“Türk dili BMT-nin rəsmi dillərindən biri olmalıdır”

159

Aydın Mədətoğlu: “Bu məsələni ilk dəfə mərhum Elçibəy BMT-də qaldırmışdı”

“Elçibəydən sonra digər türk dövlətləri tərəfindən bir-iki dəfə bu tələb qoyulsaydı, bəlkə də indi həll olunmuşdu”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan YUNESKO-nun elan etdiyi “XIII əsr türk şairi Yunus Əmrə ili”nin açılış mərasimində çıxış edərək bildirib ki, Türk dili dünya millətlərarası ünsiyyət dillərindən birinə çevrilməlidir. Prezident çıxışında türk dilinin qorunması, saxlanılması və inkişaf etdirilməsinin vacibliyini xüsusi vurğulayıb: “Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, dilimiz kasıblaşır. Xarici dillərə verilən önəm türkcəmizi kölgədə qoyur… Mədəniyyət imperializminə qarşı əsas müqavimət cəbhəmiz, ilk növbədə, dilimizin müdafiəsi olacaq”.

Türkiyə prezidentinin qaldırdığı məsələni türkoloq Aydın Mədətoğlu ilə müzakirə etdik.

– Aydın bəy, ilk olaraq onu bilmək istərdik ki, dilin kasıblaşmaması və aktiv şəkildə işlənməsi üçün nələr etmək lazımdır? Dövlət hansı tədbirləri görməlidir?

– Dövlət çox böyük işlər görməlidir. Birinci növbədə dilçilər məsələyə həssas yanaşmalıdırlar. Yeni sözlər yaratmalıdırlar. Kopyaçılıqla başqa dillərdən söz almamalıdırlar. Bu hal dili korlayır. Dilimiz qorunmalıdır və bu qorunmanı da dilçilərimiz həyata keçirməlidirlər.

Bununla yanaşı, məsələ yalnız dilçilərimizlə məhdudlaşmamalıdır, hamı dilimizi qorumalıdır. Filoloqlar, yazıçılar, şairlər… Ədəbi dili zənginləşdirən onlardır. Bunun üçün bazamız var. Bilirsiniz, ölkənin ucqar yerlərində nə qədər qədim türk sözləri var ki, işlədilmir. Onlar işlədilmir və bölgə xarakter sözlərə çevrilir.

-Hesab edirsiniz ki, kənardan, yad dillərdən söz almaqdansa həmin sözləri yenidən dilimizə geri qazandırılmalıdır…

-Bəli, birinci növbədə bu addım atılmalıdır. İkinci addım kimi, bizim dildə olmayan sözləri başqa türk xalqlarından gətirib işlətmək olar. Təkcə Azərbaycan yox, elə Türkiyə türkləri də. Türk Dil Qurumunun başına erməni qoyulandan sonra, o, dili tamamilə korladı. Bunlar bilərəkdən olunan şeylərdir. Görürsünüz, Anadolu türkləri bizim dilimizi tamamilə anlayır, amma mərkəzə doğru uzaqlaşdıqca vəziyyət dəyişir. Bilmirsən neyləyəsən. Yəni dili zənginləşdirmək üçün ən böyük mənbə xalqdır, şifahi ədəbi dildir. Bizim bayatılarımızda, nağıllarımızda olan sözlər niyə işlədilməyib, elə nağıllarımızda, bayatılarımızda, dastanlarımızda, “Dədə Qorqud”umuzda qalıb. Ona görə, dilə həssas yanaşmaq lazımdır, bu, ciddi məsələdir. Dil bir millətin özüdür, dil yoxdursa, o millət də yoxdur.

– Bilirik ki, BMT-nin rəsmi status daşıyan altı dili var. Sizcə, Ərdoğan “Türk dili dünya millətlərarası,yəni beynəlxalq ünsiyyət dillərindən birinə çevrilməlidir” deyəndə onun BMT dillərindən biri olması gərəkdiyini nəzərdə tutur? Elədirsə, bunu üçün nələr etmək gərəkli və zəruridir? Türkiyə türkcəsini ilk öncə türkdilli xalqlar arealında üstün vəziyyətə gətirmək üçün nə edilməlidir?

-Bu məsələni ilk dəfə mərhum Elçibəy BMT-də qaldırmışdı. Elçibəy orada həm Azərbaycan türkcəsində çıxış etdi, həm də təklif etdi ki, türk dili BMT dilləri sırasına daxil olsun. Ərdoğanın qoyduğu məsələ hələ beynəlxalq səviyyəli məsələ deyil. Onun qoyduğu məsələ türk dilinin ümumən inkişaf etdirilməsi ilə bağlıdır. Məsələni beynəlxalq səviyyəyə çıxarmaq üçün beynəlxalq tribuna lazımdır. Bu çıxışla o məsələ beynəlxalq səviyyədə həll olunası deyil. Elçibəydən sonra digər türk dövlətləri tərəfindən bir- iki dəfə bu tələb qoyulsaydı, bəlkə də indi həll olunmuşdu.

-Sizcə, bundan sonra türk dilinə beynəxalq status verilməsi üçün nələr edilməlidir? İlk öncə də türkdilli dövlətlər arealında. Məsələn, Mərkəzi Asiyada dövlətlərarası dil kimi rus dilindən istifadə olunur.

– O vaxt Antalyada qurultay çağrılan zaman bu məsələ ciddi qoyuldu, amma hərə bir tərəfə çəkdi. Tələb qoyuldu ki, yeni tarixdə dünya üzrə ilk dəfə dövlət quran Türkiyədir, gəlin Türkiyə türkcəsinin birinci siniflərdə ortaq dil kimi tədrisinə başlayaq. O zaman bu qərar tətbiq edilsəydi, indi Türkiyə türkcəsi ortaq dil kimi işlədiləcəkdi. İndi gənc nəsil də, uşaqlar da Türkiyə kanallarını izləyir. Bizim dilimizdə olmayan sözləri Türkiyə türkcəsindən götürürlər. Yəni, dediyim odur ki, bunu uzatmağa dəyməz. Ümumtürk dili yaratmaq, əlbəttə, lazımdır. Amma bunun üçün vaxt lazımdır. Amma ilkin olaraq Türkiyə türkcəsini götürməliydik. Bu məsələ o vaxt Antalyada keçirilən qurultayda qaldırılmışdı. Mənim də bu mövzuda çıxışım olmuşdu. Dedim ki, “necə ola bilər ki, yad bir dil bütün türk xalqları üçün ümumi ünsiyyət vasitəsi ola bilir, Türkiyə türkcəsi ola bilmir?”. İndi bizimlə rusca danışan qazaxlar neyləsin? Bu müstəmləkəçiliyin bəlalarıdır. Bu barədə indiyə qədər mütləq razılığa gəlinməli idi. Türkiyə türkcəsi ortaq bir türk dili kimi bütün Qazaxıstanın, Qırğızıstanın, Özbəkistanın, Türkmənistanın, Azərbaycanın, hətta Tatarıstanın, Başqırdıstanın (baxmayaraq ki, onlar hələ tam müstəqil deyillər) orta məktəblərində tədris edilməyə başlanmalıdır. O vaxt Rusiya çox güclü idi, indi isə o gücdə deyil.

– Sizcə, bu sahədə Azərbaycan tərəfindən yetərli işlər görülürmü?

-Heç bir iş görülmür. Burada Atatürk mərkəzi açdılar, amma fəaliyyət hanı? Bizdə türkçülük boğazdan yuxarıdır. Türkçülərimiz də boğazdan yuxarıdır, Turançılarımız da boğazdan yuxarıdır. Ad qazanmaq üçün hamı Turançı olub. Azərbaycanın az qala yarısı Turançıdır, heç Turanın nə olduğunu anlamırlar.

-Bəs, Mərkəzi Asiyada da bu sahədə işlər aparılmır?

– Aparılır, amma çox zəif, ləng, qorxa-qorxa. Qorxurlar. Hamı qorxur, amma nədən qorxurlar? Rusun əvvəlki hökmü də, gücü də yoxdur ki, vura, dağıda. Dünya dərəbəylik deyil ki. Nə qədər yazırıq, pozuruq, internetdə paylaşırıq. Türkün böyüklüyünü, qədimliyini yazırıq, yayırıq. Baxırsan ki, on nəfər oxuyub, beş nəfər bəyənib, ya bəyənməyib.

-Yəqin paralel olaraq ideoloji iş də aparılmalıdır…

-İdeoloji iş deyəndə, millət ayıq olmalıdır. Hələ bu qədər yazılar qoyuruq ki, millətimiz ziyalılaşsın, savadlansın. İnsanlarımızın çoxu savadsızdır. Orta məktəbdə yazı-pozu öyrənmək savad deyil ki. Bu, ibtidai savaddır. Dünyanın bilgi dövriyyəsinə girmək üçün bu qədər imkanlar var. Bir yazını qoyanda Sibirdən, Altaydan cavab gəlir. Bu qədər imkandan istifadə edə bilmirik. Bir böyük şəxsiyyətin adını, tarixini, gördüyü işləri paylaşırsan, hamı altdan yazır ki, Allah rəhmət eləsin. Bura qəbirstanlıqdır? Sən yazını oxu, Allah rəhmət eləsin nədir?

Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA