Ukrayna ilə Rusiya qanlı savaşın bir addımlığında

129

Birləşmiş Ştatlar rəsmi Kiyevə hər cür hərbi dəstək veriləcəyini bəyan etdi; proseslərin gedişi nə vəd edir?

Xəbər verdiyimiz kimi, bir neçə gündür Rusiya ordusu intensiv şəkildə Ukrayna ilə sərhədə qoşun qruplaşmaları cəmləşdirir. Bu qüvvələr hansısa təlim adı altında sərhədə yeridilsə də, Moskvanın niyyətinin tamamilə fərqli olduğu şübhəsizdir…

Qeyd edək ki, Rusiya mənbələri qatarlarla Ukrayna ilə sərhədə tərəf zirehli və digər hərbi texnikanın daşınmasına dair görüntülər yayıb. Rusiya ordusu o cümlədən Krım körpüsü üzərindən yarımadaya böyük sayda hərbi qüvvə yeridib.

Martın 30-da Ukrayna silahlı qüvvələrinin Baş komandanı, general Ruslan Xomçak bəyan edib ki, ölkə sərhədləri boyu Rusiyanın 28 batalyon-taktiki qruplaması cəmləşdirilib və döyüşə tam hazır vəziyyətə gətirilib. “Daha 25 batalyon-taktiki qruplaşmasının gətirilməsi gözlənilir”, – general bildirib.

Ruslan Xomçak bildirib ki, Ukrayna ordusu Donbassa irimiqyaslı hücum əməliyyatı üçün hazırdır. Onun sözlərinə görə, 100 minlik hərbi qruplaşma döyüş hazırlıqlarını tamamlayıb: “Ukrayna Silahlı Qüvvələri bu gün müxtəlif variantlara hazırdır və əlbətdə, biz hücum etməyə hazırlaşırıq. Biz təlim bazaları yaradırıq, bizə bu işdə tərəfdaşlarımız kömək edir. Çünki başqa cür mümkün deyil. Əgər siz soruşsanız ki, bu gün biz hazırıqmı? Bəli, hazırıq. Nəticələri, qüvvələri, ehtiyat qüvvələri, dövlətin imkanlarını hesablamaq lazımdır. Riskləri qiymətləndirmək lazımdır. Əgər biz bu gün əlimizdə olanlarla vuruşsaq əlbətdə ki, hədəfə çatmaq üçün çox böyük şanslarımız var”.

“Ukrayna hər cür təxribatlara cavab verməyə hazırdır”

Ukrayna Prezidenti Vladimir Zelenski də Rusiyanı Donbasda “əzələ nümayişində” günahlandırıb. Prezident bu barədə Zelenski sosial şəbəkə hesabında yazıb.

Dövlət başçısı bəyan edib ki, Donbasda münaqişə vəziyyəti kəskinləşib. Onun fikrincə, Rusiya danışıqlarda təzyiq atmosferi yaradır: “Hərbi təlimlər və sərhəd boyunca mümkün təxribatlar formatında olan əzələ oyunu Rusiyada ənənəvi bir haldır”.

Bundan başqa, Zelenski Ukraynanın hər cür təxribata cavab verməyə hazır olduğunu əlavə edib.

 

ABŞ-dan reaksiya…

 

Martın 31-də ABŞ dövlət katibi Entoni Blinken ukraynalı həmkarı Dmitri  Kuleba ilə telefonla danışıb. ABŞ Birləşmiş Qərargahlar Komitəsinin sədri general Mark Mili isə Rusiya və Ukraynanın silahlı qüvvələrinin Baş qərargah rəisləri Valeri Gerasimova və Ruslan Xomçaka zəng edib.

Dövlət Departamenti bildirir ki, Blinken “Rusiyanın davam etməkdə olan təcavüzü ilə üzləşmiş” Ukraynaya ABŞ-ın tam dəstəyini bir daha ifadə edib və şərqi Ukraynada yaranmış təhlükəsizlik vəziyyəti ilə bağlı narahatlıq bidlirib. ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kerbi deyib ki, Pentaqon Ukrayna hərbiyyəsinin Rusiya qoşunlarının sərhəd boyunca hərəkətləri barədə məlumatından xəbərdardır.

“Rusiyanın destablizasiyaya yönəlmiş  hərəkətləri ATƏT-in vasitəşiliyi ilə ötən ilin yayında əldə olunmuş sazişə uyğun olaraq de-eskalasiya niyyətlərini sarsıdır. Biz gərginliyin artması, atəşkəsin pozulması və NATO müttəfiqləri ilə regional gərginliklə bağlı narahtlığımızı müzakirə edirik”, – o bildirib.

Bu arada, ATƏT-in Ukraynadakı mülki Xüsusi Monitorinq Missiyası son günlərdə atəşkəsin yüzlərlə dəfə pozulmasını qeydə alıb. Tərəflər ağır silahlardan və arrtilleriyadan istifadə edirlər.

“Rusiya hücum etsə Ukraynaya dəstək verəcəyik”

Dünən Ukrayna Müdafiə Nazirliyi Birləşmiş Ştatların müdafiə naziri Lloyd Ostinlə onun ukraynalı həmkarı arasında aparılmış telefon danışığı barədə məlumat yayıb. Məlumatda deyilir ki, srağagün axşam tərəflər Donbassdakı vəziyyəti və Rusiyanın Ukrayna sərhədlərinə qoşun cəmləşdirməsini müzakirə ediblər. Lloyd Ostin ukraynalı həmkarı Andrey Tarana bildirib ki, əgər Rusiya Ukrayna ilə münaqişəyə başlasa ABŞ müdaxilə edəcək.

“ABŞ müdafiə naziri qeyd edib ki, Rusiya aqressiyasının eskalasiyası halında Birləşmiş Ştatlar Ukraynanı tək qoymayacaq və Rusiya Federasiyasının Ukraynaya qarşı aqressiv cəhdlərinin həyata keçirilməsinə imkan verməyəcək”,-məlumatda deyilir. Bildirilir ki, bu Lloyd Ostinlə Aandrey Taran arasında son ay yarım ərzində ikinci telefon danışığıdır. Son telefon danışığı Amerika tərəfinin təşəbbüsü ilə baş tutub.

Telefon danışığı barədə Pentaqon da məlumat yayıb, Lloyd Ostinin Ukraynaya dəstək vədi verdiyini təsdiqləyib. Pentaqonun rəsmi nümayəndəsi Con Kirbi jurnalistlərə bildirib ki, danışıqlar zamanı cənab Ostin Rusiyanın Ukraynanın şərqində “aqressiv və təxribatçı hərəkətlərinin eskalasiyasını” pisləyir.

“O, habelə təsdiq edib ki, ABŞ Rusiya təcavüzünə qarşı daha effektiv müdafiəni təmin etməsi üçün Ukrayna qüvvələrinin potensialının artırılmasına sadiqdir”, – Kirbi bildirib. Pentaqon nümayəndəsi qeyd edib ki, 2015-ci ildən bu yana ABŞ Ukraynaya 2 milyard dollarlıq hərbi yardım ayırıb.

Moskvanın güc nümayişi, yoxsa yeni müharibənin anonsu?

“New York Times” qəzetinin verdiyi məlumata görə, Ukrayna sərhədinə təxminən 4000 rus əsgəri göndərilib. Nəticədə ABŞ-ın Avropadakı ordusunun komandanlığı böhranın izləmə səviyyəsini qaldırmaq kontingenti üçün yüksək hazırlıq həddinə gətirdi.

“Foreign Policy” isə sual edir: bu, tam savaşa başlamaq deməkdirmi?

Əlbəttə, bunu indidən söyləmək çətindir və tezdir. Rusiya bu yaxınlarda bölgədə bir hərbi təlim keçirdi və keçən həftə elan etdi ki, Krımda daimi olaraq hava desant polku yerləşdirəcək. Ekspertlərin fikrincə, bu hərbi kontingentin sərhədə doğru yol alaraq yerdəyişməsini açıqlaya bilər.

CNA-nın baş elmi əməkdaşı Maykl Kofmanın sözlərinə görə, rus hərbi kontingenti irimiqyaslı yerləşdirmə aparır və bunu görüləcək şəkildə edirlər: “Lakin bu yerdəyişmə Xerson vilayətini (Krımla üzbəüz Ukrayna bölgəsi) və ya digər böyük ərazini işğal edəcək gücdə deyil. Ukrayna sərhədləri boyunca çox hərəkətlilik var və bu da bəzi niyyətlərlə bağlı suallar yaradır”.

Ümumilikdə isə, Ukraynanın şərqində hərbçilərlə Rusiyanın dəstəklədiyi separatçılar arasında gedən döyüşlərin alovlanması, Vaşinqtonda və Avropa paytaxtlarında narahatlıq doğurub. Ancaq Kofman panikaya düşməmək üçün xəbərdarlıq edir. “Mənə görə Rusiyanın yaxın müddətdə işğal üçün mövqelərini möhkəmləndirdiyi görünmür”, – deyib. Onun fikirncə, bu hərbi aktivlik daha çox Ukraynanı təslimçiliyə məcbur etmək xarakteri daşıyır.

Ukrayna Prezidenti Vladimir Zelenski bunu hələ ki, dalana dirənmiş sülh danışıqları fonunda Rusiyanın təzyiq artırmaqla “əzələ göstərişi” adlandırır. Hərçənd, göründüyü kimi, xarici ekspertlər Moskvanın irimiqyaslı hərbi əməliyyatlara başlayacağını istisna edirlər. Amma Ukrayna kəşfiyyatının məlumatı narahatçılığa əsas olduğunu göstərir. Belə ki, Ukrayna Müdafiə Nazirliyinin kəşfiyyat bölməsinin saytında verilən məlumatda Rusiyanın genişmiqyaslı hərbi əməliyyatlara başlayacağı iddia olunur. Ukraynalıların fikrincə, məqsəd Kiyevi Donbasda hərbi cavab verməyə təhrik etmək, həmçinin “DXR” və “LXR”-də “rus hərbi mövcudluğunu genişləndirməkdir”. Yəni Rusiyaya hücum üçün bəhanə verməkdir.

Tərəflər arasında sülh danışıqları olduğu kimi qalır. Başladığı 2014-cü ildən bəri 14 min insanın ölümü ilə nəticələnən münaqişənin həlli səyləri “ölü nöqtə”dən tərpənməyib. 2015-ci ildə Belarusun paytaxtında əldə edilmiş Minsk razılaşması döyüşlərin ən pis fazasını durdurdu, lakin razılaşmanın icrası ilə bağlı fikir ayrılıqları münaqişənin yenidən alovlanmasına imkan verdi. Son bir ildə Moskva və ona yaxın güclər Kiyevə təzyiqin ağırlıq gücünü artırmaq üçün Rusiyanın işğalı altındakı Şərqi Ukrayna sakinlərinə pasport verməyə başladı.

Bu arada, ABŞ-ın anarahtlığı fonunda prezident Co Bayden çıxılmaz vəziyyətdədir. Sabiq prezident Donald Trampın Ukraynanı siyasi rəqibi Baydenin üzərinə kompromat yığmaq üçün istifadə etmək cəhdləri Kiyevi özünün günahı olmadan Vaşinqtonda “isti siyasi kartof” etdi. Deyilənə görə, Bayden prezident kimi vəzifəsinə başladıqdan bəri məsafəni qoruyub saxlamış və ukraynalı həmkarı ilə hələ telefon əlaqəsi qurmamışdır. Bəziləri Bayden administrasiyasını Rusiyaya qarşı daha sərt addım atmağa çağırır. “Son bir ayda Donbasda əsl eskalasiya gördük, amma Vaşinqton administrasiyasından çox şey görmədik. Putin sərt zərbə endirənə qədər dayanmadan Kiyevi küncə sıxır, amma hələ ki, həmin zərbəni endirmir”, – deyə Tramp administrasiyasının keçmiş məmurlarından biri “Security Brief”ə bildirir. Bununla belə, Bayden öz administrasiyasına dövlət katibinin müavini Viktoriya Nuland, Vendi Şerman və CIA direktoru Bill Burns da kimi Moskva ilə böyük iş təcrübəsi olan və Rusiyaya asanlıqla “pas verməyən” insanları yığıb.

NATO nə etməlidir?

Hər bir halda NATO ən pis varianta hazır olmalıdır. Təbii, NATO Ukraynadakı qarşıdurmada birbaşa açıq tərəf olmasa da, Kiyevə siyasi dəstək verir, müttəfiq ölkələr isə hərbi təlim, avadanlıq və silahla dəstək olurlar. Ancaq Atlantik Şurasında çalışan Müdafiə Nazirliyinin keçmiş rəsmisi Kristofer Skaluba deyir ki, NATO böhrana çevik şəkildə cavab verməyə hazır olmalıdır. O, “Security Brief”ə bildirir: “Ukrayna ilə “Moskva separatçıları” arasında döyüşlərin yenidən başlanmasından törənən yan təsirlər tez meydana çıxa bilər, NATO-nu hazırlamaq lazımdır. NATO-nun Ukraynanı qorumaq öhdəliyi olmasa da, Ukrayna ilə həmsərhəd olan bütün NATO üzvlərini qorumağa borcludur”.

Savaş nə vəd edir?

Ukraynadakı döyüşlərin yenidən alovlanması kabusu Moskvanın Vaşinqtonun çoxdan planlaşdırdığı Asiyadan çıxışı haqda xoşagəlməz xatırlatmadır. Vaşinqton Asiya cinahını gücləndirmək üçün Yaxın Şərqdən qüvvələrini çəkir. Əksər analitiklər Rusiya ilə NATO üzvləri arasında genişmiqyaslı münaqişə ehtimalının az olduğu barədə razılaşsalar da, onlar bu fikirdədirlər ki, Ukraynadakı münaqişə “uzaq ölkədəki mübahisənin” çox vaxt pis nəticələndiyinin xatırlatmasıdır. Yəni Əfqanıstan kimi…

Azərbaycan-Ermənistan müharibəsi və ya dron dərsləri…

May ayında qapılarını bağlayan “Ordunun Asimmetrik Döyüş Qrupu” son bir neçə ayını Azərbaycanın  Qarabağ bölgəsində Ermənistan üzərində qazandığı qələbəni öyrənməkdə, savaşın detallarını araşdırmaqdadır. Öyrəndikləri şeylər isə bunlardır – Kiçik dövlətlər öz səmalarını ucuz hərbi hava təchizatı ilə qorumaq üçün əvvəl planda olmayan pilotsuz təyyarələr və kamikadze dronlar kimi döyüş sursatları ilə yaxşı təchiz olunublar və ABŞ da bunu öyrənsə yaxşı olar. “Bu döyüşdə aydın oldu ki, az maliyyə ilə, amma yaxşı təchiz olunmuş dövlət uğurlu müharibə apara bilər. ABŞ və Rusiya olmanıza gərək yoxdur. Kombinə edilmiş silahın qiyməti düşünüləndən daha ucuzdur”, – deyə “Asimmetrik Döyüş Qrupu”nun sabiq rəhbəri polkovnik Skot Shav bildirir.

Bir sözlə, analitiklər Donbassda irimiqyaslı hərbi əməliyyatların yaxın həftələrdə başlaya biləcəyinə dair əlamətlərin olduğunu deyirlər. Ən çox diqqət mərkəzində olan məsələlərdən biri də budur ki, Ukrayna ordusu Azərbaycan ordusunun Qarabağdakı təcrübəsini öyrənib və Türkiyədən çoxsaylı 2Bayraktar TB2” zərbə pilotsuz təyyarələri alıb. O cümlədən ABŞ-ın Ukrayna ordusuna dəstək verdiyini də nəzərə alsaq, Ukrayna tərəfdarları bu prosesdə heç də bədbin deyillər…

Hazırladı: Ülviyyə ŞÜKÜROVA