Tacikistan-Qırğızıstan toqquşmasının pərdəarxası…

90

Bu olayların içində gələcək irimiqyaslı müharibəyə təməl daşı kimi su və narkoticarət marşrutuna nəzarət uğrunda savaş var

Mərkəzi Asiyada münaqişə ocağının yaradılması Türkiyənin maraqları üçün təhdiddir

Bugünlərdə, daha dəqiq desək, aprelin 28-də Qırğızıstan-Tacikistan sərhədində Batkeb və Soğd rayonlarında minaatanlardan atışma baş verdi. Bundan əvvəl isə iki ölkə sakinləri bir-birini daşladılar, hadisələrin davamını odlu silah olan avtomatlardan atəş açılması gətirdi. Kok-Taş kəndindən sakinlərinin evakuasiya olunmasından sonra paytaxt Bişkekdə hökumət evinin qarşısında insanlar hakimiyyəti Batken rayonu sakinlərinə kömək etməyi tələb etdi. Tələb kiçik -hələ ki, kiçik- münaqişənin böyükmiqyaslı müharibəyə çevrilməsi qorxusundan yarandı.

Qəribədir ki, silahlı toqquşmanın səbəbi kimi Tacikistan tərəfinin Batken bölgəsinin Kok-Taş kəndindəki Golovnaya su paylama məntəqəsi yaxınlığındakı elektrik dirəyinə video nəzarət kamerası quraşdırmasıdır. Qırğızıstan avadanlıqların sökülməsini tələb etdi. Golovnoy su paylayıcısı Qırğızıstan ərazisindəki Tortkul su anbarını dolduran kanalların mənbəyindədir. Tacikistanın təhlükəsizlik komitəsi isə Qırğızıstan hərbçilərini “İsfara çayının yuxarı axınında yerləşən Golovnaya su paylama nöqtəsinin yerində Tacikistan əsgərlərinə atəş açmaqda” günahlandırdı. Toqquşma çay infrastrukturu səbəbindən baş vermiş kimi təqdim olunmağa çalışılır. Doğrudur, su qaynaqlarının qıtlaşdığı, hətta savaşlara belə səbəb olacağı barədə uzun zamandır ki, fikirlər söylənir, proqnozlar verilir.

Onu da deyək ki, dünya müharibələri praktikasında da iri miqyaslı toqquşmaları, çaxnaşmaları əhəmiyyətli hesab olunmayacaq qığılcımlar alovlandırdı. Çox asanlıqla iri münaqişə ocağına çevrilə biləcək toqquşmanın əsası hələ sovet dönəmində məhsuldar Fərqanə vadisini bölüşən üç ölkə-Qırğızıstan, Tacikistan, Özbəkistan arasında demarkasiya təməlli “həssas nöqtə” yaratmaqla qoyuldu. Məhz Fərqanə vadisində bu üç ölkə bir-birinin içinə girmiş vəziyyətdədir. Bu sovet dövlətinin indiki Rusiyanın burada hərəkət arealını genişləndirməsinə hesablanmış “bədnam hədiyyəsi” idi. Onu da deyək ki, aprel ayının əvvəlində Qırğızıstan hərbçiləri Batken bölgəsində genişmiqyaslı “Təhlükəsizlik-2021” təlim keçirmişdi. Düşənbə, Bişkekin Tacikistan anklavı Voruxu Qırğızıstana ekvivalent əraziyə vermək təklifinə cavab vermədiyi üçün bu aktı təzyiq aktı adlandırdı. Milli Təhlükəsizlik Dövlət Komitəsinin rəisi Kamçibek Taşiyev tacik həmkarı Saimumin Yatimovla danışıqlardan sonra “Vorux anklavı büdrəmə nöqtəsi olaraq qalır” dedi və sərhəd probleminin həlli üçün Düşənbəyə iki seçim təklif etdiyini söylədi. Birincisi, Voruxu sərhədlə dövrəyə almaq və yolu yalnız yerli sakinlərin Tacikistana geri dönməsi üçün açmaqdır. İkincisi, anklavı Leylak və ya Batkən bölgələrindəki ekvivalent bir sahəyə dəyişdirməkdir. Bu təkliflər rəsmi Düşənbəyə ötürüldü. Bununla belə, Tacikistan prezidenti Emoməli Rəhmon bildirdi ki, Vorux Qırğızıstanla danışıqlarda ərazi mübadiləsi üçün müzakirəyə gətirilə bilməz. Onun sözlərinə görə, dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Hökumətlərarası Komissiyanın 19 illik fəaliyyəti ərzində 519,9 km sərhəd müəyyənləşdirilib və razılaşdırılıb. “Tacikistan hökuməti 2016-cı ilin may ayında imzalanması lazım olan müqavilənin daxili prosedurlarını tamamladı. Ancaq Tacikistandan asılı olmayan səbəblərdən ortaq məxrəcə gəlinmiş ərazi razılaşması hələ imzalanmamışdır” deyə Tacikistan lideri məsələyə nöqtəni qoydu. Ekspertlər Voruxun Qırğızıstana verilməsinin təkcə Tacikistan üçün deyil, həm də İsfara çayı hövzəsindən su işlədən Özbəkistanın bir çox bölgələri üçün fəlakətli nəticələr gətirdiyini düşünürlər. Tacik ekspert Neqmatullo Mirsaidov, “dost tacik xalqına qarşı tez-tez əsassız təcavüzkarlıq sərgiləyən qonşuların əlindəki su mənbələri bölgənin bütün infrastrukturuna əlavə təzyiq rıçaqı ola bilər” deyir. Onun fikrincə, məsələnin sadə həlli yoxdur, çünki tərəflərdən biri həmişə uduzacaq. Etiraz edənlər, ölkə sərhədlərini qorumaq üçün Batken bölgəsinə gedəcək könüllü siyahısını hazırlamağı təklif edirlər. Ümumilikdə insanların Tacikistanla sərhədin bağlanması, Tacikistan Respublikasının Qırğızıstandakı diplomatik nümayəndəliyinin bəzi işçilərinin persona non qrata kimi tanınması və bəzi sərhəd kəndlərində postlar qurulması da daxil olmaqla hökumətə qarşı 14 tələbi var.

Bu həftənin əvvəlində də Qırğızıstan-Özbəkistan sərhədində gərginlik yaşandı. Oş vilayətinin Uzqen bölgəsində yüzlərlə insan Daşkəndlə razılaşaraq Özbəkistanın nəzarətinə keçməsi lazım olan Kempirabad su anbarını əldən verməmək üçün mitinqə çıxdı. Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsinin rəisi Kamçibek Taşiyev, “ölkələrimiz arasındakı məsələ yüzdə 100 həll edildi. İndi Qırğızıstan və Özbəkistan arasında mübahisəli ərazilər yoxdur. Tərəflər son protokolu imzaladılar, ona görə sərhədin qalan hissələrindəki bütün məsələlər ərazilərin mübadiləsi prinsipinə əsaslanan təsvir prosedurundan keçdi. Hökumət nümayəndə heyətlərinin növbəti iclası mayın 10-da Qırğızıstan ərazisində keçiriləcək” sözlərinə rəğmən, bu mesaj yerli sakinlərin narazılığına səbəb oldu. Onlar mitinq elan etdilər və üç bölgənin – Qırğızıstanın Oş və Cəlal-Abad vilayətləri ilə Özbəkistanın Əndican vilayətinin qovşağında yerləşən mənzərəli su anbarının sahilində məntəqə qurdular, ora məcazi mənada “yerləşdilər”. Kəndlilər Kempirabad bəndinin və ya Özbəkistanda deyildiyi kimi Əndican su anbarının özbəklərin nəzarətinə keçmsəini təsdiq edən protokolu ləğv etmələrini tələb etdilər. Yerli sakinlər bildiriblər ki, onların özlərinin torpağı azdır. Həmçinin xatırladıblar ki, əgər Sadır Japarov bu ərazi mübadiləsindən imtina etməsə səsləri itirəcək. Nəticə kəndlilərin xeyrinə olub, qərar ləğv edilib. Məsələyə  Sadır Japarov, sərhəd məsələləri tam həll olunmayana qədər gərginliyin qalacağını, “yalnız sərhədlərin delimitasiyasından sonra Qırğızıstan öz təhlükəsizliyini təmin edə bilər” deyə münasibətini bildirdi.

Göründüyü kimi, sovet dövləti dağıldıqdan sonra da vəziyyətə hakim olmaq üçün “bədnam miras” qoydu. Hazır iki münaqişə bəhanəsi var-su və ərazi delimitasiyası. Bu məsələnin bir tərəfi. Məsələyə bir də ABŞ tərəfindən baxaq. Burada ABŞ-ın da Əfqanıstanı əlindən Çinin xeyrinə buraxması ərəfəsində özünün yaratdığı İŞİD-in də “xortladıla biləcəyini” qeyd etməliyik. Belə ki, hələ 2019-cu ildə dünya mətbuatında mühüm yeri olan “The Quardian”da material yayınlanmışdı. Yazıda Tacikistanda hökumətin İŞİD silahlılarına qoşulmaqda ittiham etdiyi 29 məhkumun öldürülməsi, 2015-ci ildə bu qruplaşmaya qoşulmuş Tacikistan Xüsusi Təyinatlı Qüvvələri polkovniki Gülmurod Xalimovun oğlu Bexruz Gülmurodun Suriyada öldürüldüyün, bu post-sovet ölkəsinin yüzlərlə vətəndaşının da bu terror və ölüm saçan dəstəyə qoşulmaq üçün Suriya və İraqa getidyi barədə fikirlər verilirdi. İndilik bu məqam xatirimizdə qalsın.

Məlumdur ki, hazırda ABŞ qoşunlarının Əfqanıstandandan çıxarılması gündəmdədir. Prezident Co Bayden ABŞ və koalisiya qüvvələrinin bu il 11 sentyabr tarixinə qədər Əfqanıstandan tam çəkiləcəyini elan etdi. Bu siyasətin Vaşinqtonu qənaət edə biləcəyi müdafiə xərclərini digər sahələrə yönəldəcəyinə imkan verəcəyi deyilir. Amma getməyin də xərcləri var və bu xərclər qalmağın xərclərindən az deyil. İlk öncə geosiyasi müstəvidə. Çünki ABŞ-ın geri çəkildiyi mövqelərə Çin yerləşir. Pentaqonun açıqlamasına görə, müdafiə ofisi bölgədəki terrorizmə qarşı mübarizə infrastrukturuna yeni və çoxlu sayda investisiyalar axtarır. Əfqanıstan Milli Təhlükəsizlik Qüvvələrinin təxminən 300 min üzvü üçün maaş və digər xərclər davam edəcək. Deyə bilərsiniz ki, ABŞ-ın Əfqanıstandan çıxmasının Tacikistan-Qırğızıstan qapışmasına nə dəxli var? Çox dəxli var, çünki Əfqanıstan-Qırğızıstan sərhədini Çin hərbi kontingenti qoruyur.

Qayıdaq ABŞ qoşunlarının çıxmasına. ABŞ qüvvələrinin, podratçılarının və Əfqanıstandakı dövlət işçilərinin-kəşfiyyat sisteminin 20 ildir fəaliyyət göstərdikləri ölkədən getməsi hərmənalı baha başa gəlir. Üstəgəl Əfqanıstandakı amerikalılarla yanaşı digər 8000-lik koalisiya hərbi birliyi. Köçürüləcək yalnız əmlak, bina və avadanlıq deyil, həm də orada işlərin böyük hissəsini yerinə yetirən “özəl qurumlar şəbəkəsi” var. İraqdan çıxış zamanı ordu aşkar etdi ki, bəzi hallarda mövcud müqaviləni dəyişdirmək və ya qısaltmaq əvəzinə onu yerinə yetirməyə davam etmək daha ucuzdur.

Avadanlıqları evə və ya başqa bir yerə köçürmək də böyük işdir. Pentaqon sahibi Lloyd Ostin B-52 bombardmançı təyyarələrinin Əfqanıstanda yerləşdirilməsini təsdiqlədi və zəmanət üçün təyyarədaşıyan USS Dwight D. Eisenhower gəmisini Fars Körfəzində saxlayır. Məsəl üçün deyək ki, İraqda hərbi kontingentin başçıları ABŞ-a qayıdan zaman geri qaytarılacaq maddi-texnik təchizatın geridə buraxıldığını gördülər, çünki onu “evə aparmaq” ev sahibi ölkənin təhlükəsizlik qüvvələrinin ixtiyarına verməkdən daha baha başa gəlirdi. Vaşinqton həll yolunu yüklənmiş texnika konvoylarını İraqdan Küveytə daşımaqda tapdı.

Əfqanıstan üçün bu ehtimal azdır. Dəniz sahilinin olmaması da səbəblərdən biridir. Əşyaları yük maşını ilə daşımaq, dəniz və hava limanlarına çatdırmaq daha çətindir. Hələ hava nəqliyyatı quru nəqliyyatından daha çətindir. Bəzi təchizat mıhv ediləcək, bəziləri isə hansısa təşkilata verilə bilər. Kimə-xortladılmış İŞİD namizədlər arasında ola bilərmi? Çin yaralamaq və qaysağını qoparmaq üçün…
Dövlət katibi Antoni Blinkenin açıqlamasında, “ABŞ terror təhlükəsinin Əfqanıstanda yenidən meydana gəlməsi ehtimalına qarşı ayıq qalacağını bildirir. Biz terrora qarşı ən üst səviyyədə qalmaq qabiliyyətimizi yenidən inşa edəcəyik” sözlərində də Əfqanıstanın hərbi bölgədə terrorla mübarizə qabiliyyətlərini qoruyacağının, hərbi kontingentin yalnız yaxınlıqdakı başqa bir yerə yerləşdiriləcəyi mesajını verdi. Bu ehtimal İŞİD-in yenidən gündəmə gəlməsinə haqq qazandıra bilər.

Pentaqon sözçüsü Kirbi, bu yerdəyişmənin, “Əfqanıstandakı say azalma nəticəsində qənaət edilən vəsait başqa təhdidlərə və problemlərə diqqət ayırmaq üçün müraciət edə biləcəyimiz mənbələrdi” fikri ABŞ Mərkəzi Komandanlığının komandiri general Kennet MakKenzie tərəfindən dəstəkləndi və Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinə Əfqanıstandakı mövcud qüvvələrin bir hissəsini Mərkəzi Komandanlığın fəaliyyət bölgəsində başqa bir yerə dislokasiya etmək niyyətində olduğunu söylədi. Onun, “bu qoşunlar dənizdə, üfüqdə terrorla mübarizə missiyalarında kömək edəcək. Xüsusilə bunlara qiyamçılara davamlı nəzarət və təzyiq daxildir” sözləri nə anlama gəlir? Deməli həm İpək Yolunun marşrutu üzərində qığılcım nöqtələri, həm İŞİD, həm Rusiyanın Çinlə üz-üzə qoyulması…

ABŞ tərk etdiyi yerləri Çinlə münaqişənin toxumlarını ərsəyə gətrimək üçün kimə dövr edə bilər? Fikrimizcə Rusiyaya. Bu variantda Rusiyanın imperiya ambisiyalarından əl çəkmədiyini göz önünə alsaq Çinlə üz-üzə gəlməyə başa gəlsə də öz mövqelərini bərkidəcəyini təxmin edə bilərik. Bu isə müharibə səbəblərini əmələ gətirmək üçün münbit şərait əmələ gətirər. Vaşinqton da həm də Çinin Yeni İpək Yolu layihəsinin üstündə ağrılı nöqtələr meydana gətirməkdən yanadır. Bu layihənin marşrutu üzərində münaqişə ocaqları marşruta təhdid xarakteri yaradır.
Tacikistan-Qırğızıstan toqquşmasının alovlanmasında əsas məqam isə fikrimizcə narkoticarət marşrutuna nəzarət çəkişməsidir. Belə ki, bu gün dünyada iki qlobal narkotik ticarəti fəal şəkildə fəaliyyət göstərir – Əfqan geroini və Latın Amerikası kokaini. Əfqan geroininin daşınması üçün bir neçə marşrut var:

“Balkan yolu” – Əfqanıstan – İran – Pakistan -Karaçi limanı – dəniz yolu ilə Türkiyəyə – Balkan yarımadası ölkələri – Cənubi Avropa – Mərkəzi Avropa – Hollandiya;

“Şimal yolu” -və ya “ipək yolu” – Əfqanıstan – Tacikistan – Qırğızıstan və ya Özbəkistan – Qazaxıstan – Rusiya – Ukrayna – Belarusiya – Baltikyanı ölkələr – Şərqi Avropa – Almaniya – Hollandiya.  Latın Amerikası kokaininin qaçaqmalçılığının əsas yolları bunlardır: Şimali Amerika marşrutu (Cənubi Amerika – Meksika – ABŞ);

“Afrika yolu” -Cənubi Amerika – Meksika – Atlantik – Afrika – Avropa – Baltikyanı ölkələr – Rusiya.

Beləliklə, qayıdaq Qırğızıstana. Əfqan narkotik məhsullarının qanunsuz dövriyyəsinin əsas yolları Qırğızıstanın cənubundan keçir. “Soğd istiqaməti” adlanan yol Tacikistanın Xucənd şəhərindən Qırğızıstanın Batken bölgəsinə və oradan da Oşa gedən magistral yolu boyunca uzanır. Başqa bir istiqamət – “Batken” – Tacikistanın Cerqatal bölgəsindən Batken bölgəsinə dağ yollarıdır. Marşrutların bir hissəsi Özbəkistan ərazisindən keçir. Ancaq demək olar ki, bütün istiqamətlər Oş bölgəsinə gedir, oradan da narkotiklər Cəlalabad vilayətindən Qırğızıstanın şimalına – Talas və Çuy bölgələrinə daşınır. Və buradan axın Qazaxıstana, daha sonra Rusiyaya və Avropa ölkələrinə gedir, üstəlik burada Qırğızıstan yalnız tranzit ölkə deyil, həm də istehsalçı  ölkədir. Mütəxəssislərin fikrincə, respublika ərazisində, əsasən İssık-Kul və Çuy bölgəsində altı min hektara yaxın yabanı çətənə tarlaları var. Bu, potensial olaraq təxminən beş min ton marixuana və ya təxminən 150 ton yüksək keyfiyyətli həşiş istehsalına imkan verir.
Müsadirə olunmuş narkotiklərin həcminə gəldikdə, onlar ümumi narkotik trafikinin yüzdə 10-dan çoxunu təşkil etmir. Yəni narkotik marşrutunun 90%-i Qırğızıstan ərazisindən sərbəst tranzitlə çatdırılır. Çox vaxt hüquq-mühafizə orqanlarının əməkdaşları özləri bu qanunsuz işdə iştirak edirlər. Narkotik ticarəti həmişə son dərəcə gəlirli olub və qalır. Məsələn, Əfqanıstanda bir kiloqram eroin 1200-1300 dollara başa gəlirsə, Qırğızıstan ərazisində qiyməti dörd ilə beş min dollara qədər yüksəlir. Rusiyada isə onsuz da kiloqramı 45 min dollara çatır. Buna görə, böyük mənfəət əldə etmək üçün güc strukturlarının nümayəndələri getdikcə narkotik ticarəti ilə məşğul. BMT-nin məlumatına görə, 2001-ci ildə ABŞ və NATO hərbi kontingentlərinin Əfqanıstana girməsindən 2010-cu ilin əvvəlinə qədər, Taliban hakimiyyətinin devrilməsindən sonra tiryək  hasilatı təxminən 40 dəfə artmışdır. Belə ki, Əfqanıstan müharibəsindən əvvəl Əfqanıstan və Pakistanda tiryək istehsalı yalnız regional bazarlara yönəlmişdi və eroin istehsalı ümumiyyətlə yox idi. Amerika işğalı Əfqanıstanı narkofermaya çevirdi. İndi isə bu ticarəti paylanma marşrutuna qədər Çin ələ keçirmək üzrədir.

Bu gün təkcə bu ölkə bütün dünyada 10 il əvvəl istehsal olunduğundan iki dəfə çox tiryək istehsal edir. Latın Amerikasından ABŞ-a hər il 500 tondan çox kokain nəql olunur. Bunun əksəriyyəti – 90 faizdən çoxu Meksika üzərindən tranzit yolu ilə nəql olunur ki, bu ölkə Amerika bazarı üçün nəzərdə tutulmuş ən böyük eroin, metamfetamin və marixuana təchizatçılarından biridir. Uzun sözün qısası, ABŞ Əfqanıstanı məhz narkotik istehsalının əsas nöqtəsi olan bu ölkədəki istehsalı ilk başlanğıc mərhələsindən marşrutlar üzrə dünyanın müxtəlif nöqtələrinə daşınmasına qədər bütün prosesi nəzarətdə saxlamaq üçün işğal etmişdi. İndi isə buradan çəkilsə də yenə də ipləri əlində saxlamağın müxtəlif üsullarla həllini tapır.

Sonda isə onu deyək ki, Tacikistan-Qırğızıstan silahlı toqquşması o qədər də bəsit deyil. Onun içində həm gələcək irimiqyaslı müharibəyə təməl daşı kimi su savaşı, həm ABŞ-ın İŞİD bəhanəsilə Əfqanıstandan tam çıxmamasına bəhanə, həm Rusiya ilə razılaşaraq öz qoşunlarını azaltdığı bölgələrdə həmin yerləri Kremlin nəzarətinə keçirmək, həm Çinin Yeni İpək Yolu layihəsi üçün “ağrılı nöqtələr” yaratmaq, həm Amerika ordusunun Əfqanıstandan çıxması ilə kökü bu ölkədən yayılmaqda olan dünyanın narkotiklə təchizat arteriyasına-narkotrafik uğrunda savaş var. Bu arada deyək ki, Tacikistan Rusiya ilə, Qırğızıstan isə onunla Əfqanıstanın sərhədlərində keşik çəkən çinli əsgərlərin aid olduğu Çin ilə birgədir. Deyək ki, Mərkəzi Asiyada münaqişə ocağının yaradılması Türkiyənin maraqları üçün təhdiddir.

Ülviyyə ŞÜKÜROVA