“Türkiyə bütün maraqlarını bir-bir həyata keçirəcək və bu yoldakı bütün maneələri dəf edəcək” – ZAUR MƏMMƏDOV

216

“İlbəil siyasi, iqtisadi və hərbi baxımdan güclənən Türkiyə Osmanlı dönəmində olduğu kimi, yenidən qonşu coğrafiyalara təsir gücünə malik olan bir dövlətə çevrilməyi bacardı”

“Türkiyədə Ankara Cümhuriyyət Baş prokurorluğu terror təşkilatı PKK-ya qarşı yönəlmiş istintaq çərçivəsində aralarında bu təşkilata bağlı partiya olan HDP-nin bölgə başqanları da olmaqla 12 nəfər barəsində həbs sanksiyası verib. Türkiyə KİV-lərinin məlumatına görə, şübhəlilər arasında İnsan Haqları Dərnəyinin (İHD) başqanı Türkdoğan və HDP-nin Eskişehir bölgə təşkilatının rəhbəri, Mamak rayon təşkilatının rəhbəri də var”. Hurriyyet.az xəbər verir ki, bu fikirlər Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədova məxsusdur.

“Ermənistanın dünyadakı müxtəlif erməni terror təşkilatları, o cümlədən PKK ilə işbirliyi Sovetlər zamanından indiyə qədər daima davam edib”

Bakı Politoloqlar Klubunun rəhbərinin sözlərinə görə, saxlanılan şəxslərin Azərbaycana aid torpaqların erməni işğalından xilas edilməsinə qarşı hazırlanan və PKK-ya yaxın internet saytlarında yayımlanan bəyanatı imzaladıqları da təsbit edilib: “HDP-dən söz düşmüşkən, bugünlərdə Xalqların Demokratik Partiyasının (HDP) həbsdə olan keçmiş həmsədri Səlahəddin Dəmirtaş “Prezidenti təhqir” ittihamı ilə 3 il 6 ay həbs cəzasına məhkum olunub. PKK və HDP-nin Ermənistan və ermənilərlə sıx işbirliyi Türkiyə və onun kənarlarında hər kəsə məlumdur. Qeyd etmək yerinə düşər ki, Ermənistanın dünyadakı müxtəlif erməni terror təşkilatları, o cümlədən PKK ilə işbirliyi Sovetlər zamanından indiyə qədər daima davam edib. Azərbaycan torpaqlarını işğalda saxladığı dövrlərdə, ələlxüsus 2016-cı ildən sonra İrəvan hərbi hazırlıq və diversiya əməliyyatları üzrə ixtisaslaşmış döyüşçüləri Yaxın Şərqdən Qarabağa və Ermənistana yerləşdirmişdi. Lakin bütün bunlara baxmayaraq, İrəvandakı hərbi-siyasi elita 44 günlük müharibə vaxtı Suriyadan terrorçuları onların deyil, Azərbaycanın gətirdiyini iddia edir və bu istiqamətdə müxtəlif kanallar vasitəsilə Azərbaycana qarşı informasiya müharibəsi aparırdı”.

“Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttinə göndərilən terrorçular arasında PYD sıralarında savaşan 150 erməni də var idi”

Zaur Məmmədov bildirib ki, müharibəyə bir neçə ay qalmış PKK-nın Avropa və Suriyadakı qolları Azərbaycana və Türkiyəyə qarşı çirkin siyasətlərini aktivləşdirmişdilər: “Hələ 2020-ci ilin Tovuz hadisələri zamanı kürd separatçılarının mərkəzi qərargahı Niderlandda yerləşən “Fırat” saytı Türkiyənin Azərbaycanda Suriyadan gətirilən türkmən dəstələrini yerləşdirməsi haqqında dezinformasiyalar yaymaqda idi. Əslində isə döyüşlərdə iştirak edənlər məhz Ermənistanın Qarabağa gətirdiyi PKK və ASALA-çılar idi. 2016-cı ilin aprel döyüşləri zamanı da PKK üzvlərinin döyüşlərdə iştirakı sübut edilmişdir. O zaman terrorçular Göyçə gölü ətrafındakı PKK üçün ayrılan “Vardenis düşərgəsi”ndə yerləşdirilmişdilər. Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttinə göndərilən terrorçular arasında PYD sıralarında savaşan 150 erməni də var idi. Qarabağda vəziyyət gərginləşdiyindən terrorçular da Azərbaycanın işğal altında olan bölgələrinə göndərilmişdilər. Həmin tarixdə İran KİV-ləri də PKK-Ermənistan əməkdaşlığına dair faktlar ortaya qoymuşdu. 2019-cu ildə isə Azərbaycanın işğal altında olan ərazilərində terrorçu PKK-nın 12 düşərgəsinin olduğu və orada 1750 terrorçunun təlim keçdiyi barədə məlumat yayılmışdı. Elə həmin il, qondarma erməni “soyqırımı”nın qeyd olunduğu 24 aprel tarixində Suriyada terrorçu YPG-yə bağlı 200 nəfərlik erməni taboru yaradılıb. Terrorçuların qərargah kimi istifadə etdikləri otaqda divardan Ermənistan bayrağı asılıb. Həmçinin, erməni terrorçuların, ASALA, “Daşnaksütyun”, “Hınçak” rəhbərlərinin və PKK başçısı Abdullah Öcalanın fotoları da divarlara vurmuşdular”.

“Yaxşı olardı kı, Türkiyənin tarixi düşmənləri hazırkı reallıqlara adekvat qiymət versinlər, əks halda türk əsgərinin dəmir yumruğu ilə üzləşməli olacaqlar”

PKK-nın Ermənistanla gizli əlaqələrinin olduğuna dair fikirlərin Türkiyədə ilk dəfə səsləndirilmədiyini vurğulayan politoloq qeyd edib ki, terror təşkilatının terrorizmi dəstəkləyən ölkədə düşərgələrinin mövcud olması, terrorçuların uzun illər ərzində Ermənistanda sığınacaq tapması və təlim keçməsi konkret faktlarla müəyyən edilib: “Bəziləri isə PKK-nı əslində kürd hərəkatı kimi yox, məhz erməni diasporasının Türkiyəyə qarşı fəaliyyətinin nəticəsi kimi xarakterizə edirlər. Sözsüz ki, Türkiyə ordusunun son günlərdə İraq və Suriyada PKK-ya qarşı apardıqları antiteror əməliyyatı və ölkə daxilindəki istintaqlar bölgənin təhlükəsizliyi üçün olduqca önəmli məsələdir. Suriya, İraq ərazilərində “PKK dəhlizi” yaratmaq üçün uzun illər cəhdlər göstərənlərin planlarını Türkiyə qəti mövqeyi ilə pozdu. Sözsüz ki, Türkiyəyə qarşı biz böyük bir ittifaqın və onun terror təşkilatlarının mübarizə apardıqlarının şahidiyik. Qardaş ölkənin daxilində isə özünü siyasi partiya adlandıran, əslində isə PKK və ermənilərlə işbirliyində olan HDP uzun müddətdir ki, Türkiyə partiyası olmasına baxmayaraq, separatçı və xarici ölkələrin maraqlarından çıxış etməklə məşğuldur. Bu partiyanın erməni məsələləsinə verdiyi dəstək də hər kəsə məlumdur. Hələ 2015-ci ildə HDP-li Əli Heydər Qönçə vəzifəyə gələn kimi jurnalistlərlə görüşdə onlardan birinin qondarma erməni “soyqırımı” haqqında sualına cavab olaraq uydurma soyqırımı “hər kəs”in tanıdığını demişdi. Türkiyədə güclü və sabit dövlətin mövcudluğunu özləri üçün təhlükə hesab edənlər, müxtəlif adlar altında buna əngəl olmağa çalışırlar. Lakin Ərdoğanın başçılığı altındakı Türkiyə sübut etdi ki, Ankara bütün maraqlarını bir-bir həyata keçirəcək və bu yoldakı bütün maneələri dəf edəcək. Son dövrdə Türkiyə xarici siyasətdə təsirli və fəal yanaşma ortaya qoyaraq, ölkənin milli mənfəətləri istiqamətdə çoxşaxəli yanaşma ilə hərəkət etmişdir. Sözsüz ki, bu istiqamətdə terrorla mübarizə Ankara üçün böyük əhəmiyyət kəsb edir. “Fərat qalxanı” əməliyyatı ilə İŞİD terror təşkilatının Türkiyə sərhədindəki mövcudluğuna son qoymasından sonra “Zeytun budağı” əməliyyatı ilə Afrin bölgəsi YPG/PKK terror təşkilatından təmizlənmişdir. İraqda davam edən və PKK-nın İraqdan Türkiyəyə qədər olan tədarük yollarını kəsən Türkiyə terrora qarşı istər ölkə daxilində, istərsə də sərhədləri yaxınlığında mübarizəsini davam etdirəcək. Beləliklə, biz Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə onillərdir qardaş ölkədə davam edən terrora və separatizmə qarşı qəti mövqenin ortaya qoyulduğunun şahidiyik. İlbəil siyasi, iqtisadi və hərbi baxımdan güclənən Türkiyə Osmanlı dönəmində olduğu kimi yenidən qonşu coğrafiyalara təsir gücünə malik olan bir dövlətə çevrilməyi bacardı. Yaxşı olardı kı, Türkiyənin tarixi düşmənləri hazırkı reallıqlara adekvat qiymət versinlər, əks halda türk əsgərinin dəmir yumruğu ilə üzləşməli olacaqlar”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.az