Tibbi maska ilə bağlı bir-birini inkar edən fikirlər…

456

İndi gəl, başa düş ki, tələblərdən hansına əməl edəsən

Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı son hesabata görə, dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı 81 milyonu, ölənlərin isə sayı 2 milyonu keçib. Məhz bu rəqəmlər bəşəriyyətin nə qədər dəhşətli bəla ilə üz-üzə qaldığını bir daha təsdiqləyir. Odur ki, istər sərt, istərsə də yumşaq karantin dövründə hər kəs sosial məsafəni qorumalı, maska taxmalı və şəxsi gigiyena qaydalarına riayət ətməlidir. Yalnız bu yolla dünyanı cənginə alan koronavirus pandemiyasından yaxa qurtara, özümüzü və yaxınlarımızı real təhlükədən uzaq tuta bilərik. Lakin məsələnin maraqlı tərəfi ondadır ki, son zamanlar tibbi maska ilə bağlı fərqli, hətta bəzən bir-birini inkar edən fikirlər səsləndirilir.

Məlumunuzdur ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın ötən il noyabrın 19-da imzaladığı qərara əsasən, Azərbaycanda açıq və qapalı məkanlarda tibbi maskalardan istifadə məcburi olub. Yəni, qeyd olunan tarixdən etibarən sözügedən tələbin pozulması İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 400 manat məbləğində cərimə edilir.

Gördüyünüz kimi, Operativ Qərargahın qərarında “açıq və qapalı məkan” ifadələrindən istifadə edilib. Burada hər şey aydındır. Yəni, evdən bayıra çıxdınsa açıq məkandasan və mütləq tibbi maska taxmalısan. Qapalı məkanlar isə hər kəsə bəllidir. Tağı Əhmədov demişkən, burda burcutmağın yeri yoxdur. Odur ki, həm özümün, həm də sizin vaxtınızı boşuna sərf etmədən əsas məsələyə keçirəm. Beləliklə, Operativ Qərargahın sözügedən qərarından sonra mövzu ilə bağlı APA-ya açıqlama verən Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik Ehsan Zahidov bildirib ki, ölkə ərazisində yeni növ koronavirus infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburidir. Polkovnik əlavə edib ki, açıq havadakı ictimai yerlərə küçələr də daxildir: “İstər küçə, istərsə də park, bulvar və digər ictimai yerlərdə maska taxılması tələbi məcburidir. Bu tələblərinin pozulması İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur”. Baxın, burada artıq “açıq məkan” yox, “açıq havadakı ictimai yerlər” ifadəsi qeyd olunub. Belə çıxır ki, yalnız açıq havadakı ictimai yerlərdə maska taxılmalıdır. Yəni, mən açıq havada, ancaq ictimai yerdə deyiləmsə, o zaman maskasız hərəkət edə bilərəm. Bunun başqa izahı varsa, buyurub izah etsinlər.

Daxili İşlər Nazirliyinin adından mətbuatda gedən digər açıqlamasında isə bildirilir ki, parklarda, insanların sıx toplaşmadığı yerlərdə siqaret çəkmək, su içmək, qida qəbul etmək qadağan deyil və buna görə heç bir cərimə tətbiq olunmur. İndi gəl, başa düş ki, bu tələbin hansına əməl edəsən. Hörmətli polkovnik küçə, park, bulvar və digər ictimai yerlərdə maska taxmağa tələb edir, nazirlikdən verilən digər açıqlamada isə həmin məkanlarda siqaret çəkmək, su içmək və qida qəbul etməyin mümkünlüyü bildirilir. Təbii ki, su içən və ya siqaret çəkən şəxs mütləq şəkildə tibbi maskanı çənəsindən aşağı salmalıdır. Bu halda nə baş verir? Polis əməkdaşları həmin şəxsə yaxınlaşır və “Vətəndaş, siz krantin qaydalarını, İnzibati Xətalar Məcəlləsini pozduğunuz üçün cərimə olunursunuz”, deyə müraciət edir. Əksər hallarda, bu, vətəndaşın cərimələnməsi, qarşı gələnlərin isə polis bölməsinə aparılması ilə nəticələnir. Halbuki, nazirlik özü bəyan edib ki, insanların sıx toplaşmadığı yerlərdə siqaret çəkməyə görə cərimə tətbiq olunmur. Odur ki, mən yaxınlığımda heç kim olmasa, rahat şəkildə nikotini ciyərlərimə çəkə bilərəm.

Keçək digər məsələyə. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, avtomobil idarə edən şəxs tək və yaxud ailə üzvləri ilə birgə olduqda maskadan istifadə məcburi deyil. Tamamilə doğrudur. Lakin nəzərinizə çatdırmalıyam ki, bəzi polis əməkdaşları bunu təhrif edir, avtomobildə tək və ya ailə üzvləri ilə birlikdə hərəkət edən şəxsə maskanın taxılmasının vacib olduğunu, buna görə cərimə nəzərdə tutulduğunu bildirirlər. Eyni avtomobildə hərəkət edən ərlə arvadın maska taxmasını tələb edən polislərin deməyindən belə çıxır ki, onlar evlərində, hətta axşam bir yastığa baş qoyanda belə, maska taxmalıdırlar. Vallah, gülməlidir.

Yeri gəlmişkən, vətəndaşların böyük əksəriyyəti bu qənaətdədir ki, açıq havada maska taxmaq immuniteti zəiflədir, virusa daha tez yoxulmağa səbəb olur. Tibb sahəsindən başım çıxmadığına görə, bu barədə nəsə fikir bildirməyim yersiz olardı. Lakin TƏBİB-in nümayəndəsi, həkim-infeksionist Nəzrin Mustafayeva Real TV-yə müsahibəsində deyib ki, əgər açıq havada tək gedirsinizsə, maska taxmaya bilərsiz: “Sosial məkanlarda olarkən isə mütləq maska taxılmalıdır. Bulvarda, yaxud parkda gəzərkən və ətrafda heç kim olmadıqda maska taxmaya bilərsiz. Elə bir qayda da yoxdur”. Onun bu fikri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olduqdan sonra xanım Mustafayeva dərhal mövqeyini korrektə etməklə, bəlkə də fərqinə varmadan özü-özünü təkzib edib: “Mən həkim-infeksionist olaraq tibbi cəhətdən bildirmişəm ki, tək gəzərkən insanın virusa yoluxma ehtimalı yoxdur. Amma gəlin razılaşaq ki, tək gəzdiyiniz zaman da hansısa yaxınımızla qarşılaşa və ünsiyyətdə ola bilərik. Odur ki, inzibati qayda tətbiq edilərkən bu və ya digər həyatın bütün situasiyalarını əhatə etmək mümkün olmur. Bu səbəbdən vahid qərar verilir”. Şübhəsiz ki, tək gəzərkən tanış, qohum gördükdə maskanı qaldırmaq, sosial məsafəni qorumaqla da ünsiyyət qurmaq olar. Görünən odur ki, “açıq havada tək gedirsinizsə, maska taxmaya bilərsiz” kəlməsindən sonra TƏBİB-dən xanım Mustafayeva dərhal bu fikri korrektə etmək tapşırılıb. Lakin “əks arqument” heç də uğurlu alınmayıb.

Vazeh BƏHRAMOĞLU