimi prezident Zelenskinin prezident Putinə təklif etdiyi “Donbasın müharibə gedən istənilən nöqtəsində görüş” təklifinə Rusiyadan verilən cavabı qəbul etmək olar. Kreml bu görüşdə, xüsusən onun Donbasda keçirilməsində məna görmədiklərini söylədi. Rusiya Federasiyası Təhlükəsizlik Şurasında isə Zelenskinin çıxışı “aktyor oyunbazlığı ilə edilən özünəvurğunluq” adlandırıldı və əlavə edildi ki, “onun özü Ukraynanın şərqində insanların kimin üzündən öldüyünü bilmir”. Üstəlik, Zelenski və ukraynalıları “müharibənin məsuliyyətini Rusiya Federasiyasının prezidentinin üstünə yıxmaqda” günahlandırdılar.

Belə görünür ki, gərginlik pik həddə çatdırılacaq və münaqişə isti mərhələyə keçiriləcək. Prezident Putinin qəti mövqeyi oun geri çəkilməyəcəyindən xəbər verir. Əlbəttə, qarşıdan gələn daha iri miqyaslı dünyanın sözükeçən dövlətlərini də içinə alacaq müharibə ərəfəsində baş rol oynayacaq Rusiyanın kiçik miqyaslı qələbə qazanması onun imicinin qalib dövlət yönündə formalaşması üçün zəruridir. Rusiya zəif dövlət imici ilə dünya müharibəsinə girə bilməz. Qara dənizdə təlimlər, Ukraynanın üstünə “qılınc çəkmə” də elə bu imicin formalaşmasına lazımdır. Elə sıravi vətəndaşının da fikrini müharibə yönünə istiqamətləndirmək, onları qalib gələcəklərinə ümidləndirmək, diqqəti daxili problemlərdən yayındırmaq, hələdə imperiya ambisiyalarını yaşatmaq – bunlar həmısı müharibəyə hazırlıqdır və kiçik qələbə insanları böyük müharibədə qələbəyə hazırlamaq, həvəsləndirmək məqsədi daşıyır.

Ülviyyə ŞÜKÜROVA