Türk şirkətləri Kəlbəcərin qızıl yatağına cəlb edilir?

141

Türkiyə ilə Azərbaycanın işğaldan azad edilən Qarabağın bərpasında birlikdə iştirak edəcəyi gözlənilirdi. İki ölkə arasında bu istiqamətdə bu günə qədər bir yox, bir neçə saziş imzalanıb. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında energetika və mədənçilik sahəsində əməkdaşlıq haqqında sazişin qüvvəyə minməsi xüsusilə bu sahədə ixtisaslaşmış Ankaranın bərpa prosesində daha aktiv rol oynamasına şərait yaradacaq.

Bu sözləri Axar.az-a ekspert Natiq Cəfərli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəsi ilə Azərbaycan arasında imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlıq haqqında Saziş”i təsdiqləməsini şərh edərkən deyib.

Natiq Cəfərli deyib ki, Türkiyə energetika və mədənçilik sahələrində dünyanın qabaqcıl ölkələrindən sayılır:

“İşğaldan azad edilən ərazilərimizdə energetika və mədənçilik sahələrinin inkişaf etdirilməsi üçün kifayət qədər böyük imkanlar var. Xüsusilə qeyd etmək lazımdır ki, bu gün işğaldan azad edilən Qarabağda təkcə mis, qızıl, gümüş kimi dəyərli metallar deyil, dəmir filizi və bir sıra nadir əlvan metal yataqları da mövcuddur. Bu mənada iki ölkə şirkətlərinin bu sahələr üzrə əməkdaşlıq etməsi həm də regionun əsl potensialını üzə çıxaracaq.

Təbii ki, prosesdə təkcə türk şirkətləri deyil, Azərbaycan şirkətləri də iştirak edəcək. Birgə müəssisələrin yaradılması, təbii resursların birgə istifadə edilməsi mühüm addım olacaq. Çox güman ki, imzalanan müqavilələrin məğzi də bu yöndədir. Bu müqavilədən sonra çox güman ki, birgə investisiyaların, birgə fəaliyyətin şahidi olacağıq.

Ümumilikdə saziş bütün mədənçilik sahələrini özündə ehtiva edir. Hazırda ümumi sazişin detalları tərəflər arasında müəyyənləşdirilir. Yeri gəlmişkən, bu saziş Kəlbəcər rayonunun Söyüdlü (Zod) qızıl yatağının birgə istismarını da mümkün edir.

Hazırda belə bir əməkdaşlıq üçün hüquqi baza yaradılıb. Məsələn, türk şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün vergi güzəştləri tətbiq edilir. Bundan başqa, infrastruktur problemlərinin dövlət dəstəyi ilə həlli də nəzərdə tutulub”.