Təhsil Nazirliyinin “itik sənəd elanı “biznesi”

1995

Yalnız “Azərbaycan müəllimi” qəzetində 20 manatlıq elan verilməlidir

Təhsil Nazirliyi pullanmağın daha bir yolunu tapıb. Bu quruma aid olan hansısa sənədin  (diplom, attestat və s.) itməsi zamanı onun dublikatının verilməsi üçün müvafiq təhsil müəssisəsinin rəhbərinin adına ərizəyə DİN -in Tapıntılar Bürosundan arayış, yalnız Təhsil Nazirliyinin orqanı olan “Azərbaycan müəllimi” qəzetində verilən elan tələb olunur . Bu bürokratik əngəlləri dəf etməyin  bir neçə günlük vaxt apara biləcəyini düşünənlər yanılırlar. Nədən, birincisi, sözügedən tələblərə əməl edilməsi təkcə bir neçə gün  vaxt yox, həm də pul aparır. Özü də nə az, nə çox bir cümləlik itik elanına 20 manat (?) “rüsum” , üstəlik 40 qəpik də bank xidmətləri haqqı tutulur ! İkincisi, həmin bir neçə gün vaxtdan sonra hələ bir ay müddətində Təhsil Nazirliyi sənədin dublikatının verilməsini təmin edir. Yəqin ki, dublikat üçün ödəniləcək rüsum məbləği daha çox olar. Adi bir elana 20 manat 40 qəpik tələb edən dövlət qurumunun sənədin özünə 2-3 dəfə artıq “rüsum” tələb edəcəyi realdır. Onu da vurğulayaq ki, Daxili İşlər Nazirliyinin Tapıntılar Bürosundan arayış alınmasına heç bir ödəniş tələb olunmur . Şəxsiyyət vəsiqəsinin itməsinə görə ödənilən rüsum isə cəmi 10 manatdır. Özü də yalnız “Polis qəzeti”ndə 20 manatlıq elan verilməsi də nəzərdə tutulmur. Ümumvətəndaş pasportunun verilməsi isə bir ay müddətində 40 manatlıq rüsumla başa gəlir.  Görəsən, Təhsil Nazirliyinin “dublikat biznesi”ni “ASAN xidmət”də belə asanlaşdırmaq olmaz?

Fikrimizcə , müvafiq qurumlar Təhsil Nazirliyinin  “itik elan” inhisarçılığına , əsassız bürokratik əngəllərə son qoymaqda çətinlik çəkməzlər .

Məğrur Bədəlsoy