Təhsil və dövlətin təhlükəsizliyi problemi

336

Cəmiyyəti savadsızlaşdırıb, asan idarə olunan, sorğulamayan, başıboş kütlə hazırlamaq strategiyası hazırlanır?

Təhsilin fərqli funksiyaları var. Qısaca olaraq belə ifadə edə bilərik ki, təhsil bilik əldə etdiyimiz sistemdir. Hansı ki, bu bilik bizə məlumat verir, müəyyən bir sahəni nəzəri və ya praktik olaraq anladır.

Təbii ki, ümumi yanaşdırqda, təhsil bizə təkcə bilik deyil, həm də mədəni bir cəmiyyətdə fəal bir şəxsiyyət olmağımızı təmin edən dəyərlər, vərdişlər, inanclar və bacarıqları öyrədən sistemdir. İnsanlığın müxtəlif mərhələlərində təhsil, təlim-tərbiyə müxtəlif formalarda aparılıb. İnsanlığın daha mədəni çağı sayılan son zaman dilimində bu proses cəmiyyətin həyatında sistematik şəkildə oturdulmaqla yanaşı, hazırkı insanın həyatında bitməyən proses şəkldə – mütaliə şəklində davam edir. O dövrdə bilik, müxtəlif bilik sahələrini təmsil edən insanlarla – mütəfəkirlərlə biliklər, bacarıqlar, peşə vərdişləri, müxtəlif bilgilər əsrlərin sınağından çıxaraq köhnə nəsillərdən gənclərə şifahi və yazılı qaynaqlarla ötürülürdü. Bu üsulla müəyyən bir toplumun dəyərləri, mədəniyyəti və inancları da təbliğ olunurdu.

Keçmişdə təhsil daha çox imtiyazlıların əldə edə bildiyi lüks idi. İnsanlığın inkişafı ilə bu hər kəs üçün daha çox əlçatan oldu. Əlbəttə, ən azından orta inkişaf etmiş dövlətlərdə. Məcburi və ictimai təhsil hüququ insanın fərdi və sosial sferada daha çox inkişafına səbəb oldu.

Azərbaycanın hazırki dövründən əvvəlki təhsil sistemi Sovet sisteminə əsaslanırdı və çox təəssüf ki, o vaxtdan indiyə qədər gedilən yol irəli deyil, əksinə, geri istiqamətdədir. Hərçənd ki, Sovet dönəmində mövcud olmuş təhsil-tədris sisteminin də çatışmazlığı var idi və bu çatışmazlıq müxtəlif səviyyədə olan istedadlara eyni qiymətin, fərqli şəraitin yaradılmaması, fərqli yanaşmanın ortaya qoyulmaması, onlara daha artıq özəl imkanlar tanınmaması idi.

Əslində, dövlətin təhsilə verdiyi rol dövlətin qurduğu təhsil dəyirmanında “üyüdülmə” prosesindən keçib, müəyyən qabiliyyət və anlayışlarla təchiz olunmuş, hərəkət trayektoriyası sistem daxilində dövr edən, ona fayda gətirən fərdlər meydana gətirməkdir. Sovet təhsil sistemində dövlət bu hazırlıq prosesindən keçmiş fərdlərlə təmin olunmağa hesablanmışdı. Yəni dövlətin siyasi maşınına uyğun vətəndaşlar istehsal etmək hədəfə alınmışdı.

Yaxud Almaniyanın Hitler dönəmidə təhsil vasitəsilə faşizmə yaralı, onu legitim hesab edən təbəqənin yetişdirilməsini diqqətə çatdıra bilərik.

Bəzi mütəxəssilər dövləti təhhsil sisteminin meydana gətirdiyi ictimai məkan sayəsində sosial nəzarətçi adlandırırlar. Yəni dövlətə aid təhsil müəssisələrinin vətəndaşların sosial və ideoloji kimliyini homogenləşdirən bir amil kimi çıxış etdiyini iddia edirlər. Əvvəldə də deyildiyi kimi, dövlət təhsil sistemində ona uyğun vətəndaş yetişdirir. Bunun bariz nümunəsi Alman Nasist Dövləti (1933-1945) dövründə baş verən təhsil prosesi idi. Üçüncü Reyxdə başında Adolf Hitler olan tələbələrə dünyanın nasist vizyonu aşılandı. Rejimin maarifçiləri tətbiq olunan ideallarla üst-üstə düşməyən kitabların aradan qaldırılması və yeni alman nəsillərinə təbliğ edilən irqçilik və antisemitizm lehinə yeni materiallar ortaya qoymaqda məsul idilər. Fərqli vasitələr və təbliğat strategiyaları sayəsində, şagirdləri üstün irq və ya “Aryan” nəzəriyyəsi əsasında tərbiyə etdilər. Digər tərəfdən, yəhudilər də daxil olmaqla, bu sosial qrupun üzvü olmayan hər kəsin ortadan qaldırılmasını təşviq etdilər.

Əlbəttə, dövlət öz təhlükəsizliyini qorumaq üçün təhsil sistemini nəzarət çərçivələri daxilində idarə etməlidir, ümumbəşəri və ilk öncə milli kimliyini itirməyib, yad sistemlərdə sovrulub yox olmağın qarşısını alacaq milli dəyərlərin təşviqi ilə. Çünki dəyərlər cəmiyyətə verilən təlimlərlə bir mədəniyyətin əxlaqını və biliklərini qorumaq üçündür. Bunlar nəsildən-nəslə, müəyyən bir həyat tərzini müşahidə edərək və təhlil edərək müxtəlif yollarla ötürülür.

Onun ardınca bərqərar olan sistem Qərbdən alınmış modeli örnək kimi alsa da, bunda da başarılı ola bilmədik. Hansı ki, yeni metodologiyanın gətirilməsində əsas məqsəd xüsusən hər bir fərdin düşüncə qabiliyyətini dərinləşdirmək və genişləndirmək idi. Yəni əsas istiqamət insanın digərləri arasında fiziki, psixoloji və emosional cəhətdən inkişafı üzərindən getməli idi. Buna nail olmaq nizam-intizam, özünüdərk və vaxt tələb edir. Nəticə müstəqil və sərbəst düşüncəli vətəndaşlar yaratmaq olmalı, ən azından köhnə sistemi tərk buna nail olmaqla əsaslandırılmalı idi.

Təhsilin funksiyalarından biri olan akademik funksiyasının tətbiqi prosesi məktəb dövrü ərzində əldə ediləcək hədəflərin planlaşdırılmasını, tədris materiallarının proqramlaşdırılmasını, qiymətləndirmə vasitələrini, şagirdlərlə birlikdə istifadə ediləcək pedaqoji strategiyaları və əldə rəhbər tutulacaq meyarları, biliklər və dəyərləri əhatə edir.

Adıçəkilən sahənin bir xətti konkret elmi biliklər vermək, digəri təlim-tərbiyə prosesidir. Birinci funksiyanın fənn bilgilərinə dair verilən elmi biliklərlə yanaşı, təhsilin həm də prosesdə iştirak edən uşaq və gənclərə gözəl xüsusiyyətlər aşılamaq kimi funksiyası, vəzifəsi də mövcuddur. Məsələn, ilk pillələrdən uşaqlara gözəl xüsusiyyətlər aşılayan nagıllar, hekayələr öyrədilməsi kimi. Hansı ki, bu nağıllar uşaqlara çalışqanlıq, dürüstlük, yaxşılıq, xeyirxahlıq kimi gözəl xüsusiyyətləri aşılayır. Bu keyfiyyətlərin aşılanması əhəmiyyətlidirmi? Əlbəttə. Çünki cəmiyyətin kiçik “çay daşları” xarakterini daşıyan, sonralar cəmiyyətin aparıcı bloklarına çevriləcək uşaqlarda bu xüsusiyyətlər ayrı-ayrı fərdlərin eyni məqsədə yönəlməsini, müxtəlif baxış-bucaqlarından da olsa eyni istiqamətə baxmasını təmin edir ki, nəticədə ictimaiyyətin birliyini təmin edilə bilsin. Həmçinin, uşaq yaşlarından şüuraltına yeridilən bu xüsusiyyətlər onların yaxşı ilə pis arasında doğru seçim etməsinə, ətraf aləmdə baş verən hadisələrə düzgün reaksiya verməsinə yardım edir.

Həmçinin, digər bir funksiya da sosiallaşmadır. Hansı ki, ilk variant kimi uşaqlar bağçalarda, məktəblərdə sosiallaşma prosesinə daxil olur. Təhsil qurumlarında isə bu sadalananları tətbiq edən və ötürücü rolunu oynayan təlim qabiliyyəti olan savadlı müəllimlər olmalıdır. Müəllimlər və ya müəllimlər müxtəlif sahələrdə təhsil layihələrinin həyata keçirilməsini təşviq etməli, hər bir şagirddən ən yaxşısını almaq üçün təhsil metodlarında yenilik etməlidirlər. Hər bir tələbənin bənzərsiz və təkrarolunmaz bir fərd olduğunu anlamalı və bu səbəbdən təlimləri öz ehtiyaclarına uyğunlaşdırmalıdırlar. Bir sözlə, hər bir təhsil mərkəzi və onun tərkib hissələri öyrənmə üçün əlverişli kontekst formalaşdırmalı və tələbələrinə nəzəri və praktik biliklər aşılamalıdır. Eyni şəkildə, çağdaş cəmiyyətimizdə mövcud olan həqiqi dəyərlər hər bir şagirdə aşılamalıdırlar. Təbii ki, bütün bunlar bizim dəyərlər sisteminə yad deyilsə. Doğrudur, hazırda təhsil sahəsi də qlobal təsirə məruz qalır. Qlobal mütərəqqi dəyərlərin təhsil sisteminə daxil edilməsi təqdirəlayiq olsa da, milli-dövlətçilik dəyərlərinə yad olan ünsürlərin təhsil yolu ilə gənc nəslin dəyərlər sistemində yer almasına, oturuşmasına qarşı “qapıları taybatay açıq tutmaq” yox, öz mental dəyərlərimizin qorunub-saxlanması xətti aparılmalıdır ki, “qlobalizm küləyi”ndə sovrulub, özümüzü itirməyək, yoxa çıxmayaq.

Bəs hazırda bu strateji sferada durum necədir? Təhsil sisteminin dəyişdirilməsi ilə qarşıya qoyulan hədəflər əldə olundumu? Xeyr, tam əksinə, təhsil çökmə vəziyyətdədir. Tətbiq olunan kurrikulum sisteminin hədəfi daha çox yaradıcılıq və yeni öyrənmə metodologiyası kimi sistemə daxil olunsa, müstəqil və sərbəst düşüncəli vətəndaşlar yaratmaq fikrinin tətbiqini nəzərdə tutsa da hədəfə yetişmək alınmadı. Əksinə, sovet dönəmində qazanılmış ənənələr də itirildi. Bəzi hallarda məktəbi idarə edə bilməyən direktorların iş prosesində yaşanan şagird intiharları hadisələrində, bəzən erməni simvollarının dərs kitablarına yol taparaq əks olunması hallarında, bəzən birbaşa peşəsindən kənar “qəssab bacarığını nümayiş etdirən” direktorların simasında, bəzən də imtahan prosesində ortaya çıxan testlərin suallarında… Bəs, müəllimlər necə, öz rollarını yerinə yetirə bilirlərmi? Təbii ki, hər bir qurumda obyektiv təlim qabiliyyəti olan savadlı müəllimlər olmalıdır. Onlar müxtəlif sahələrdə təhsil layihələrinin həyata keçirilməsini təşviq etməli, hər bir şagirddən ən yaxşısını almaq üçün təhsil metodlarında yenilik etməlidirlər. Hər bir tələbənin xüsusi fərd olduğunu anlamalı və təlimləri xüsusi yanaşma ilə onların istedadlarının üzə çıxarılmasına uyğun aparmalıdırlar. Bir sözlə, hər bir təhsil mərkəzi və onun tərkib hissələri öyrənmə üçün əlverişli kontekst formalaşdırmalı, şagirdlərə nəzəri və praktik biliklər aşılamalıdır. Eyni şəkildə, çağdaş cəmiyyətimizdə mövcud olan əsl dəyərləri hər bir gənc şagirdə aşılamalıdırlar. Son vaxtlarda sosial şəbəkələrdə məşhur olan və “qəssablıq qabiliyyətinin nümayiş etdirən” məktəb direktorunun ad gününə qızıl hədiyyələrlə təşrif buyuran müəllimələr keyfiyyətli əmək faəliyyəti göstərə bilərmi? Əlbəttə yox. Məqsəd günahı onların üzərində cəmləmək deyil. Əksinə, söhbət məktəbi təhsil mərkəzindən çox, qızıl dükanında nümayiş olunan zinət əşyaları qazanmaq vasitəsinə çevirən direktorlara hansısa yollarla şərait yaratmaqdan, vəzifəsinin normal yerinə yetirən müəllimləri incitməsinə yol açan sistemi dəyişmək zərurətindən gedir. Məsələn, son neqativ hallardan biri rus bölməsinin 5-ci sinif kitabında Nazim Hikmətin müəllifi olduğu şerdə şərabı tərənnüm edən bəndlərin dərs kitablarına salınması, yaxud Xətai rayonu 245 saylı məktəbdə rus bölməsinin 6-cı sinfinin rüblük imtahanında biologiya fənni üzrə hazırlanmış test sualındakı ədəbsiz ifadə bu sahədə hələ də nəzarətsizlik və sistemsizliyin olduğunu ortaya qoyur. Məsələn, birinci halda “şərabın tərənnümü nəyə xidmət edir, şagirdlərə məhz nəyin aşılanmasına çalışılır” kimi suala cavab tapılsa, daha yaxşı olardı. Əlbəttə, böyüklərin bunu oxumasında bir qəbahət yoxdur, uşaqlara gəldikdə isə, bu, çaxırın təbliği hesab oluna bilərmi? Odur ki, haqlı olaraq bu faktların əks olunudğu yazı valideyin tərəfindən daxil olmuş şikayət əsasında formalaşır və valideynin narahatçılığını əks etdirir. Bu, o cümlədən də viranəsi ortalıqda qalan təhsilimiz üçün nigaran olan hər kəsin narahatçılığıdır.

Test suallarını hazırlayan şəxslərin savad səviyyəsi həm sualların qoyuluş tərzində, həm də baş verən xətalarda dəfələrlə aşkara çıxıb. Hazırda müzakirə olunan sualı hazırlayan müəllim və ya şəxs görünür, 6-cı sinifdə tədris olunan botanika fənni ilə yuxarı sinifdə tədris oluanan anatomiya fənnini fərqləndirə bilmir. Hansı ki, b usual etik olmadığımızdan, onu səsləndirməyə dilimiz də gəlmir…

Amma problemin kökü hansısa kiçik detallarda deyil, təhsil sisteminin özündə və bu sektora rəhbərlik edən şəxslərdir. Təbii ki, vəziyyətin tam mənzərəsini və dəhşətin miqyasını təsəvvür etmək üçün indiki dərs kitabları ilə sovet zamanındakı dərs kitablarının müqayisəsini aparmaq olar. Bununla, savadsızlığın nə qədər dərinləşdiyi aydın olacaqdır.

Gələk daha böyük problem olan rusdilli təhsilin geniş yayılmasına. Əlbəttə, rus bölməsinə aid olan məktəblərin fəaliyyət məqsədi rus kimi düşünən insanlar yetişdirmək yox, rus dilinə mükəmməl yiyələnmiş Azərbaycan vətəndaşları yetişdirmək olmalıdır. Bizdə isə əksinədir, bu məktəblər rusdilli kadrlar yetişdirmir, rus kimi düşünən və böyük əksəriyyəti anti-milli düşüncəli insanlar formalaşdırır.

Lakin nəzərə almalıyıq ki, təhsil, dövlətin uşaq və gənclər sahəsi birbaşa dövlət və milli təhlükəsizliklə birbaşa bağlıdır, strateji sahədir. İndi özünüz düşünün, dövlətin təhlükəsizliyini təhdid altına qoymaq kimə lazımdır? Necə olur ki, strateji önəmə sahib təhsil sistemi bu sahəyə aidiyyatı olmayan diletantların nəzarətinə verilib? Bəlkə problem şəxslərdə deyl, sistemdə və bu sistemi keyfiyyətsiz olmağa məcbur edən, onun qeyri-peşəkar kardlarla doldurulmasına yol açan korrupsiyadadır? Bu sahəyə cavabdeh olanların təhsilin hansı əhəmiyyətə malik olmasına dair anlayışını itirməsindədir? Yaxud bu, qəsdən xalq kütləsinin savadsızlaşdırıb, asan idarə olunan, sorğulamayan, başıboş kütlə hazırlamaq strategiyasıdır?

Əlbəttə, belə düşünmək istəməzdik, amma “görünən dağa nə bələdçi”.

Ülviyyə ŞÜKÜROVA