Tarixini unudan, vətənpərvərlik hissləri zəif olan xalq məhvə məhkumdur!

132

Övladlarımızın mənəvi deqradasiyaya uğramaması üçün onların Vətəninə, millətinə, xalqına, dövlətinə sadiq olmalarına çalışmalı, tariximizi olduğu kimi nəql etməliyik

44 günlük ikinci Qarabağ müharibəsi bir daha təsdiqlədi ki, qarşımızda kim olursa-olsun, əgər həmrəylik nümayiş etdirərsək, heç kim bizə güc gələ, maraqlarını diqtə edə bilməz!

Qarşımızda kim olursa-olsun, əgər həmrəylik nümayiş etdirməyi bacarsaq, o zaman heç kim bizə güc gələ, öz maraqlarını diqtə edə bilməz!

Şübhəsiz ki, gənclik hər bir insanın həyatında dəyərli bir yaş dövrüdür. Deyirlər gənclik azadlıqdır. Lakin “azadlıq” məfhumu hər kəsin fikrində müxtəlif formalarda təzahür edir. Gənclik o insan üçün azadlıqdır ki, həmin şəxs gəncliyinə böyük dəyər verir, özünə zərərli olan əməllərdən uzaq durur. Yetimlərə, kimsəsizlərə, qocalara əl tutub onların xeyir-duasını eşitmək onların yaşam tərzinə çevrilir.

Əgər diqqət yetirsəniz görərsiniz ki, gənc nəslin bəzi nümayəndələri isə özünü elə aparır ki, elə bil nə zamansa qloballaşma barədə dissertasiya yazıb və bu barədə ordan-burdan öyrəndiklərini cəmiyyətə sırımaqla məşğuldur. Halbuki bu barədə ağızdolusu danışanların əksəriyyəti bəlkə də heç bu terminin əslində hansı məna daşıdığından xəbərsizdir. Bu barədə elmi ədəbiyyatlarda yazılanlara inansaq, dünya miqyasında baş verən fundamental prosesləri izah etmək üçün “qloballaşma” terminindən ilk dəfə 1967-ci ildə istifadə edilib. Müasir anlamda termin kimi isə “qloballaşma” 1980-ci illərin ortalarında dövriyyəyə buraxılıb və əsasən intellektual elita tərəfindən qəbul olunub. Ümumilikdə götürəndə, qloballaşma cərəyanı dini və ictimai fürsətlər və perspektivlər gətirməklə yanaşı, məhz bu sahələrdə çoxsaylı problemlər də yarada bilər. Odur ki, qloballaşma təbii, tədrici və inkşafa doğru gedən bir prosses olmaqla yanaşı, mənfi effektlərlə də özünü büruzə verməkdədir. Məsələn, qloballaşmanın güclənməsi dünya miqyasında qlobal cinayətlərin, qlobal mənəvi aşınmaların getməsi üçün əlverişli şərait yaradır. Belə ki, bu gün bəzi əcnəbi qüvvələr müxtəlif yollarla, təsir vasitələri ilə yeniyetmələrin, gənclərin beyinlərini yuyaraq onları adət-ənənəyə xor baxan, tarixini, keçmişini unudan manqurda çevirməyə çalışırlar.

Məhz bu yerdə filosof və ədəbiyyat tənqidçisi, XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri, siyasi türkçülüyü sistem halına salan, türkləşmək, islamlaşmaq, avropalaşmaq düsturunun müəllifi Əli bəy Hüseynzadənin sözləri yada düşür. O deyirdi ki, biz Avropadan müsbət cəhətləri götürməli, amma onların “mədə”sində həzm olunmamalıyıq: “Biz avropalıların ədəbiyyatlarına, sənayelərinə, elm və maariflərinə, kəşfiyyat və ixtiralarına müraciət etmək istəyirik, özlərinə deyil! Biz istəyirik ki, islam ölkəsinə onların beyinləri girsin, boğazları, mədələri girməsin. Biz istəyirik ki, ölkəmiz onların beyinlərini həzm etsin, mədələrində həzm olunmasın”. Yəni biz övladlarımızın mənəvi deqradasiyaya uğramaması üçün onları düzgün şəkildə tərbiyə etməli, Vətəninə, millətinə, xalqına, dövlətinə sadiq olmalarına çalışmalı, tariximizi olduğu kimi nəql etməliyik. Unutmayın, yalnız bu yolla əsl vətəndaş yetişdirə bilərik.

Ölkə başçısı bu barədə çıxışlarının birində qeyd edib ki, Azərbaycanın gücü, zənginliyi onun iqtisadi qüdrəti ilə yanaşı, həm də mənəvi gücündədir: “Bütün inkişaf etmiş ölkələr kimi, indi Azərbaycan da öz fəaliyyətini bazar iqtisadiyyatı prinsipi əsasında qurur. Əlbəttə, dünya praktikası artıq sübut edib ki, bu, ən mütərəqqi yanaşmadır. Ancaq bəzi hallarda əgər mənəviyyat itirsə, mənəvi dəyərlər bazar iqtisadiyyatı içərisində əridilirsə, bu, cəmiyyətin normal yaşamasına böyük təhlükə yarada bilər. Biz çalışmalıyıq ki, ölkəmizin uğurlu iqtisadi inkişafını şərtləndirən bütün amillərlə yanaşı, mütləq və mütləq mənəvi dəyərlər itməsin. Bizim ənənələrimiz, tarixi nailiyyətlərimiz saxlanılsın, qorunsun. Əlbəttə, ölkənin gücü, zənginliyi onun iqtisadi qüdrətindədir. Ancaq eyni zamanda, onun mənəvi gücündədir. Ona güc verən məhz mənəvi dəyərlərdir”. Prezident onu da vurğulayıb ki, vətənpərvərlik təkcə vətəni sevmək deyil, onu qorumaqdır.

Həqiqətən də ölkə başçısı çox düzgün vurğulayıb ki, gənclik milli ruhda böyüməlidir. Əlbəttə, müəyyən istisnaları nəzərə almasaq, hazırda Azərbaycan gəncliyinin milli ruhda böyüdüyünü əminliklə deyə bilərik. Zənnimizcə, 44 günlük ikinci Qarabağ müharibəsi bunu bir daha təsdiqlədi. Bu, həmçinin onu göstərdi ki, Azərbaycanla, onun ordusu ilə zarafat etmək olmaz. Əminliklə demək olar ki, bu cür vətəndaşları olan ölkənin kürəyi yerə dəyən deyil. Qarşımızda kim olursa-olsun, əgər həmrəylik nümayiş etdirməyi bacarsaq, o zaman heç kim bizə güc gələ, öz maraqlarını diqtə edə bilməz!

Vazeh BƏHRAMOĞLU