TÜRKİYƏ YENİ SİLAH VƏ HƏRBİ TEXNİKALARINI NÜMAYİŞ ETDİRDİ – FOTOLAR

42

Türkiyə müdafiə sənayesinin yeni məhsulu olan “BORAN” haubitsa-topu, “E-ZMA” elektron zirehli döyüş maşını, “MEMATT” mexaniki mina təmizləmə texnikası və MBS mərmilərinin təqdimatı keçirilib.

“Report” xəbər verir ki, silah və texnikalar ölkənin Mexanika və Kimya Sənayesi Korparasiyasının Barutsan Raket və Partlayıcı Fabrikində istehsal olunub.

Bildirilib ki, “BORAN” dünyada öz seriyasından olan ən dəqiq və güclü xüsusiyyəti ilə fərqlənir. 105 mm çaplı haubitsanın çəkisi 1750 kq-dır və helikopterlə daşımaq mümkündür. O 17 km məsafədə hədəfləri məhv etmək qabiliyyətinə malikdir. “BORAN” bir dəqiqədən az vaxtda atəşə hazır vəziyyyətə gətirilir. Bu haubitsadan dəqiqədə 6 dəfə atəş açmaq mümkündür.

Elektrikli hibrid sistemə malik hərbi texnika “E-ZMA” uzaqdan idarə olunur. Bir səfərdə 720 kilometrlik məsafəni qət etməklə yanaşı, 10 saat müddətində fasiləsiz döyüş qabiliyyətinə malikdir.

Bundan başqa, mexaniki mina təmizləmə texnikası “MEMATT”ın da təqdimatı olub. Bu texnika uzaqdan idarə edilir. 60 dərəcə meyilli nöqtələrə qədər irəliləyə bilir və ballistik silahlardan qorunma xüsusiyyətinə malikdir.

Tədbirdə həmçinin 42 km məsafəlik atış qabiliyyətli MBS mərmiləri də nümayiş olunub.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yeni silah və texnikanın təqdimatında iştirak edib.