Tanınmış vəkil həbs edilən qazimizin ailəsinə müraciət etdi – “Təmənnasız hüquqi yardım göstərməyə hazıram”

444

“Mən Respublika Hərbi Prokurorluğu tərəfindən istintaqa cəlb edilərək barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilmiş Vətən Müharibəsinin iştirakçısı, mayor Kazımov Ziya Məhəddin oğluna təmənnasız hüquqi yardım göstərməyə, onun vəkili kimi çıxış etməyə hazıram.” 

Bu fikirləri tanınmış vəkil Ceyhun Yusifov AzPolitika.info” saytına açıqlamasında bildirib.

“Dünən mətbuatda Vətən Müharibəsi qazimiz, mayor Ziya Kazımovun həyat yoldaşının cənab Prezident İlham Əliyevə müraciəti ilə tanış oldum. Müraciətdə qazimizin günahsız yerə saxlanıldığı, istintaqın ədalətsiz aparıldığı, məhkəmə protokollarında saxtalaşdırma edildiyini və onun keyfiyyətli müdafiəsinin təşkil olunmadığı bildirilib. Ona görə də, mən bir vəkil kimi bu prosesdə qazimizin müdafiəsində təmənnasız olaraq iştirak etmək istəyirəm. Bunu özüm üçün bir borc hesab edirəm. Qazimizə hər hansı səbəbdən haqsızlıq edilməsi yolverilməzdir. Bizim buna laqeyd qalmağımız isə ən azı nankorluq olar. 

Ailəsinin əlaqə telefonlarını və ünvanını bilmədiyim üçün niyyətimi mətbuat vasitəsilə açıqlayıram. Əgər etiraz etmirlərsə, mən qazimizin vəkili olmağa və bütün gücümü onun müdafiəsinə yönəltməyə hazıram” – deyə, C. Yusifov bildirdi.

Tanınmış vəkil bunun onun üçün bir şərəf olduğunu da sözlərinə əlavə etdi: “Qazimizin ailəsi onun vəkili kimi çıxış etməyi mənə həvalə edərsə, bunu özüm üçün şərəf hesab edərəm. Düşünürəm ki, Vətən yolunda canını qoymuş övladlarımıza təmənnasız xidmət göstərmək hər birimizin müqəddəs borcudur.”

 

 

Xatırladaq ki, Hadruta ilk daxil olan həmlə taborunun komandiri olan mayor Ziya Kazımovun 19 il müddətində Azərbaycan Silahlı Qüvvələrinin tərkibində xüsusi təyinatlı, snayper və kəşfiyyatçı komandir kimi qüsursuz xidmət etdiyi, Ali Baş Komandan və Müdafiə Nazirliyinin yüksək zabit heyətinin əmrlərini layiqincə yerinə yetirdiyi və bu xidmətinə görə təltif olunduğu bildirilir.

Onun həyat yoldaşı Prezident İlham Əliyevə müraciətində Hərbi Prokurorluqda təhqiqatın obyektiv aparıldığına inamsızlığını bildirib.

O, Prezidentə müraciətində Ziya Kazımovun böhtan atılaraq günahsız saxlanıldığını bildirib və bu işi şəxsi nəzarətinə götürməyini rica edib.

Azpolitika.info