Toylar apreldə başlayır? – Nazirlər Kabinetindən AÇIQLAMA

933

Ölkəmizdə COVİD-19 epidemiyasına ilk yoluxma faktı aşkar olunduğu müddətdən bir il keçir. O vaxtdan bəri toylarla bağlı qadağa qüvvədən hələ də düşməyib.

Karantin illərdir övladının toyunu gözləyən valideynlərin və nikaha girəcək şəxslərin arzusunu hələ də ürəyində qoyur.

Son iki həftədə Azərbaycanda yoluxma sayının xeyli aşağı düşməsi, karantin tədbirlərinin yumşaldılması toy gözləyən insanların ümidlənməsinə səbəb olub.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin rəhbəri Musa Quliyev mətbuata açıqlamasında deyib ki, virusun üçüncü dalğası olmasa və yoluxmalar ikirəqəmli həddə düşərsə, toyların bərpa olunmasından söhbət gedə bilər.

Deputat Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyəsi əsasında toy, nişan və digər şənliklərin keçirilməsi ilə bağlı təlimatın imzalanması təklifi ilə çıxış edib.

Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Bizim.Media-ya açıqlamasında apreldə toyların bərpa olunması ilə bağlı məlumatsız olduğunu deyib:

“Məndə bu barədə məlumat yoxdur”, – deyə qurum rəsmisi qeyd edib.

Toy, xınayaxdı, nişan və digər şənliklərin keçirilməsi ilə bağlı təlimatın imzalanmasına gəlincə, İbrahim Məmmədov bununla bağlı sualımızı cavabsız qoyub.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah Azərbaycanda karantin rejimini aprelin 1-dək uzadıb. \\Saglamolun