Tanınmış jurnalistdən ölkə başçısına müraciət

204

Elman Maliyev: “Sizdən xahiş edirəm ki, jurnalistlər üçün inşa edilmiş, müəyyən səbəblərdən istifadəyə verilməmiş yaşayış binasında ailəmin mənzillə təmin edilməsinə köməklik göstərəsiniz

Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, bina 65, mənzil 38-də müvəqqəti yaşayan, tanınmış jurnalist Elman Hüşən oğlu Maliyev tərəfindən “Hürriyyət” qəzetinə şikayət məktubu daxil olub. Qeyd edək ki, redaksiyamıza ünvanlanan müraciətin bir nüsxəsi ölkə başçısı İlham Əliyevə, o cümlədən, Media İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılova, Mətbuat Şurasının sədri Əflatun Amaşova və bir sıra qəzet rəhbərlərinə ünvanlanıb.

Beləliklə, şikayətdə deyilir: “Sizlərin nəzərinizə çatdırmaq istəyirəm ki, mən 30 ildən çoxdur ki, mətbuat sahəsində çalışıram. Əmək fəaliyyətimə Zaqatala rayonunda nəşr olunan keçmiş “Qırmızı Bayraq”, indiki “Zaqatala” qəzetindən başlamışam. Sonra Zaqatala rayon yerli radio verilişləri redaksiyasında əmək fəaliyyətimi davam etdirmişəm. Rayondakı mətbuat orqanlarında işlədiyim müddətdə həm də, “Kommunist”, “Sovet kəndi”, “Azərbaycan gəncləri”, “Xalq ordusu”, “İdman” və digər qəzetlərlə, “Təşviqatçı”, “Müxbir”, “Azərbaycan qadını” jurnalları, Azərbaycan radiosunun “Səhər” proqramı və daha sonra isə “Səhər” qəzeti ilə mütəmadi əməkdaşlıq etmişəm. 1995-ci ildən isə jurnalistika sahəsində fəaliyyətimi Bakı şəhərində davam etdirmişəm. Belə ki, “7 Gün”, “Panarama”, “Bu gün”, “Hər gün”, “Hürriyyət”, “Şans”, “Yeni sözçü” qəzetlərində çalışmaqla yanaşı “Xalq qəzeti” və “Exo” qəzeti ilə əməkdaşlıq etmişəm. Mətbuat orqanlarında ən çox işlədiyim qəzet “Ekspress” olub. Bu mətbuat orqanında 10 ildən çox çalışmışam.

Jurnalist kimi ən çox hüquqi, kriminal və sosial mövzulardan, xəbərlər, araşdırmalar və reportajlar yazmışam. Həmişə də yazılarımda səlistliyə, obyektivliyə, faktların dəqiqliyinə, oxucu tələbatına, diqqətinə fikir vermişəm. Qərəzli və şantaj xarakterli məqalələr yazmamışam. Mətbuatın IV hakimiyyət kimi rol oynadığını nəzərə alaraq həmişə də dövlətçiliyimizin inkişaf etdirilməsi, qorunması naminə öz mövqeyimi nümayiş etdirmişəm. Mətbuatda təzə işə başlayan gənclərdən də həmişə köməyimi əsirgəməmişəm, obyektiv yazmaqlarını tövsiyyə etmişəm və onları bu məsuliyyətli jurnalistika sahəsinə düzgün istiqamətləndirmişəm. Dəfələrlə beynəlxalq tədbirlərdə iştirak etmişəm. Bildirmək istəyirəm ki, “Ekspress” qəzetində işlədiyim dövrdə “Yeni Musavat” qəzeti ilə də əməkdaşlıq etmişəm və fəaliyyətimdə bir çox jurnalist təşkilatının yaradılmasında dəstək vermişəm. Hüquq sahəsində daha çox yazdığım üçün bu sahədə təkmilləşmişəm və xarici ekspertlərin keçirdikləri treninqlərdə dəfələrlə iştirak etmişəm. Bir çox, eyni zamanda, “Zaqatala şəhidləri” (Birinci Qarabağ Savaşının) kitabının müəllifiyəm. Hal-hazırda “Respublika”, “Türküstan”, “Mədəniyyət”, “Ədalət”, “Bakı xəbəri”, “525 -ci qəzeti”, “Unikal”, “Təzadlar”, “Hüriyyət” qəzetəri ilə əməkdaşlıq edirəm. Həmin mətbuat orqanlarında İkinci Qarabağ Savaşında şəhid, qazı olanlar haqqında digər mövzularda məqalələrlə çıxış edirəm. Eyni zamanda, bu şəhidlər haqqında kitab üzərində çalışıram.

İndi isə keçək əsas mətləbə. Məlumdur ki, uzun müddət Azərbaycan mətbuatından manapoliya yaratmış, bir sözlə əsl jurnalistin “haqq-ədalət” sözünü, bacarıqlı və dəyərli jurnalistləri “əsarətdə” saxlamış, prezidentin sabiq köməkçisi Əli Həsənovun cinayət tərkibli əməllərinin üstü açılıb.

Xeyli müddət keçməsinə baxmayaraq hələ də mənə qaranlıqdır ki, 2017-ci ildə jurnalistlər üçün istifadəyə verilən binadan mənə niyə mənzil verilmədi? Mən də digər jurnalistlər kimi, onların dediyi kimi kriteriyalara uyğun olaraq, kifayət qədər vəsait xərcləyərək, bütün sənədləri toplayaraq Vüqar Səfərlinin “başçılıq” etdiyi komissiyaya təhvil verdim, qəbul etdilər. Buna qədər mən dəfələrlə mənzilə ehtiyac olması barədə prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Mətbuat Şurasının sədri cənab Əflatun Amaşova, Vüqar Səfərliyə rəsmi surətdə müraciətlər etmişdim. Nəticəsi isə göz qabağındadır. Əli Həsənov, Vüqar Səfərli və digərləri 2017-ci ildə dövlətimiz tərəfindən inşa edilən 17 mərtəbəli, çox mənzilli binanı, hətta ölkə başçısını da aldadaraq öz dədə malı kimi böldülər və istədikləri şəxsə mənzilləri payladılar. Mənim və digər mənim kimi təcrübəli jurnalistlərin komissiyaya təqdim etdiyimiz sənədlərə isə cavab verilmədi və bilmədim ki, mən nə səbəbdən “kriteriyalara” uyğun gəlmədim? Halbuki, jurnalistlər üçün inşa edilən binada mətbuata aidiyyatı olmayan şəxslərə, o cümlədən hektarlarla torpağı, mənzilləri, bahalı avtomobilləri olan kəslərə mənzillər verdilər!

Təkrar bildirmək istəyirəm ki, bu haqsızlığa aydınlıq gətirmək üçün əvvəlcə bir qrup jurnalistlə birlikdə Prezident Administrasiyasında olduq və Əli müəllimlə görüşmək istədik. Ancaq onun bizimlə görüşməyə cürəti çatmadı və “əsabələri” köməkçilərini yanımıza göndərdi. Onlar da köhnə vədlər verdi və jurnaslitləri yola saldılar. Mən sonra mənzil komissiyasının sədri Vüqar Səfərlinin yanına getdim və həmin vaxt masanın üstündə jurnalistlərə “paylanmış” yaşayış binasına məxsus bir neçə mənzilin açarını gördüm, soruşdum ki, bu açarlar kimlərə məxsusdur. Vüqar müəllim mənə bildirildi ki, həmin açarlar təzə inşa edilən binanın birinci mərtəbəsində, jurnalistlər üçün xidmət göstərəcək otaqların açarlarıdır. Sonradan məlumat aldım ki, Vüqar Səfərli həmin mənzilləri də jurnalist olmayan şəxslərə satıb. O, həmin vaxt vəd verdi ki, 2020 –ci ildə istifadəyə veriləcək yaşayış binasında mütləq mənə mənzil veriləcəkdir. Bəli, Əli Həsənov, Vüqar Səfərli və digərləri mən və mənim kimi mətbuatda “külüng” vurmuş jurnalistləri qeyri-qanuni əməlləri və vəzifələrindən sui-istadə etmələri ilə səbəbsiz bizi aldadaraq mənzilsiz qoydular. Sizlərə bildirirəm ki, ağıllı və savadlı övladlar atası, təcrübəli jurnalist, yaradıcı bir insan kimi mənzilə çox böyük ehtiyacım var. Məlumdur ki, Vüqar Səfərli və digərləri həbsdədirlər. İstintaq orqanları onların əməllərini araşdırır. Onlar tutulsa da haqq və ədalətimiz bərpa olunmalıdır. Yəqin ki, mətbuatımızı baltalayan bu məmurlar layiqli cəzalarını alacaqlar. Mənə göstərilən biganəlik, saymamazlıq, mənim mənzillə təmin olunmamağım yaradıcılığıma çox böyük mənfi təsir göstərib. Onu da əlavə edim ki, bu qədər mətbuatda obyektiv çalışmağıma, mətbuatın inkişafında, gənc jurnalistlərin yetişdirilməsində qüsursuz xidmətlərimə baxmayaraq, bütün bunlara görə mətbuat sahəsində ali bir mükafata layiq görülməmişəm. Buna da səbəb Əli Həsənov, Vüqar Səfərli və onun ətrafına toplaşan mətbuatda özbaşınalıq yaratmışların günahıdır. Onlar mənzilləri də, mükafatları da öz dairəsi çərçivəsində olanlara, mətbuatımızı məhv edənlərə paylayıblar.

Cənab prezident, sizin medianın İnkişafı ilə bağlı verdiyiniz sonuncu sərəncamınızı yüksək dəyərləndirirəm. Söz yox ki, bu sərəncam müasir medianın inkişafında, əvvəllər mediada manapoliya yaratmış bəzi məmurların buraxdığı bir çox nöqsanların, neqativ halların aradan qaldırılmasında böyük rol oynayacaqdır. Eyni zamanda sizin sərəncamınızla yaradılmış – Medianın İnkişafı Agentliyi ilə birgə biz jurnalistlər də, bu istiqamətdə fəallıq göstərəcəyik.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, sizlərdən xahiş edirəm ki, jurnalistlər üçün inşa edilmiş, 2020-ci ildə müəyyən səbəblərdən istifadəyə verilməmiş, yaşayış binasında mənim ailəmin də mənzillə təmin edilməsinə köməklik göstərəsiniz”.