Türk admiralların müəmmalı bəyanatı…

195

Şahin Cəfərli: “Montrö sazişini dəstəkləyən admirallar “son kullanım tarixləri” bitincə bir kənara atıldılar”

“Onların bir çoxu “Ergenekon” və “Balyoz” cinayət işləri çərçivəsində istintaqa cəlb olunub, həbsdə yatıblar”

“Sırf hüquqi baxımdan yanaşdıqda paşaların 3-cü həbsinin də əvvəlkilər kimi qununsuz olduğu ortadadır”

Bugünlərdə Türkiyənin 103 sabiq admiralı məktub yazaraq, 1936-cı ilə bağlanılmış Montrö Konvensiyasını qardaş ölkənin İstanbul və Çanaqqala boğazlarında suveren hüquqlarını bərpa edən diplomatik qələbəsi adlandırıb. Həmin razılaşmaya yenidən baxılmasının mümkünsüzlüyünü qeyd edən admirallar səbəb kimi Mərmərə dənizini Qara dənizlə birləşdirəcək İstanbul Kanalı lahiyəsini göstəriblər. Eyni zamanda, məktubda Türkiyədə qüvvədə olan Konstitusiyanın saxlanmasına çağırışlar səslənir. Qeyd edək ki, Montrö razılaşmasına əsasən, sülh və savaş dövründə boğazlardan bütün ölkələrin ticarət gəmilərinin keçidinə izn verilir. Hərbi gəmilərə gəlincə isə Qara dəniz sahilində yerləşməyən ölkələrin gəmilərinə bu dənizdə qalmaqda müəyyən məhdudiyyətlər müəyyən edilib. Razılaşmanın ən əsas məqamı boğazların tam olaraq Türkiyənin nəzarətinə keçməsi olub.

Onu da nəzərinizə çatdıraq ki, sözügedən məktubla bağlı Türkiyə parlamentinin sədri Mustafa Şəntop, vitse-prezident Fuat Oqtay, Türkiyə Prezidenti Administrasiyasının kommunikasiya departamentinin rəhbəri Fəxrəddin Altun, prezidentin sözçüsü İbrahim Qalın və bir neçə nazir tənqidi fikirlər səsləndiriblər. Türkiyənin Milli Müdafiə Nazirliyi isə yazılı bəyanatında məktub müəlliflərinin “gözlərini paxıllıq örtdüyünü və ölkənin Silahlı Qüvvələrin uğurlarını görmək istəmədiklərini”, məktubun “orduya və demokratiyaya zərbə vurmağa yönəldiyini” qeyd edib.

Bu arada, Ankara prokurorluğu isə öz növbəsində, həmin məktubla bağlı araşdırma başladıb və artıq Türkiyə polisi Montrö razılaşmasını müdafiə edən kollektiv məktuba imza atanlar arasında yer alan 10 ehtiyatda olan admiralı saxlayıb. Bu barədə axar.az-ın verdiyi məlumatda deyilir ki, məktuba imza atan daha 4 admiral prokurorluğa dəvət olunub. Məsələ ilə bağlı RİA “Novosti”yə açıqlama verən Ankaradakı mənbə isə bildirib ki, Türkiyə hökumətinin sabiq admiralların İstanbul və Çanaqqala boğazlarının statusuna dair Montrö Konvensiyasını müdafiə edən məktubuna sərt reaksiyası bu ölkənin həmin razılaşmanı tərk edəcəyi anlamına gəlmir: “Türkiyənin yüksək vəzifəli məmurlarının admiralların məktubuna sərt reaksiyası bu ölkənin Montrö Konvensiyasından çıxması demək deyil. Bu məsələ heç gündəmdə də deyil. Tənqidə səbəb olan məktubun məzmunu deyil, admiralların adından dərc olunmasıdır. Çünki onlar mülki şəxslər deyil, məhz ehtiyatda olan yüksək çinli hərbçilər kimi çıxış ediblər”.

“Həmin paşalar gecə-gündüz Rusiya və Çinlə müttəfiqliyin Türkiyənin qarşısında böyük üfüqlər açacağından dəm vurur, S-400-ün timsalında Rusiya silahlarının nə qədər modern, Amerika silahlarının isə texnoloji cəhətdən nə qədər geri qalmasından danışırdılar”

“Hürriyyət” xəbər verir ki, Montrö Konvensiyasıyla bağlı mövqeyini ifadə edən siyasi şərhçi Şahin Cəfərlinin sözlərinə görə, Türkiyənin Montrö dəniz hüququ Konvensiyasından çıxması ehtimalı və Dəniz Qüvvələri komandanlığında təriqətçi admiralın peyda olması ilə əlaqədar narahatlığını ifadə edən admiralların bir çoxu “Ergenekon” və “Balyoz” cinayət işləri çərçivəsində istintaqa cəlb olunub, həbsdə yatıblar: “15 iyul 2016-cı il “çevriliş” olayından sonra bu şəxslər və onların təmsil etdiyi ideoloji-siyasi cərəyanla (ulusalcılıq) Ərdoğan hökuməti arasında qeyri-rəsmi ittifaq yarandı. Bildirildi ki, qanunsuz repressiyaların müəllifi FETÖ olub. ABŞ və Qərb dünyası ilə əlaqələrin soyumasına paralel olaraq, Türkiyənin Qərb blokundan qopub, üzünü Avrasiyaya çevirməsini, Rusiya və Çinlə yaxınlaşmasını, çoxqütblü dünya düzənini dəstəkləyən və təbliğ edən bu çevrələrə geniş meydan verildi. Onlar prezident Ərdoğanın antiqərb məzmunlu çıxışları və bu yöndə bəzi praktik addımlarından (Rusiya ilə yaxınlaşma) ruhlanaraq nəhayət ki, öz vizyonlarının dövlət siyasətinə çevrilməsi şansını yaxaladıqları fikrinə qapılaraq güclü avtoritar liderin bu istiqamətdə tarixi bir şans olduğunu düşündülər. Həmin paşalar gecə-gündüz telekanallarda bu siyasətin ideoloji əsaslandırması ilə məşğul olur, Rusiya və Çinlə müttəfiqliyin Türkiyənin qarşısında böyük üfüqlər açacağından dəm vurur, S-400-ün timsalında Rusiya silahlarının nə qədər modern, Amerika silahlarının isə texnoloji cəhətdən nə qədər geri qalmasından danışır, uyğur məsələsinin Qərb imperializminin oyunu olduğunu vurğulayır, bu yöndə ictimai rəy formalaşdırırdılar”.

“Türkiyə hökuməti “Mavi vatan”ın həyata keçirilməsindən yavaş-yavaş geri durmağa başladı və Yunanıstanla masaya oturmağa, ərəb dünyasının liderləri, İsraillə münasibətləri təmir etməyə qərar verdi”

Onların bir çoxunun prezident üsul-idarəsinin tətbiqini də dəstəklədiklərini vurğulayan siyasi şərhçinin fikrincə, bu adamlar Ərdoğanın ilk növbədə, öz hakimiyyət maraqları əsasında dinamik və beynəlxalq konyukturun dəyişməsinə paralel, mütəhərrik siyasət yeridən usta bir siyasət mühəndisi və taktik olduğu gerçəyini nəzərə almadan hesab edirdilər ki, öz geosiyasi konsepsiyalarını gerçəkləşdirmək üçün Ərdoğanın timsalında dövlət gücündən istifadə edə biləcəklər: “Halbuki tam əksinə, Ərdoğanın dönəmin şərtlərinə uyğun olaraq onlardan və digərlərindən istifadə etdiyini və “son kullanım tarixləri” bitincə bir kənara atacağını hesablaya bilmədilər. Həmin admiralların irəli sürdüyü “Mavi vatan” doktrinasının rəsmi siyasətə çevrilməsi onları ümidləndirən və daha da ön plana çıxaran gəlişmə idi. “Mavi vatan” Türkiyənin dənizlərdə – Egey, şərqi Aralıq  öz maraqlarını (ərazi suları, müstəsna iqtisadi bölgə) güzəştsiz və aqressiv şəkildə təmin etməsini ehtiva edən doktrinadır. Lakin bu doktrinanın qısa bir periodda dövlət siyasətinə çevrilməsi Türkiyənin regiondakı rəqiblərinin (ərəb və yunan dövlətləri + İsrail) bloklaşmasına, ABŞ və Avropa Birliyinin də onlara dəstək verməsinə, Yunanıstanın heç vaxt olmadığı qədər nüfuz qazanmasına və son nəticədə Türkiyənin tamamilə təklənməsinə gətirib çıxardı. Orta Şərqdə yeganə müttəfiq – Qatar da Səudiyyə ilə anlaşdı. Üstəlik, ihvançılığa əsaslanan Orta Şərq siyasəti də iflasa uğradı. Son həftələrdə Ankara ölkədəki misirli ihvançıların fəaliyətini məhdudlaşdırmağa başlayıb. Nəticədə Türkiyə hökuməti “Mavi vatan”ın həyata keçirilməsindən yavaş-yavaş geri durmağa başladı və Yunanıstanla masaya oturmağa, ərəb dünyasının liderləri (Səudiyyə, Misir, BƏƏ) və İsraillə münasibətləri təmir etməyə qərar verdi. Əvvəlcə bu doktrinanın elmi-akademik əsaslandırmasının müəllifi, Dəniz Qüvvələrinin qərargah rəisi Cihat Yaycı istefaya göndərildi, bu gün isə “Mavi vatan” termininin müəllifi, 4 aprel bəyanatının da əsas tərtibçilərindən olan admiral Cem Gürdeniz həbs olunub. Bu şəxs Azərbaycan Xalq Cümhuriyyətini ingilislərin kukla dövləti adlandırmışdı və Rusiya rəsmi mediasının sevimlisi idi. Sonda qeyd edim ki, sırf hüquqi baxımdan yanaşdıqda paşaların 3-cü həbsinin də əvvəlkilər kimi qununsuz olduğu ortadadır. Əminəm ki, uzun müddət içəridə qalmayacaqlar. Bu, ilk növbədə Türkiyə Ana Yasasında təsbit olunmuş söz, ifadə azadlığına zidd olmaqla, prezident Ərdoğanın cəmi 1 ay əvvəl elan etdiyi İnsan Haqları üzrə Fəaliyyət Planında yazılanlara da 180 dərəcə zidd addımdır və həmin planın nə qədər qeyri-ciddi sənəd olduğunu bir daha göstərir”.

Valeh TÜRKSOY