Türk dövlətlərinin birliyinə doğru daha bir önəmli addım!

39

Rəcəb Tayyiv Ərdoğan: “Türk Şurasını beynəlxalq təşkilat adlandırmağın vaxtının çatdığına inanıram”

Dünən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) qeyri-rəsmi Zirvə toplantısı keçirilib.

Videoformatda keçirilən sammitdə Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstanın birinci prezidenti və Türk Şurasının fəxri sədri Nursultan Nazarbayev, Qazaxıstanın dövlət başçısı Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyev, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov və Macarıstanın Baş naziri Viktor Orban iştirak edib.

İclasda müzakirə edilən məsələlərdən biri Türkmənistanın Türk Şurasına üzv olması olub və bununla bağlı müsbət qərar qəbul edilib. Toplantının yekununda Qazaxıstanın Türküstan şəhərinə “Türk dünyasının mənəvi paytaxtı” statusu verilib.

Qeyd edək ki, daha öncə Zirvə toplantısının Türküstan şəhərində keçirilməsi planlaşdırılırdı. Lakin COVID-19 pandemiyasının yaratdığı mürəkkəb epidemioloji vəziyyətə görə iclasın videoformatda keçirilməsinə qərar verilib.

Qazaxıstanın birinci Prezidenti- Elbası, Türk Şurasının fəxri sədri Nursultan Nazarbayev çıxışında Azərbaycan Prezidentini Qələbə münasibətilə təbrik edərək deyib: “Bu gün mən həm də Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevi təbrik edirəm. Xüsusilə qeyd etmək istəyirəm ki, ərazi bütövlüyünün bərpa edilməsi məsələsində Türkiyə önəmli rol oynamışdır”.

Nursultan Nazarbayev 2019-cu ildə Bakıda keçirilən VII Zirvə görüşündə Türk Şurasının fəxri sədri seçildiyini və bundan böyük şərəf duyduğunu bildirib. Nursultan Nazarbayev budəfəki Zirvə toplantısının keçirilməsinin səbəblərindən biri kimi dünyada baş verən dəyişikləri, xüsusilə pandemiya ilə mübarizəni qeyd edərək “Türk dünyasının gələcəyi – 2040” adlı sənədin hazırlanmasını təklif edib. O, Türküstan şəhərinin yüksək səviyyəli tədbirlərə ev sahibliyi etməyə hazır olduğunu bildirib. Qazaxıstanın ilk Prezidenti iqtisadi əlaqələrin əhəmiyyətinə toxunaraq deyib:

“Biz hamımız bu prosesləri həyacanla izləyir və nəticələri gözləyirdik. Əlbəttə ki, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi və Rusiyanın dəstəyi ilə Bakı və Yerevan arasında imzalanmış sülh razılaşması böyük İpək Yolunun çiçəklənməsi üçün yeni imkanlara yol açır və Çinin “Bir kəmər-bir yol” təşəbbüsündən istifadə etməklə Xəzər dənizinin rolunu artırır”.

“Qədim Azərbaycan torpağı olan Zəngəzur Türk Dünyasının birləşməsi rolunu oynayacaq“

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşündə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, qədim Azərbaycan torpağı olan Zəngəzur Türk Dünyasının birləşməsi rolunu oynayacaq: “Müharibə başa çatdı, münaqişə tarixdə qaldı. Yeni imkanlar yarandı. Onların arasında hesab edirəm ki, ən vacib imkan nəqliyyat imkanlarıdır. Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq. Naxçıvanda keçirilmiş Zirvə görüşündə mən demişdim ki, vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. Çünki əgər xəritəyə baxsaq, görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq, o cümlədən Ermənistan üçün. Ermənistanın hazırda onun müttəfiqi olan Rusiya ilə dəmir yolu əlaqəsi yoxdur. Bu dəmir yolu əlaqəsi Azərbaycan ərazisindən yarana bilər. Ermənistanın onun qonşusu olan İranla dəmir yolu əlaqəsi yoxdur. Naxçıvan vasitəsilə bu dəmir yolu təmin edilə bilər. Azərbaycan Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşir, Orta Asiya Avropa ilə birləşir. Yəni, yeni nəqliyyat dəhlizi yaranmaqdadır. Artıq Azərbaycan bu işlərə start vermişdir. Əminəm ki, tərəfdaş ölkələr də bu imkanlardan istifadə edəcəklər. Mən öz çıxışımı yekunlaşdırmaq istəyirəm. Yenə də demək istəyirəm ki, mən öz çıxışımı bu məsələyə həsr etdim. Bu, təbiidir. Çünki dost ölkələrin rəhbərləri məsələnin mahiyyətini dərindən bilməlidirlər. Ümid edirəm ki, növbəti canlı təmaslar əsnasında biz bu məsələni daha geniş formatda müzakirə edəcəyik. Əminəm ki, Türkiyədə keçiriləcək Zirvə görüşündə biz hamımız canlı olaraq iştirak edəcəyik. Biz sədr kimi orada həm görülmüş işlərlə bağlı məlumat verəcəyik, həm də ki, gələcək planlar haqqında danışacağıq. Diqqətinizə görə təşəkkür edirəm”.

“Dağlıq Qarabağdakı 67 məsciddən 63-ü dağıdılıb, kilsələr yerlə-yeksan edilib”

“Əziz qardaşım cənab İlham Əliyev başda olmaqla bütün azərbaycanlı qardaşlarımı Dağlıq Qarabağdakı Zəfərləri münasibətilə öz adımdan və millətim adından təbrik edirəm. 44 gün davam edən dastanvari mübarizədən sonra 30 illik işğal sona çatıb. Dağlıq Qarabağ yenə Ana Vətənə qovuşub”.

Bunu isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Şurasının qeyri-rəsmi Zirvə toplantısında söyləyib.

“Dağlıq Qarabağ bölgəsindəki 67 məsciddən 63-ü dağıdılmış, bununla yanaşı, kilsələr də yerləyeksan edilib. Heç bir zaman Xocalı qətliamını bir kənara qoya bilmərik. Qətlə yetirilən qardaşlarımızı rəhmətlə yad edirəm. Qarabağdakı türk mirasının qorunmasında Azərbaycanın yanında olacağıq”, – o vurğulayıb.

“Bu gün 1918-ci ildə azərbaycanlıların soyqırıma məruz qaldıqları gündür. Biz heç bir zaman Xocalı qətliamını unutmadıq, bir müddət əvvəl Xocalı faciəsini təkrar andıq. Qətl edilən on minlərlə soydaşımızı rəhmətlə anıram. Qarabağda türk mirasının qorunması üçün bütün imkanlarımızla Azərbaycanın yanında olmağımız vacibdir. Hamımız birlikdə Azərbaycanın yanında olmağı davam etdirməliyik”, – deyə Türkiyə Prezidenti vurğulayıb.

“Kipr türklərinə yardımçı olmaq qardaşlıq borcudur”

Ərdoğan onu da bildirib ki, Türk dünyasının ayrılmaz parçası olan Kipr türkləri ilə həmrəy olmaq da qardaşlıq borcudur: “İllərdir məruz qaldıqları haqsızlıqlar və embarqoların ləğv edilməsi üçün Kipr türklərinə lazımi yardımı əsirgəməyəcəyinizə inanıram. Kipr türk xalqının Türk Şurasının mədəniyyət, təhsil, elm və idman kimi fəaliyyətlərinə qatılması təcridin təsirlərini azaltmağa yardımçı olacaq. Güc birliyi ilə Kipr türklərini də layiq olduqları səviyyəyə çatdıracağımıza inanıram”, – dövlət başçısı bildirib.

“Türk Şurası ərazi bütövlüyü məsələsində həmrəydir”

“Müstəqilliyimizi, suverenliyimizi və ərazi bütövlüyümüzü əlaqələndirən məsələlərdə qardaşlıq hüququna uyğuna olaraq həmrəyik”, -deyən Ərdoğan onu da qeyd edib ki, Türkmənistanın Türk Şurasına daimi üzv olması ilə təşkilat daha da güclənəcək.

Türkiyə prezidenti vurğulayıb ki, “Türk Şurasının beynəlxalq səviyyədə etibarı yüksəkdir: “Türk Şurasını beynəlxalq təşkilat adlandırmağın vaxtının çatdığına inanıram”.

Ərdoğan qeyd edib ki, Macarıstanın Baş naziri Viktor Orbanın dəstəyi nəticəsində Budapeştdə təşkilatın nümayəndəliyinin açılması ilə Türk Şurasının bayrağı Avropada dalğalanır.

“Başqa ölkələr Türk Şurası ilə əməkdaşlıq etmək, Şuraya müşahidəçi üzv olmaq istəyini dilə gətirir. Bu baxımdan üçüncü ölkələrlə əməkdaşlıqla bağlı kriteriyaları müəyyənləşdirmək məqsədilə aparılan işlərin tezliklə tamamlanması vacibdir”, – deyə Türkiyə Prezidenti qeyd edib.

“Məqsədimiz Türk dünyasını vacib iqtisadi məkanlardan birinə çevirməkdir”

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türk Şurasının qeyri-rəsmi Zirvə toplantısında deyib ki, məqsəd Türk dünyasını 21-ci əsrdə ən vacib iqtisadi, mədəni və humanitar məkanlardan birinə çevirməkdir.

“Bildiyiniz kimi, ulu babalarımız böyük xoca Əhməd Yəsəvidən dini biliklər alıb türk-islam mədəniyyətini dünyaya yayıblar. Türk xalqı Kiçik Asiyaya üz tutanda bütün bu dəyərlər kökləri qorumaq və səylərimizi gücləndirmək üçün əsas olub. Məqsədimiz Türk dünyasını 21-ci əsrdə ən vacib iqtisadi, mədəni və humanitar məkanlardan birinə çevirməkdir”, – o vurğulayıb.

Onu da bildirək ki, toplantıda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Şurasının səkkizinci zirvə görüşünün keçiriləcəyi tarixi da açıqlayıb.

“Türk Şurasının səkkizinci zirvəsini pandemiya şərtlərinin imkan verdiyi ölçüdə 12 noyabr 2021-ci ildə İstanbulda təşkil etməyə ümid edirik”, – deyə R.T.Ərdoğan bildirib.

Hazırladı: İ.SABİRQIZI