Tarixini unudan, vətənpərvərlik hissləri zəif olan xalq məhvə məhkumdur!

81

Övladlarımızın mənəvi deqradasiyaya uğramaması üçün onların Vətəninə, millətinə, xalqına, dövlətinə sadiq olmalarına çalışmalı, tariximizi olduğu kimi nəql etməliyik

Hər bir xalqın, hər bir millətin özünəməxsus xüsusiyyəti, xarakteri, milli adət-ənənəsi və dəyərləri var. Elə bu səbəbdən də millətlər bir-birindən kəskin şəkildə fərqlənirlər. Təbii ki, azərbaycanlıları da həm xarici görkəminə, həm də davranış və danışıq tərzinə görə dünyanın digər xalqlarından ayırd etmək mümkündür. Məsələn, biz avropalılara nisbətən qanı qaynıyan, döyüşkən, mübariz, Vətənə, millətə, ailəyə bağlı, böyüyə hörmət, kiçiyə qayğı ilə yanaşan xalqın nümayəndəsiyik. Odur ki, bu və digər müsbət xüsusiyyətlərimizə görə öyünməyə, özümüzlə fəxr etməyə dəyər.

Lakin bununla yanaşı, onu da qeyd etmək lazımdır ki, geyim-keçimi, davranışı, eləcə də danışıq və düşüncə tərzilə müsəlmandan daha çox avropalıya bənzəyən bəzi azərbaycanlılar “müasir həyat tərzi” adı altında bəzən fərqinə varmadan, bəzən də bilərəkdən əxlaqsızlığı, adət-ənənədən uzaq, bir sözlə, milli mənlik şüurumuza yad hərəkətləri təbliğ etməklə məşğuldurlar.

Mütləq gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsinə xüsusi önəm verilməlidir  

Söz yox ki, bu, onu deməyə əsas verir ki, müasir zəmanənin müsbət xüsusiyətləri olduğu kimi, bir o qədər də mənfi cəhətləri var. Yetişməkdə olan gənc nəslin bir hissəsi isə müsbətlərin üzərindən sükutla keçərək, mənfilərə doğru meyllənir. Belə ki, müasir düşüncəli insan olduqlarını iddia edən bu tip şəxslərin bir çoxu yeniliyi, tərəqqini, inkişafı elmdə, kompyuter biliklərinə yiyələnməkdə, internetdən daha faydalı məqsədlər üçün istifadə etməkdə deyil, məhz avropasayığı geyinməkdə, qərbli kimi davranmaqda görürlər. Məhz bu, gələcəkdə bizim bir millət olaraq genefondumuzun, xarici və daxili görkəmimizin ciddi dəyişikliyə məruz qalacağı təhlükəsini yaradır. Bunun baş verməməsi üçün mütləq gənc nəslin milli mənlik şüuru inkişaf etdirilməli və vətənpərvərlik hisslərinin tərbiyəsinə xüsusi önəm verilməlidir. Cinsindən, peşəsindən, tutduğu vəzifəsindən asılı olmayaraq, hər kəs gənc nəslin nümayəndələrinə izah etməlidir ki, avropalıların adət-ənənələri kimi, həyat tərzləri, geyim-keçimləri və maraqları da bizimkindən kəskin surətdə fərqlənir. Ola bilər ki, kimlərsə razılaşmasın, lakin bu, bir həqiqətdir ki, son illər Avropada məhz mədəniyyətsizlik “müasir mədəniyyət” nümunəsi kimi təqdim olunur. Və bu  “dəyərlər” daha çox müsəlman ölkələrinə sürətlə ixrac edilməkdədir. Bizim gənc nəslin bəzi nümayəndələri isə anlamırlar ki, əgər müasirlik dəblə geyinməkdirsə, əxlaqsız geyimlərin və davranışların dəbə yaxından-uzaqdan heçbir aidiyyatı yoxdur. Özlərini xaricilərə oxşadanlar bir məsələnin fərqinə varmaq istəmirlər ki, Qərb dünyası məhz Şərq mədəniyyəti ilə tanış olduqdan və onun üstünlüklərindən bəhrələndikdən sonra inkişafa doğru irəliləməyə başlayıb. Bunu dərk etməyənlər Avropanın məhz pis vərdişlərini, min-cür eybəcərliklərini mənimsəyirlər. Onların sayının artmaması üçün mütləq milli şüur və vətənpərvərlik hissləri durmadan aşılanmalı, bu istiqamətdə daim təbliğat aparılmalıdır. Çünki gənclik yeni nəsil deməkdir. Kökünə bağlı, əcdadının yolu ilə gedən, milli, mənəvi dəyərlərinə sadiq, milli mənlik şüuru inkişaf etmiş, vətənpərvərlik hissləri güclü olan gənclər əyilməz, alnıaçıq, tükənməz gücdür.

Ümumiyyətlə, gənclər hər zaman cəmiyyətin böyük bir hissəsini təşkil etməklə yanaşı, ictimai həyatda daim aktiv rol alıblar. “Gənc nəsil məmləkətin gələcəyidir” deyən bir çox İslam alimləri də qeyd edirlər ki, əgər bir ölkəni abadlaşdırmaq istəsələr, onun gənclərinin elm və mənəviyyatına diqqət etməlidirlər. Əgər bir ölkəni viran etmək istəsələr, onun cavanlarını əxlaqsızlığa və cahilliyə, dinsizliyə yönəldərlər. Buradan da belə qənaət gəlmək olar ki, cəmiyyətin böyük bir hissəsini gənclər təşkil etdiyindən, hər birimiz gəncliyin istedadının güclənməsində, vətənpərvərlik hisslərinin tərbiyəsində maraqlı olmalıyıq. Çünki elmli, bilikli, o cümlədən milli mənlik şüuru inkişaf etmiş şəxs hər zaman, hər yerdə və hər sahədə cəhalət üzərində qələbə çalıb. Buna görə də bütün gənclər elmə doğru yönəlməli və ara-sıra meydana çıxan çətinliklərə baxmayaraq, bu yolda irəliləməyə davam etməlidirlər. Unutmaq lazım deyil ki, cəmiyyətdə mövqe və məqam əldə etməyin yeganə yolu mübarizədir.

Hər kəs adət-ənənəsinə sadiq qalmalı, dədə-babalarımızdan bizə miras qalan dəyərlərə xüsusi diqqət göstərməklə yanaşı, onların öyüd-nəsihətlərinə əməl etməlidir

Bir qədər öncə də bildirdiyimiz kimi, bu gün bəziləri “gənclik” dedikdə daha çox istədiyi kimi yaşayan, məsuliyyətsiz və çılğın həyat tərzi keçirən insanları nəzərdə tutur. Çünki gənclərin bir qismi adət-ənənə, mentalitet kimi dəyərli terminləri eşitdikdə ağız büzür, bunu geridə qalmışlığın nişanəsi kimi təqdim etməyə çalışırlar. Halbuki hər bir normal insan, yəni Vətənini, millətini, dövlətini sevən, ona canla, qanla bağlı olan, tarixinə, keçmişinə hörmətlə yanaşan şəxs adət-ənənəsinə sadiq qalmalı, dədə-babalarımızdan bizə miras qalan dəyərlərə xüsusi diqqət göstərməklə yanaşı, onların öyüd-nəsihətlərinə əməl etməlidir. Yəni, əgər əsl vətəndaş, bu millətin layiqli övladı olmaq istəyiriksə, o zaman mentalitetimizə xor baxmamalı, onu bədnam qüvvələrin təsirindən qorumalı, gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi istiqamətində ciddi işlər görməliyik. Əks halda yeniyetmələr və gənclər mənəvi deqradasiyaya uğrayacaqlar. Bu isə bizim bir xalq olaraq sonumuz olar. Çünki adət-ənənəsinə hörmət etməyən, mentaliteti geridə qalmışlıq kimi qələmə verməyə çalışanların, vətənpərvərlik hissindən uzaq olanların sayı artdıqca biz yüksəlişə nail ola bilməyəcəyik. Əbəs yerə deməyiblər ki, tarixini, keçmişini unudan, milli mənlik şüuru inkişaf etməyən, vətənpərvərlik hissləri zəif olan xalq məhv olmağa məhkumdur!

Söz yox ki, cəmiyyətin inkişafı, tərəqqisi üçün dəyişikliklərin olması vacibdir. Yəni hər bir sahədə yeniliklərə imza atılmalı, nəzərəçarpacaq nailiyyətlər əldə olunmalı və insanlar həmin yeniliklərdən lazımınca istifadə etməlidirlər. Əfsuslar olsun ki, bizim məmləkətdə “proqres” deyilən nəsnə bəzi hallarda özünü tamam fərqli prizmadan göstərməkdədir. Məsələn, mobil telefonların geniş yayılması ilə ölkədə az qala hər kəsdə, hətta orta məktəb şagirdlərində, bağça uşaqlarında belə, ən son model cihazlar peyda oldu. Heç şübhəsiz ki, mobil telefon insanlar arasında rabitə vasitəsidir və bu yolla bir-birindən kilometrlərlə uzaq olan şəxsin həm səsini eşitmək, həm də görüntülü əlaqə ilə üzünü görmək mümkündür. Elə məhz bu səbəbdən də mobil telefonların bu qədər geniş auditoriyanı əhatə etməsini təqdirəlayiq hal kimi dəyərləndirmək olar. Amma o da bir faktdır ki, bu gün əksər orta məktəb şagirdləri texnologiyanın bu yeniliyindən səmərəsiz şəkildə istifadə edirlər. Məsələn, bir də görürsən ki, hansısa məktəbli yeri gəldi-gəlmədi sinifdə olub-bitənləri lentə alır və dərhal “youtube”da paylaşmağa başlayır. Bununla bağlı apardığımız kiçik araşdırma zamanı belə məlum oldu ki, məktəblilərin əksəriyyəti mobil telefon və internetdən təyinatı üzrə istifadə etmirlər. Yəqin razılaşarsınız ki, dost-tanışını mobil telefon vasitəsilə çəkilmiş videolarla intenretdə biabır etmək, hansısa əxlaqsız kinoları və ya şəkilləri yayımlamağı texnologi yeniliklərdən səmərəli istifadə etmək kimi qiymətləndirmək olmaz. Bu cür hərəkətlərin bir adı var ki, o da tərbiyəsizlikdir. Bəli, acı da olsa, etriaf etmək gərəkdir ki, son zamanlar orta məktəb şagirdləri, eləcə də yetişməkdə olan gənc nəslin bir sıra nümayəndələri müasirliyi tərbiyəsizliklə səhv saldıqlarından özlərini normal insana yaraşmayan tərzdə aparırlar.

(Ardı var)

Vazeh BƏHRAMOĞLU