Türkiyə sərhədinin 600 metrliyində ABŞ-YPG/PKK bazası qurulur!

387

Hurriyyet.org xəbər verir ki, İraqın şimalındakı Qara rayonunda yuva salmış terrorçularla Türkiyə arasındakı savaşdan sonra ABŞ Suriyanın şimalında terror təşkilatını dəstəkləyən yeni addımlar atır. Ərəb mətbuatının yaydığı xəbərə görə, rayonda ABŞ vertolyotları uçmaqdadır.

Qarada 13 türk vətəndaşın qətlə yetirilməsindən sonra Vaşinqtonun açıqlamasının Türkiyədə doğurduğu narazılığın davam elədiyi bir zamanda, ABŞ tərəfindən vəziyyəti daha da gərginləşdirəcək addım atılıb.

Co Bayden hökuməti Suriyanın şimal-şərqində yerləşən bir kənddə YPG terrorçuları ilə birgə baza qurmağa hazırlaşır. Suriyanın Haseke vilayətinin Malikiye rayonunda bazanın qurulması xəbərini mərkəzi ofisi Londonda yerləşən Şarkul Avsat qəzeti verib. Qəzetin istinad elədiyi mənbə isə müxalifətçi Suriya İnsan Hüquqları Müşahidə Evidir (SOHR).

İraqın Şimalından Suriyaya daxil olan karvanın təsvirlərini dərc edən SOHR Ayn Divar kəndində tikiləcək baza üçün ilkin mərhələdə aralarında zirehli texnikanın da olduğu 50 maşının göndərildiyini bildirib.

Ərəb mətbuatı ABŞ-ın başçılıq elədiyi İŞİD-ə qarşı mübarizə koalisiyasının 2021-ci il başlanandan bəri İraqdan Suriyaya 11-ci karvanı göndərdiyini bildirib.

Ayn Divar kəndində tikiləcək baza üçün göndərilən karvan Əl Velid sərhəd qapısından Suriyaya daxil olub. Ərəb mətbuatı Türkiyə ilə sərhəddə qurulacaq bazaya Ərbildəki hava bazasından  dəstək göndəriləcəyini yazıb.

PKK terror təşkilatının Suriyadakı qolu olan YPG ilə əməkdaşlıq edən ABŞ-ın quracağı baza Türkiyənin Şırnak vilayətinin Cizre rayonu ilə üzbəüz yerləşir. Ayn Divar kəndi ilə Türkiyə sərhədinin arasında 600 metr məsafə var.