Türkiyə ilə danışıqlardan sonra  Rusiyadan gözlənilməz hərbi addım

1023

Hurriyyet.org xəbər verir ki, ABŞ-da Cozef Baydenin komandasının hakimiyyətə gəlməsindən sonra Suriyada hərbi canlanma müşahidə edilir. Rusiya ilə Bəşər Əsəd qüvvələri Türkiyə Silahlı Qüvvələrin terrordan təmizlədiyi Əl Bab rayonuna son iki gün içərisində 300-dən artıq hərbi texnika və 1200 hərbçi göndərib. Bu addımın Türkiyə, İran və Rusiya nümayəndə heyətlərinin Soçidəki görüşdən sonra atıldığı diqqəti cəlb edib.

Suriya Milli Ordusunun mətbuat təmsilçisi Yusif Həmid SMO qüvvələrinin hazır vəziyyətdə olduğunu söyləyib.

Suriyada sülhün təminatı ilə bağlı Astana prosesinin iştirakçıları Türkiyə, İran və Rusiya Soçidə atəşkəsin davam etdirilməsi məsələsində həmrəy olduğunu bildirsələr də, Əl Bab-Cerablus xəttində hərbi canlanma həyəcan yaradır.Həftələrlə bölgədəki müəyyən nöqtələri vuran Əsəd qüvvələri və Rusiyanın dəstəklədiyi yaraqlılar son bir neçə gün ərzində Əl Baba böyük hərbi qüvvə toplayıblar. İdlibin cənubundakı Maaret Əl Numan şəhəri və Hamanın qərbindəki rayonlardan çıxan güclər Tadef qəsəbəsi yaxınlığında Əl Oveişiyeh kəndinə gəliblər.

Rusiyaya bağlı olan general-mayor Suheyl Həsənin lideri olduğu qüvvələrin gəlişi, general-mayor Saleh Əl Abdullahın rəhbərliyi altında yeni hərbi briqadanın qurulması ilə bağlı təsvirlər ərəb mətbuatında dərc olunub. Yerli mənbələr son karvanın tanklar, müxtəlif səhra topları, qrad başlıqları və zirehli personal daşıyıcılar, təyyarəvuranlar daxil olmaqla 300-dən artıq hərbi texnikadan ibarət olduğunu bildirib. Rayona 1200 nəfər döyüşçü də gətirilib. Rusiya bir müddətdir ki, regionda özü üçün yeni döyüş qüvvələri qurmaqdadır.  Əsasən suriyalılardan ibarət qrupa general-mayor Saleh Əl Abdullah başçılıq edir. Bu qrupun ilkin xidmət yeri olaraq, Türkiyə ilə suriyalı müxaliflətin nəzarəti altındakı Əl Bab istiqamətinə göndərilməsi də diqqəti cəlb edib.